Cəlilkənddə içməli su şəbəkəsi qurulub

Çap

“Şərur şəhərinin və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində rayonun Cəlilkəndində də yeni içməli su şəbəkəsi qurulub.

İyulun 24-də kənddə içməli su şəbəkəsinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Məlumat verilmişdir ki, Cəlilkənddə içməli su şəbəkəsinin tikintisinə 2019-cu ilin noyabr ayında başlanılmışdır. Su Şərur şəhərinə gələn ana xətdən götürülərək paylayıcı şəbəkəyə verilir. Layihəyə uyğun olaraq ərazidə diametri 25 millimetrdən 280 millimetrə qədər olan plastik borularla 18,3 kilometr içməli su xətti çəkilmiş, ev birləşmələri aparılmış, 342 evə su verilərək sayğac quraşdırılmış, 2222 sakin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Su şəbəkəsi üzərində 5 yanğın hidrantı, qəza zamanı məhəllə xətlərinin bağlanması üçün müxtəlif diametrli 26 siyirtmə və 2 suboşaldıcı quraşdırılmışdır.

Yerin relyefindən asılı olaraq mənzillərə su 2-5 bar arası təzyiqlə verilir. Layihə çərçivəsində Şərur şəhəri və ətraf 5 kənd - Mahmudkənd, Yengicə, Zeyvə, Düdəngə və Cəlilkənd üzrə ümumilikdə 4906 ev və 170 müəssisə su şəbəkəsinə qoşulmuş, sakinlər Beynəlxalq Səhiyyə Təşkilatının tələblərinə cavab verən təmiz içməli su ilə təmin olunmuşlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Hər bir yaşayış məntəqəsinin su təminatının yaxşılaşdırılması vacib məsələdir. Su hardadırsa, həyat, sağlamlıq və təmizlik də oradadır. Ölkəmizdə qəbul olunmuş dövlət proqramlarının tərkib hissəsi kimi muxtar respubikamızda da əhalinin içməli və təsərrüfat suyu ilə təminatı diqqətdə saxlanılır. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Azərbacan Respublikası regionlarının sosial-iqtisafdi inkişafına dair Dövlət Proqramına uyğun olaraq həyata keçirilən bu işlər böyük əhəmiyyət daşıyır. Çünki dayanıqlı su təminatı əhalinin sosial problemlərinin həll olunması sahəsində görülən vacib işlərdəndir.