Monitorinq keçirilib

Çap

Muxtar respublikada qadınlara, o cümlədən qadın sahibkarlığına göstərilən qayğının nəticəsidir ki, qadınların özünüməşğulluq mövqeyi güclənir, iqtisadi potensiallarının artırılması istiqamətində mühüm işlər həyata keçirilir.

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra edilən “Qadınların Dayanıqlı İnkişafı üçün Səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində muxtar respublikada yaşayan aztəminatlı ailənin üzvü və sağlamlıq imkanları məhdud qadınlara sərmayə kapitalı verilmişdir. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq sərmayə kapitalı alan qadınların yaşadıqları ünvanlarda sərmayə kapitalından düzgün istifadə edilməsi ilə əlaqədar monitorinqlər aparılır. 2021-ci il 17 iyul tarixdə sərmayə kapitalı almış 5 qadının yaşadığı ünvanlarda monitorinq keçirilmiş, təyinatına uyğun olaraq sərmayə kapitalından düzgün istifadə etmələri yoxlanılmış, heç bir neqativ hal və nöqsana rast gəlinməmişdir. Əksinə sərmayə kapitalından duzgün istifadə edərək, təsərrüfatlarını artırdıqları məlum olmuşdur. Belə ki, ayrılan sərmayə kapitalı ilə Şərur rayon Ərəbyengicə kənd sakini Həsənova Kutayis İsa qızı 1baş iribuynuzlu heyvan (inək) alaraq təsərrüfat sahəsini genişləndirmiş, Şərur rayon Xətai kənd sakini Şahsuvarova Narifə Niftulla qızı verilən sərmayə kapitalı ilə təsərrüfat sahəsini genişləndirmiş, xırdabuynuzlu heyvan sayını 11 baş qoyuna, Çərçiboğan kənd sakini Süleymanova Təranə Mahir qızı isə 15 baş qoyuna çatdırmışdır. Şərur rayon Yengicə kənd sakini Darbazova Günay Məmməd qızı dərziliklə məşğul olmaq üçün tikiş maşını almış, Çərçiboğan kənd sakini Novruzova Saimə Ələsgər qızı isə toxuculuq üçün aldığı məhsulları təyinatına uyğun olaraq istifadə edərək əlavə gəlir əldə etmişdir. Monitorinqin sonunda sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.