Qadınların məşğulluğunun təmin edilməsi diqqət mərkəzində saxlanılır

Çap

Bu gün muxtar respublika qadınları dövlət quruculuğunda, ictimai həyatda fəal iştirak edirlər. Gənc qızların müəyyən peşələrə yiyələnməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün muxtar respublikada xalçaçı, keçəçi, dərzi, ağac üzərində oyma və sairə peşə kursları təşkil olunur, onların məşğulluğunun təmin edilməsi üçün emalatxanalar tikilir.

Qadınların məşğulluğunun təmin edilməsi, müvafiq peşəyə yiyələnməsi, fiziki qüsurlu qadınların cəmiyyətə inteqrasiya olunması üçün bir sıra tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında qadınların məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasını həyata keçirir. Dövlət Proqramının icrası ilə əlaqədar 2018-ci il ərzində aztəminatlı və sağlamlıq imkanları məhdud ailənin üzvü olan qadınlarla əlaqə saxlanılaraq müvafiq söhbətlər aparılmış, peşə kurslarına cəlb olunan 39 qadının məlumatları Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 33 qadının məlumatları isə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərilmişdir. Bu da sağlamlıq imkanları məhdud və sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.Həmçinin Komitəyə məşğulluq probleminin aradan qaldırılması ilə bağlı müraciət etmiş 38 qadın işlə təmin olunması üçün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə göndərilmişdir.

Dövlət proqramına uyğun olaraq milli və xalq tətbiqi sənəti növləri üzrə qadınlar arasında özünüməşğulluğun təmin edilməsi məqsədilə sosial qayğıya xüsusi ehtiyacı olan şəxslərin əl işlərinin satışına köməklik göstərilməsi üçün 2018-ci il ərzində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində fəaliyyət göstərən qadınların əl işləri mağazasında və festivallarda 78 qadının 1386.50 manat dəyərində 200 əl işi, məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışda 158 müəllifin 8626 manat dəyərində 681 əl işi olmaqla, ümumilikdə 236 istedadlı şəxsin 11250.50 manat dəyərində 881 əl işi satılaraq dəyərləri iş sahiblərinə ödənilmişdir.

Komitə tərəfindən istedadlı qadınlar aşkarlanaraq bu işə cəlb olunması, istedadlarının inkişaf etdirilməsi və gənc nəslə nümayiş olunması daim diqqət mərkəzində saxlanılır. Dövlət Proqramının icrası istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcəkdir.