Dövlət proqramının icrası davam etdirilir

Çap

Muxtar respublikada yaşayan sağlamlıq imkanları məhdud uşaqlara dövlət qayğısı göstərilir, onların hərtərəfli inkişafı, cəmiyyətə adabtasiyası və inteqrasiyası üçün lazımi tədbirlər görülür.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyasi üzrə Dövlət Proqramı”nın təsdiq olunması və aid təşkilatlar tərəfindən bu proqramın icrası sağlamlıq imkanları məhdud uşaqların layiqli vətəndaş kimi formalaşması, cəmiyyətə inteqrasiya olunması üçün əlverişli şərait yaradır. Proqramın əsas məqsədi muxtar respublikamızda yaşayan sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması, inklüziv təhsilə keçid imkanlarının artırılması, distant təhsilin inkişaf etdirilməsi, sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasında müasir üsulların tətbiq edilməsi, onların müasir informasiya texnologiyalarından istifadə imkanlarının artırılması, eləcə də təlim-tərbiyəsilə bağlı müvafiq pedaqoji kadrların hazırlanmasıdır. Proqramın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2018-ci ilin ilk 6 ayında sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası və təlim-tərbiyəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirmişdir. Belə ki, muxtar respublika üzrə 18 yaşadək sağlamlıq imkanları məhdud olan 1925 nəfər uşaqdan 305 nəfərinin məktəbəqədəryaşlı olduğu müəyyənləşdirilmiş və onlar haqqında məlumat bazası yaradılmışdır.

Cari ilin 6 ayı ərzində Komitə tərəfindən 430 nəfər sağlamlıq imkanları məhdud uşağın ailələri ilə əlaqə saxlanılmış, məlumat bazasının yaradılması məqsədi ilə söhbətlər aparılmış, uşaqların əlillik göstəricisi və səbəbləri araşdırılmış, uşaqların potensialına uyğun olaraq məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə göndərilmələri tövsiyyə olunmuşdur.

Proqramın icrası ilə əlaqədar uşaq bağçalarına, ümumtəhsil müəssisələrinə, musiqi, idman, şahmat məktəblərinə və digər məktəbdənkənar müəssisələrə sağlamlıq imkanları məhdud uşaqların cəlb olunması diqqət mərkəzində saxlanılır. Belə ki, əlaqə yaradılan sağlamlıq imkanları məhdud uşaqlardan 5 nəfər Naxçıvan Uşaq Bərpa Mərkəzinə, 3 nəfər Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə, 1 nəfər Naxçıvan Şəhər Şahmat Mərkəzinə, 2 nəfər Naxçıvan şəhər Uşaq-Gənclər idman Məktəbinə, 2 nəfər Şərur rayon Uşaq-Gənclər İdman Məktəbinə, 1 nəfər Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, 1 nəfər 4 №-li Uşaq Bağçasına, 1 nəfər 5 №-li Uşaq Bağçasına cəlb olunmuşdur. Bacarıq və maraqları nəzərə alınaraq bu qəbildən olan 8 uşaq  musiqi məktəblərinə və məktəbdənkənar müəssisələrin dərnəklərinə olmaqla ümumilikdə 24 nəfər məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə yönləndirilmişdir.

Müvafiq komissiya tərəfindən tədrisə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlarla bağlı monitorinqlərin aparılması, valideyn, şagird və müəllimlərlə maarifəndirici görüşlərin təşkili davam etdirilməkdədir. Ümumilikdə, cari ilin ötən dövrü ərzində muxtar respublikanın 74 məktəbəqədər, məktəb və məktəbdənkənar təhsil müəssisələrində monitorinq keçrilmiş, xüsusi kateqoriyadan olan uşaqlara qarşı heç bir hüquq pozuntusu qeydə alınmamışdır. Eyni zamanda Ordubad şəhər 3, Culfa şəhər 3 nömrəli, Qıvraq qəsəbə tam orta məktəblərində sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması ilə bağlı sağlamlıq imkanları məhdud uşaqların valideynləri və məktəb psixoloqları ilə görüş keçirilmişdir.

2018-ci 10 mart tarixində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Təhsil nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə xüsusi kateqoriyadan olan uşaqlar üçün 10 mart - Milli Teatr Günü ilə əlaqədar M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Şirzad Abutalıbovun “Göyçək Fatma” tamaşasına baxmağa 128 nəfər sağlamlıq imkanları məhdud, hər iki valideyni vəfat etmiş və valideyn himayəsindən məhrum olan və aztəminatlı ailələrin uşaqları cəlb olunmuşdur.

Ümumilikdə proqram qəbul olunduğu gündən 3015 sağlamlıq imkanları məhdud uşağın ailəsi ilə əlaqə saxlanılmış, uşaqların əlillik göstəricisi və səbəbləri araşdırılmış, uşaqların potensialına uyğun olaraq 246 nəfəri məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə cəlb olunmuşdur.

Proqramın icrası muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına şərait yaradır, təhsilə cəlbinin davamlılığını təmin edir, istedadlarının inkişaf etdirilməsinə stimul verir. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Proqramın icrasını bundan sonra da diqqət mərkəzində saxlayaraq müvafiq tədbirləri davam etdirəcəkdir.