Dövlət proqramı icra olunur

Çap

Naxçıvan Muxtar Respublikasında əsası ümummilli lider tərəfindən qoyulan dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Muxtar respublikada yaşayan bütün uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar hər zaman dövlət qayğısı ilə əhatə olunurlar. Onların hərtərəfli inkişafı, cəmiyyətə adabtasiyası və inteqrasiyası, hüquqlarının müdafiə olunması diqqət mərkəzində saxlanılır.

Sağlamlıq imkanları məhdud uşaqların layiqli vətəndaş kimi formalaşması, sosial reabilitasiyası, təhsilə cəlbinin davamlılığının təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyasi üzrə Dövlət Proqramı” təsdiq olunmuşdur.

Sözügedən proqramın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bir çox tədbirlər ilin ötən dövrü ərzində də həyata keçirilmişdir. Belə ki, Komitə tərəfindən mütəmadi olaraq sağlamlıq imkanları məhdud uşaqların ailələri ilə əlaqə saxlanılmış, uşaqların əlillik göstəricisi və səbəbləri araşdırılmış, onların potensialına uyğun olaraq məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə getmələri tövsiyyə olunmuşdur.

Cari ilin 9 ayı ərzində Komitə tərəfindən 515 sağlamlıq imkanları məhdud uşağın ailələri ilə əlaqə saxlanılmış, uşaqların əlillik göstəricləri və səbəbləri araşdırılmış, potensiallarına uyğun olaraq təlim-tərbiyə və müalicə reabilitasiya müəssisələrinə cəlb edilmişdir.

Belə ki, 18 yaşadək sağlamlıq imkanları məhdud olan 1847 nəfər uşaqdan 254 nəfərinin məktəbəqədəryaşlı olduğu müəyyənləşdirilmiş və onlar haqqında məlumat yaradılmış bazaya əlavə olunmuşdur.

Proqramın icrası ilə əlaqədar Komitə tərəfindən sağlamlıq imkanları məhdud uşaqların uşaq bağçalarına, ümumtəhsil müəssisələrinə, musiqi, idman, şahmat məktəblərinə və digər məktəbdənkənar müəssisələrə cəlb olunması daim diqqət mərkəzində saxlanılmışdır. Belə ki, əlaqə saxlanılan 515 müvafiq kateqoriyadan olan uşaqlardan 18-i müalicə reablitasiya müəssisələrinə, 26-sı ümumtəhsil məktəblərinə, 7-si məktəbdənkənar müəssisələrin dərnəklərinə, 5-i musiqi məktəblərinə, 1-i idman məktəbinə, 1-i isə məktəbəqədər müəssisəyə olmaqla, cəmi 58 uşaq məktəbəqədər, məktəb, məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə yönləndirilmişdir.

Eyni zamanda proqramın icrası ilə əlaqədar Heydər Əliyev adına tam orta məktəbdə, Şahbuz şəhər 1 №-li, Babək rayon Nehrəm kənd 1 №-li, Şərur şəhər 2 №-li tam orta məktəblərində təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması ilə bağlı müvafiq uşaqların valideynləri, məktəb direktoru və psixoloqları ilə görüş keçirilmişdir.

Tətil günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzində saxlanılmış və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Komitə tərəfindən aidiyyəti orqanlarla birgə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 4 dəfə teatr tamaşası, Naxçıvan Dövlət Film Fondunda isə 1 dəfə film nümayiş olunmuşdur. Təşkil olunmuş teatr tamaşasına və filmə 432 sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqları cəlb edilmişdir.

Bundan əlavə 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlara dəstək məqsədilə qanvermə aksiyası keçirilmiş və 10 litr qan ehtiyatı toplanmışdır. Toplanmış qan müvafiq uşaqlara köçürülməsi məqsədilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının “Qan Bankı”na təhvil verilmişdir. Komitə tərəfindən muxtar respublikanın şəhər və rayonlarında da bayram tədbirləri təşkil olunmuş və həmin tədbirlərdə 4 nəfər sağlamlıq imkanları məhdud uşağa fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.

Həmçinin Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində də müvafiq kateqoriyadan olan uşaqlar üçün bayram tədbiri keçirilmiş, tarixi-memarlıq abidələrinə ekskursiyaları təşkil olunmuş və hədiyyələr təqdim edilmişdir.

Muxtar respublikanın kütləvi informasiya vasitələrində sağlamlıq imkanları məhdud uşaqların təhsili və sosial reabilitasiya tədbirləri ilə bağlı maarifləndirici məlumatların verilməsi məqsədilə Komitə əməkdaşlarının Naxçıvan Dövlət teleradiosunda 4 televiziya, 3 radio çıxışları olmuşdur.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Proqramın icrasını bundan sonra da diqqət mərkəzində saxlayaraq müvafiq tədbirləri davam etdirəcəkdir.