Muxtar respublikada ailə, qadın və uşaq hüquqları qorunur

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması avqust ayında da diqqətdə saxlanılmış, bir sıra görüş, seminar, tədbir, monitorinq keçirilmiş və ekskursiyalar təşkil edilmişdir.

Özünüməşğulluğunu təmin etmiş sosial qayğıya ehtiyacı olan şəxslərin və qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən mağazalarda qadınların əl işləri satılaraq dəyəri iş sahiblərinə təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə bildirilmişdir ki, layihə çərçivəsində muxtar respublika üzrə 28 sağlamlıq imkanları məhdud və sosial qayğıya ehtiyacı olan qadın təlimlərdə iştirak etmişdir. Təlimin sonunda iştirakçılar tərəfindən biznes planlar hazırlanmış, ən uğurlu biznes plan hazırlayıb təqdim edən qadınlara potensiallarına uyğun sahələr üzrə sərmayə kapitalları verilmişdir. Müvafiq layihə 2021-ci ilin aprel-avqust ayları ərzində həyata keçirilmişdir. Layihənin sonunda 20 nəfərə maksimum 500 Amerika Birləşmiş Ştatları dolları sərmayə kapitalı verilməsi nəzərdə tutulmuşdur. Lakin qadınların sahibkarlığa maraqları nəzərə alınaraq 26 nəfərə sərmayə kapitalı verilmişdir. Ümumilikdə, layihə çərçivəsində verilən sərmayə kapitallarının dəyəri 17 min manat təşkil etmişdir. Sərmayə kapitalı almış qadınlar üçün öncə VÖEN-lər açılmış və alacaqları vəsaitlər bank hesablarına köçürülmüşdür. Layihədə iştirak edən qadınlarla Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən  müqavilələr bağlanmışdır. Qadınlara həmin sərmayə kapitallarının 70 faizi ailə təsərrüfatını genişləndirmək və ya qurmaq, 30 faizi isə dərzilik, xalçaçılıq, dekorativ tətbiqi sənət, silahsazlıq, toxuculuq sahələri ilə məşğul olmaları üçün verilmişdir. Tədbirin sonunda Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə qadınlar arasında bağlanmış müqavilələr təqdim edilmiş, həmçinin qadınlara verilmiş sərmayə kapitalının dəyərində alınmış aktivlərin bəziləri nümayiş olunmuşdur.

 

Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberqer  muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsinin iştirakçısı olmuş qadınlarla görüşmüş, layihənin icrası barədə ətraflı məlumat verilmişdir. Görüşdə sərmayə kapitalı alan 12 qadın iştirak etmişdir. Layihə çərçivəsində keçirilən tədbirlərdən, sərmayə kapitalı əldə etmiş qadınların qurduqları təsərrüfat sahələrinin fotolarından, qadınların aldıqları sərmayə kapitalı dəyərində əldə etdikləri aktivlərin bəzilərindən, qadınların əl işləri və digər məhsullardan ibarət sərgi təşkil olunmuşdur. Tədbirdən sonra sərmayə kapitalı alan 2 qadının iş yeri və təsərüfat sahəsində monitorinq keçirilmiş və nöqsan aşkarlanmamışdır.

 

Naxçıvan Muxtar Respublikasında tək və ailə başçısı olan qadınların peşəyönümlü fəaliyyətə yönləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Şəhər və rayon icra hakimiyyətlərindən aid kateqoriyadan olan qadınlar haqqında məlumatlar alınmış, komitədə yaradılmış bazaya əlavə edilmiş, təhlili aparılmış və bununla bağlı müvafiq tədbirlər görülür. Əlavə olaraq sərmayə kapitalı verilmiş qadınlarla bağlı kataloqun hazırlanması üçün lazımi tədbirlər görülür.

Kəngərli rayonunda yaşayan sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü olan qadınlar üçün toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı təlim keçirilmiş, istedadlı toxucu qadın Gülsüm Kəngərli əyani vasitələrdən istifadə etməklə iştirakçılara toxuculuq peşəsinin sirlərini öyrətmişdir. Təlimdə 25 qadın iştirak etmişdir.

Muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə dair yaradılmış elektron məlumat bankına 148 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir.

Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdə sanitar-gigiyenik vəziyyətlə bağlı müvafiq müəssisələrin rəhbər şəxslərinin iştirakı ilə maarifləndirici seminar keçirilmişdir.

Sağlamlıq imkanları məhdud uşaqların ümumtəhsil məktəblərinə, məktəbəqədər və məktəbdənkənar müəsissələrə cəlbi ilə bağlı uşaqların evlərində monitorinq keçirilmişdir. Monitorinq çərçivəsində 7-si Naxçıvan şəhəri, 13-ü Babək rayonu, 14-ü Şərur rayonu, 5-i Kəngərli rayonu, 6-sı Sədərək rayonundan olmaqla, 45 uşaqdan 29-u təhsilə cəlb olunmuş, 15-nin sağlamlığının təhsil almasına imkan vermədiyi, 1-nin isə ailəsi ilə birlikdə hazırda muxtar respublikada yaşamadığı məlum olmuşdur.

Yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir sıra tədbirlər görülmüş, avqust ayında müvafiq kateqoriyadan olan uşaqlar Heydər Əliyev Muzeyi ilə tanış olmuş, “Saat Meydanı” Turistik İstirahət Mərkəzində gəzinti təşkil edilmiş, cizgi filminə baxış olmuş, onlar üçün əyləncəli oyunlar keçirilmiş, “Badamlı” Mineral Sular Zavoduna ekskursiya zamanı uşaqlar zavodun istehsal prosesini yaxından izləmiş, onlara hədiyyələr təqdim olunmuş, Naxçıvan Dövlət Film Fondunda vətənpərvərlik mövzusunda “Ağ atlı oğlan” filmi nümayiş etdirilmiş, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Nağı İsmayılzadənin “Ağca və Bozca” tamaşası göstərilmişdir. Keçirilən eksursiyalarda müvafiq kateqoriyadan olan 91 uşaq iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək məqsədilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 1 uşağın evində monitorinq keçirilmişdir. “Muzey günləri” çərçivəsində Komitənin əməkdaşları Yusif Küseyr oğlu məqbərəsində olmuşlar.

Joomla 1.5