Pandemiya dövründə Naxçıvan Muxtar Respublikasında yaşayan qadınlara iqtisadi dəstək göstərilir

Çap

Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan və Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı genişmiqyaslı proqram çərçivəsində “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin davamı olan Pandemiya dövründə Naxçıvan Muxtar Respublikasında yaşayan qadınlara iqtisadi dəstək göstərilməsi məqsədilə tədbir keçirilmişdir.

Naxçıvan Biznes Mərkəzində həyata keçirilən tədbir Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan və bir il ərzində davam edən “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin əsas məqsədi Naxçıvan Muxtar Respublikasında qadınların sahibkarlıq fəaliyyəti və mikromaliyyə xidmətlərinə çıxış imkanlarını artırmaqdan ibarət olmuş, öz bizneslərini açmaq və genişləndirmək istəyən qadınların, xüsusən də sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrdən olan qadınların iştirakı ilə muxtar respublikanın şəhər və rayonlarında həyata keçirilmişdir.

Layihə çərçivəsində “Gələcəyini planlaşdır” və “Öz biznesinə başla və İnkişaf etdir” adlı 12 təlim keçirilmişdir.   Təlimlərdə  319   qadın iştirak etmişdir .Layihənin yekununda öz uğurlu biznes planları ilə seçilən, muxtar respublikadan olan 63 qadına (o cümlədən 13 sağlamlıq imkanı məhdud qadına)- 80 faizi ailə təsərrüfatını genişləndirmək və ya qurmaq üçün, 20 faizi isə toxuculuq, dərzilik, bərbərlik və sair  sahələr  ilə məşğul olmaları üçün 43 min 700 manat dəyərində sərmayə kapitalı verilmiş, həmçinin həmin qadınlarla müvafiq müqavilələr bağlanılmışdır.

Komitə sədri həmçinin  bildirmişdir ki, ölkəmizdə, eləcə də  Naxçıvan Muxtar Respublikasında COVİD – 19 pandemiyasına qarşı kompleks qabaqlayıcı tədbirlər həyata keçirilir.

Koronavirus pandemiyasının muxtar respublika iqtisadiyyatına, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı həyata keçirilən tədbirlərlə yanaşı, səhiyyə sahəsində verilən operativ qərarların  nəticəsində  çox  sevindirici  haldır ki,  epidemiyanın təsirlərinin minimuma endirilməsinə muxtar respublikada  nail olunmuşdur.  Görülən  tədbirlərin  bariz nümunəsidir ki,  digər  sahibkarlarla yanaşı Naxçıvan Muxtar Respublikasında yaşayan qadınlara da  iqtisadi dəstək göstərilir. Belə ki, “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin davamı olan pandemiya dövründə Naxçıvan Muxtar Respublikasında yaşayan qadınlara iqtisadi dəstək göstərilməsi məqsədilə ümumilikdə 39 qadına sərmayə kapitalları verilmişdir.

Ramilə Seyidova bildirmişdir ki, layihədə iştirak edən qadınlar ötən il keçirilən  layihədə - yəni təlimlərdə iştirak  etmiş  və  sertifikat  alan, lakin  sərmayə kapitalı  almayan   qadınlardır.  Layihənin ikinci hissəsinin qısa müddət ərzində-  01 may- 15 iyun   2020-ci il tarixlərində icrası nəzərdə tutulmuş və artıq layihə uğurla və  qısa müddət ərzində icra olunub başa çatdırılmışdır.

Bildirmişdir ki, layihə çərçivəsində Naxçıvan şəhəri üzrə 5, Şərur rayonu üzrə 6, Babək rayonu üzrə 4, Ordubad rayonu üzrə 8, Culfa rayonu üzrə 3, Kəngərli rayonu üzrə 4, Şahbuz rayonu üzrə 5 və Sədərək rayonu üzrə isə 4 qadın olmaqla, ümumilikdə 39 qadına 25200  manat dəyərində sərmayə kapitalı verilmişdir. Sərmayə kapitalı verilən qadınlardan 14-ü iribuynuzlu, 3-ü xırdabuynuzlu, 5-i qənnadı və un məmulatları, 2-si konservləşdirmə, 1-i əkinçilik, 1-i quşçuluq, 5-i dərzilik, 3-ü bərbərlik, 2-si xalçaçılıq, 1-i zərgərlik, 1-i rəssamlıq, 1-i isə psixoloji xidmət göstərməklə, fəaliyyət istiqamətlərini məşğul olduqları sahələr üzrə qurub və ya genişləndirəcəklər. Ümumilikdə verilən sərmayə kapitallarının 72 faizi ailə təsərrüfatını genişləndirmək və ya qurmaq üçün, 28 faizi isə dərzilik, bərbərlik, xalçaçılıq, rəssamlıq, zərgərlik, psixoloji xidmət sahəsi ilə məşğul olmaları üçün verilmişdir.

Komitə sədri çıxışının yekununda qadınların sahibkar kimi formalaşmasına və onların   məşğulluqlarının təmin olunmasına,   həmçinin bu layihənin  yüksək səviyyədə, uğurla həyata keçirilməsinə  göstərdiyi diqqət, qayğı və dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirmişdir.

Tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının Layihə Rəhbəri Sevinc Rüstəmova layihə haqqında ətraflı məlumat vermiş, qadınlara sahibkarlıq fəaliyyətlərində uğurlar arzulamışdır.

Həmçinin tədbir çərçivəsində keçirilən sessiyalarda layihə rəhbəri Sevinc Rüstəmova koronavirus haqqında, onun simptomları, yayılma yolları, yoluxma riskindən qorunma tədbirləri haqqında layihə iştirakçılarına slayd vasitəsilə ətraflı məlumat vermiş, onlara koronovirusdan qorunma vasitələri (tibbi maska, tibbi əlcək) paylanılmışdır.

Qeyd edək ki, tədbir mövcud vəziyyətlə əlaqədar olaraq sosial izoliasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilmişdir.

Tədbirdə Şərur rayonundan 6, Sədərək rayonundan 4, Şahbuz rayonundan 5, Kəngərli rayonundan 4, Culfa rayonundan 1 qadın olmaqla, ümumilikdə 20 qadına sərmayə kapitalları ilə əlaqədar imzalanmış müqavilələr təqdim olunmuşdur.

Layihə iştirakçıları göstərilən qayğı və dəstəyə görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər.