Uşaqlar üçün təşkil edilən ekskursiyalar davam edir

Çap

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə uşaqlar üçün növbəti ekskursiya təşkil edilib. Məqsəd tətil günlərində uşaqların asudə vaxtlarının səmərəli keçirilməsidir. Ekskursiyada şəhid övladları, valideyn himayəsindən məhrum uşaqlar və xüsusi qayğıya ehtiyacı olan  ailələrin uşaqlarından olmaqla 24 nəfər iştirak edib.

Uşaqlar ilk olaraq Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzey ilə tanışlıq zamanı məlumat verilib ki, bu muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 18 fevral 1999-cu il tarixli Sərəncamı ilə yaradılmışdır. Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid şəxsi sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanmışdır.

Heydər Əliyev Muzeyi ilə tanışlıqdan sonra ekskursiya çərçivəsində uşaqların növbəti ünvanı “Badamlı” Mineral Sular Zavodu olub. Ekskursiya zamanı uşaqlara zavodun fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Badamlı” mineral suyunun ikinci dəfə sənaye üsulu ilə istehsalına 2009-cu ildə Naxçıvan şəhərində başlanılıb. Xarici bazarda bu süfrə suyuna tələbatın artması ilə əlaqədar olaraq Şahbuz rayonunun Badamlı qəsəbəsində, suyun mənbəyində əvvəlkindən daha böyük zavod inşa olunaraq ötən ilin may ayında istifadəyə verilib. İllik istehsal gücü 150 milyon ədəd şərti butulka olan zavodda 20 çeşiddə qazlı və qazsız mineral su istehsal edilir. Əvvəlki zavodda bulağın suyunun 40 faizindən istifadə olunurdusa, yeni zavod bu rəqəmi 100 faizə çatdırmağa imkan yaradıb. Uşaqlara bildirilib ki, “Badamlı” Mineral Sular Zavodunun Naxçıvan və Bakı şəhərlərində satış bazaları yaradılıb və ölkəmizin hər yerində satışı həyata keçirilir. “Badamlı” brendi ilə mineral suların xarici ölkələrə ixracı həyata keçirilir. Ötən il 3 ölkəyə 500 tondan artıq məhsul ixrac olunub.

“Badamlı” mineral sularının istehsal prosesi uşaqlarda böyük marağa səbəb olmuşdur. Zavod rəhbərliyi tərəfindən onlara hədiyyələr təqdim edilmişdir.

Bugünkü ekskursiya uşaqlarda xoş təəssüratlar yaratmışdır.

Sonda uşaqlara Naxçıvan Dövlət Film Fondunda vətənpərvərlik mövzusunda “Ağ atlı oğlan” filmi nümayiş etdirilmişdir.

Qeyd edək ki, bu kateqoriyadan olan uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün bu səpkidə tədbirlər davam etdiriləcəkdir.