Onlayn görüş keçirilmişdir

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Avropa İttifaqının milli monitorinqlər üzrə eksperti ilə onlayn görüş keçirilmişdir. Görüşün keçirilməsində əsas məqsəd Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı daha genişmiqyaslı proqram çərçivəsində “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin qiymətləndirilməsi ilə əlaqədar silsilə monitorinq missiyasının tərkib hissəsindən biri olmuşdur. Görüşdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Tarverdi Məmmədov adı çəkilən  layihənin icrası ilə əlaqədar görülən işlər haqqında ətraflı məlumat verərək bildirmişdir ki, layihənin şərtlərinə uyğun olaraq Komitə partnyor təşkilat kimi öz üzərinə düşən vəzifələri uğurla icra etmişdir. Vurğulanmışdır ki,  layihəyə muxtar respublikanın bütün rayonlarından və Naxçıvan şəhərində yaşayan öz bizneslərini açmaq və ya genişləndirmək istəyən qadınlar,                      aztəminatlı, sağlamlıq imkanları məhdud, tək ailə başçısı olan 319 qadın cəlb olunmuşdur. Layihə çərçivəsində 12 təlim keçirilmiş, yekunda öz biznes planı ilə seçilən 63 qadına 43 min 700 manat məbləğində sərmayə kapitalı verilmişdir. Sərmayə kapitalı alan qadınlar verilən məbləğ dəyərində öz fəaliyyət istiqamətlərinə uyğun bizneslərini qurmuşlar. Hazırda sərmayə kapitalı alan qadınların bir qismi öz bizneslərini inkişaf etdirmiş, digərləri isə inkişaf etdirməyə çalışırlar.

Avropa İttifaqının milli monitorinqlər üzrə eksperti Arzu Cəfərli onlayn görüşdə çıxış edərək, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ölkəmizdə reallaşdırılan layihələr və “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, onlayn görüşün keçirilməsində məqsəd 2019-cu il ərzində icra olunan müvafiq layihənin icra vəziyyəti haqqında monitorinqin aparılması və qiymətləndirilməsi ilə əlaqədardır.

 

Diskussiya şəklində keçirilən onlayn görüşdə layihə ilə əlaqədar Komitə tərəfindən görülən işlərlə bağlı və ötən müddət ərzində  əldə olunan uğurlu nəticələr haqqında ətraflı məlumat verilmişdir.

Görüşün sonunda Avropa İttifaqının milli monitorinqlər üzrə eksperti Arzu Cəfərli görülən işlərlə bağlı məmnunluğunu ifadə etmiş və öz minnətdarlığını bildirmişdir.

Joomla 1.5