Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlətin diqqət mərkəzindədir

Çap

Naxçıvan Muxtar Respublikasında dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, milli ruhda təlim-tərbiyəsi, dünyagörüşünün formalaşması və sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır, sosial müdafiələrini gücləndirmək məqsədilə aylıq müavinətlər ödənilir. Həmçinin dövlət, özəl ali və orta ixtisas müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 15 sentyabr Bilik Günü ərəfəsində onlara məktəbli formaları və dərs ləvazimatları verilir, həmçinin qış geyimləri ilə təmin olunurlar.

Naxçıvan Muxtar Respublikasında 39 valideyn himayəsindən məhrum olmuş, 29 hər iki valideynini itirmiş uşaq vardır. Sevindirici haldır ki, dövlətimizin göstərdiyi diqqət və qayğının nəticəsində müvafiq kateqoriyadan olan 28 gənc orta ixtisas və ali təhsil müəssisələrində təhsil alırlar. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən cari ilin 11 ayı ərzində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə onların tarix-memarlıq abidələrinə, muzeylərə, istirahət guşələrinə ekskursiyaları təşkil edilmiş, uşaqlara teatr tamaşaları, film nümayiş olunmuş, yay tətili günlərində 11 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahətləri təmin olunmuşdur. 1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə 6 uşağa tələbatlarına uyğun geyim dəstləri təqdim edilmişdir. Bundan əlavə oktyabr ayında 22 nəfər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşağa yun geyimlər hədiyyə olunmuşdur. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara ictimai diqqətin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi internet saytında 18 yaşadək olan, eyni zamanda ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 91 uşağın məlumatı yerləşdirilmişdir.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların hüquqlarının qorunması məqsədilə yaşadıqları evlərdə mütəmadi olaraq monitorinqlər təşkil olunur, onların yaşayış şəraitləri araşdırılır, problemlərinin həlli istiqamətində konkret işlər görülür. Belə ki, cari ildə də müvafiq işlər davam etdirilmiş, 7 nəfər valideyn himayəsindən məhrum olmuş uşağın evində monitorinq keçirilmiş, təhsilləri ilə maraqlanılmış, yaşayış şəraitləri ilə tanış olunmuşdur. Sədərək rayon Sədərək kəndində yaşayan valideyn himayəsindən məhrum olmuş uşağın ailəsində tədbir keçirilmiş, ehtiyacına uyğun olaraq uşağa qış geyimi, ailəyə məişət əşyası və ərzaq payı təqdim olunmuşdur.

Dövlətimizin müvafiq kateqoriyadan olan uşaqlara göstərdiyi diqqət və qayğısının nəticəsidir ki, muxtar respublikada fəaliyyət göstərən Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində valideyn himayəsindən məhrum uşaq yoxdur. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların hər biri yaxın qohumlarının qəyyumluq və himayəsində yaşayır, sağlam böyüyür, milli dəyərlər əsasında tərbiyə olunur, intellektual səviyyələri inkişaf edir və ən əsası da ali və orta ixtisas müəssisələrində təhsil alaraq layiqli vətəndaş kimi yetişirlər.