Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilmişdir

ÇapE-poçt

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müvafiq rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Şərur, Kəngərli, Sədərək rayonlarında yaşayan valideyn himayəsindən məhrum, tək valideynli, sağlamlıq imkanları məhdud və aztəminatlı 19 uşağın ailəsində görüş keçirilmişdir. Uşaqlardan 10-u valideyn himayəsindən məhrum, 2-si tək valideynli, 5-i aztəminatlı, 2-si sağlamlıq imkanı məhduddur.
Uşaqlarla görüş zamanı adıçəkilən təşkilatların nümayəndələri bildirmişlər ki, muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Çıxışlarının sonunda uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik etmiş, onlara təhsillərində, gələcək həyatlarında uğurlar arzulamışlar.

Bildirilir ki, “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar keçirilən görüşlərdə onlara ərzaq payı, ehtiyaclarına uyğun geyim dəsti və tibbi ləvazimat verilmişdir.
Uşaqlar, onların ailə üzvləri, himayədar və qəyyumları dövlətimiz tərəfindən onlara göstərilən qayğını yüksək qiymətləndirmiş, bu diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.
Bildirilir ki, bu tədbirlər muxtar respublikanın digər rayonlarında və Naxçıvan şəhərində də keçiriləcəkdir.
Qeyd edək ki, keçirilən görüşlər mövcud vəziyyətlə əlaqədar sosial izoliasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilmişdir.

 

Joomla 1.5