Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı 2018-ci ilin 9 ayı ərzində görülən işlər

Çap

Muxtar respublikada yaşayan bütün uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar hər zaman dövlət qayğısı ilə əhatə olunurlar. Onların hərtərəfli inkişafı, cəmiyyətə adaptasiyası və inteqrasiyası, təhsil hüquqlarının təmin olunması diqqət mərkəzində saxlanılır.

Sağlamlıq imkanları məhdud uşaqların layiqli vətəndaş kimi formalaşması, cəmiyyətə inteqrasiya olunması, təhsilə cəlbinin davamlılığının təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyasi üzrə Dövlət Proqramı” təsdiq olunmuşdur.

Bu proqramın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müvafiq tədbirlər həyata keçirir. Komitə tərəfindən mütəmadi olaraq sağlamlıq imkanları məhdud uşaqların ailələri ilə əlaqə saxlanılır, uşaqların əlillik göstəricisi və səbəbləri araşdırılır, uşaqların potensialına uyğun olaraq məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə getmələri tövsiyyə olunur. Cari ilin ötən dövrü ərzində də Komitə tərəfindən sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyəsi, hüquqlarının müdafiə olunması istiqamətində bir sıra işlər görülmüşdür.

Belə ki, muxtar respublika üzrə 18 yaşadək sağlamlıq imkanları məhdud olan 1937 nəfər uşaqdan 254 nəfərinin məktəbəqədər yaşlı olduğu müəyyənləşdirilmiş və onlar haqqında məlumat yaradılmış bazaya əlavə olunmuşdur.

Cari ilin 9 ayı ərzində Komitə tərəfindən 630 nəfər sağlamlıq imkanları məhdud uşağın ailələri ilə əlaqə saxlanılmış, uşaqların əlillik göstəriciləri və səbəbləri araşdırılmış, uşaqların potensialına uyğun olaraq məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə göndərilmələri tövsiyyə olunmuşdur.

Proqramın icrası ilə əlaqədar uşaq bağçalarına, ümumtəhsil müəssisələrinə, musiqi, idman, şahmat məktəblərinə və digər məktəbdənkənar müəssisələrə sağlamlıq imkanları məhdud uşaqların cəlb olunması diqqət mərkəzində saxlanılır. Belə ki, əlaqə yaradılan sağlamlıq imkanları məhdud uşaqlardan 6 nəfər Naxçıvan Uşaq Bərpa Mərkəzinə, 3 nəfər Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə, 1 nəfər Naxçıvan Şəhər Şahmat Mərkəzinə, 2 nəfər Naxçıvan şəhər Uşaq-Gənclər idman Məktəbinə, 2 nəfər Şərur rayon Uşaq-Gənclər İdman Məktəbinə, 1 nəfər Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, 1 nəfər 4 №-li Uşaq Bağçasına, 1 nəfər 5 №-li Uşaq Bağçasına,    2 nəfər 10 №-li Uşaq Bağçasına, 30 nəfər ümumtəhsil məktəblərinin I siniflərinə, 13 nəfər ümumtəhsil məktəblərinin hazırlıq siniflərinə, 1 nəfər isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbinə cəlb olunmuşdur. Bacarıq və maraqları nəzərə alınaraq bu qəbildən olan 8 uşaq  musiqi məktəblərinə və məktəbdənkənar müəssisələrin dərnəklərinə olmaqla, ümumilikdə 71 nəfər məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə yönləndirilmişdir.

Müvafiq komissiya tərəfindən tədrisə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlarla bağlı monitorinqlərin aparılması, valideyn, şagird və müəllimlərlə maarifəndirici görüşlərin təşkili davam etdirilməkdədir. Ümumilikdə, cari ilin ötən dövrü ərzində muxtar respublikanın 74 məktəbəqədər, məktəb və məktəbdənkənar təhsil müəssisələrində monitorinq keçrilmiş, xüsusi kateqoriyadan olan uşaqlara qarşı heç bir hüquq pozuntusu qeydə alınmamışdır. Eyni zamanda Ordubad şəhər 3, Culfa şəhər 3 nömrəli, Qıvraq qəsəbə tam orta məktəblərində sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması ilə bağlı sağlamlıq imkanları məhdud uşaqların valideynləri və məktəb psixoloqları ilə görüş keçirilmişdir.

2018-ci il 10 mart tarixində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Təhsil nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə xüsusi kateqoriyadan olan uşaqlar üçün 10 mart - Milli Teatr Günü ilə əlaqədar M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Şirzad Abutalıbovun “Göyçək Fatma” tamaşasına baxmağa 128 nəfər sağlamlıq imkanları məhdud, hər iki valideyni vəfat etmiş və valideyn himayəsindən məhrum olan və aztəminatlı ailələrin uşaqları cəlb olunmuşdur. Bundan əlavə, 1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə sağlamlıq imkanları məhdud olan 11 uşağın muxtar respublikanın tarix-memarlıq abidələrinə ekskursiyası təşkil olunmuşdur. Bundan əlavə hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası təşkil olunmuş və aksiya zamanı toplanan 6 l qan Naxçıvan Muxtar Respublika xəstəxanasının Qan Bankına təhvil verilmişdir.

Ümumilikdə proqram qəbul olunduğu gündən 3215 sağlamlıq imkanları məhdud uşağın ailəsi ilə əlaqə saxlanılmış, uşaqların əlillik göstəricisi və səbəbləri araşdırılmış, uşaqların potensialına uyğun olaraq 293 nəfəri məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə cəlb olunmuşdur.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Proqramın icrasını bundan sonra da diqqət mərkəzində saxlayaraq müvafiq tədbirləri davam etdirəcəkdir.