Toxuculuq təlimi keçirilib

Çap

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən 2021-ci il avqust ayının 28-da qədim toxuculuq sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırlmasına kömək etmək məqsədilə rayonda yaşayan müvafiq kateqoriyadan olan qadınlar arasında toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı növbəti təlim keçirilmişdir.

Təlimdə 13 sağlamlıq imkanları məhdud, 8 xüsusi qayğıya ehtiyacı olan qadın və Kəngərli Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 4 dərnək rəhbəri olmaqla cəmi 25 nəfər iştirak edib.

Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Səbinə Həsənova tədbiri giriş sözü ilə açaraq tədbirin mahiyyətindən bəhs etmiş, bundan sonra da bu işlərin davamlı olacağını diqqətə çatdırmışdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının baş məsləhətçisi Könül Babayeva çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar hal-hazırda müvafiq işlər həyata keçirilir. Həmçinin qadınlar arasında, xüsusən də evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də işlər və sosial layihələr həyata keçirilir. Bu ilin ötən dövrü ərzində toxuculuq ilə bağlı muxtar respublikanın bütün rayonlarında təlimlər keçirilmişdir. Bu gün həyata keçirilən toxuculuq təliminin də görülən işlərin davamı olduğunu qeyd edilmişdir.
Sonda təlimçi istedadlı toxucu qadın Gülüsüm Kəngərli təlimə əyani vəsaitlərdən istifadə etməklə başlamışdır. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.