Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib

Çap

Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkşaf” İctimai Birliyi və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində 2021-ci il noyabr ayının 18-də keçirilmişdir. Məqsəd uşaqların müdafiəsini, mövcud problemlər və onların həlli yollarını nəzərdən keçirmək, geniş ictimaiyyətin diqqətini uşaq problemlərinə yönəltməkdir.

Sayca beşinci dəfə təşkil edilən bu tədbirdə pandemiya ilə əlaqədar ölkədə tətbiq edilən karantin rejimi qaydaları nəzərə alınmaqla hibrit iştirakçılıq formasında, yəniiştirakçılardan 150-si birbaşa, 150-si isə onlayn qoşulmaqla, ümumilikdə ölkəmizin şəhər və rayonlarını təmsil edən 300 uşaq iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikasını Forumda 10 uşaq təmsil edir ki, onlardan da 2-si birbaşa. 8-i onlayn formatda tədbirə qoşulmuşdur. Forumda xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş, xüsusilə şəhid və qazi ailələrindən olan uşaqların təmsilçiliyinə daha çox önəm verilmişdir.

İki hissədən ibarət Forumda birinci rəsmi hissənin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, davamında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hümanitar siyasət məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin V Ümumrespublika Uşaq Forumunun iştirakçılarına təbrik məktubu oxunub.

Daha sonra Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, “Regional İnkşaf” İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva və UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbərinin müavini Min Yuan çıxış edərək forumun əhəmiyyətindən danışıb, bu tədbirin uşaq hüquqlarının müdafiəsi sahəsində, uşaqlara daha da keyfiyyətli yaşam imkanlarının təmin edilməsi istiqamətində geniş imkanlar yaradacağına əminliklərini bildiriblər. Çıxış edənlər Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun başlanması münasibəti ilə uşaqları və bütün iştirakçıları təbrik ediblər.

Forumda uşaq hüquqlarına dair filmlər nümayiş olunmuş, müxtəlif mövzular ətrafında müzakirələr aparılmış və yekunda uşaqların fikir və təkliflərini əhatə edən sənədlər qəbul olunmuşdur. Türkiyə Cümhuriyyəti ilə tele-körpü yaratmaqla uşaqlar ürək sözlərini, təbriklərini bildiriblər.

Daha sonra 7 qrupdan ibarət “Uşaq hüquqları: inkşaf üçün birləşək”, “Təhsildə yeni standartlar: çağrışlar və bərabər imkanlar”, “Uşaqların internet təhlükəsizliyi”, “Sağlamlığın qorunması, sağlam həyat tərzi. Ərtaf mühirin mühafizəsi”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi”, “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti”, “Vətəni sevək, ona layiq olaq” mövzularda müzakirələr təşkil edilib. İkinci hissədə qrup işləri üzrə təqdimatlar nümayiş olunub, qəbul edilmiş sənədlər, Forum iştirakçılarının cənab Prezidentə müraciəti, beynəlxalq təşkilatlara ünvanlanmış Bəyanat, Forumun Bəyannaməsi və Əlaqələndirmə Şurasının tərkibi səsləndirilib. Qeyd edək ki, Azərbaycan Uşaqlarının I Ümumrespublika Forumu 2009-cu ildə, II Forumu 2011-ci ildə, III Forumu 2014-cü ildə, IV Forumu 2017-ci ildə keçirilib.

Məlumat üçün bildiririk ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova da tədbirdə iştirak etmişdir.

Qeyd edək ki, tədbir noyabr ayının 18-i müəyyən fasilələrlə saat 11:00-dan,19:00-dək davam etmişdir.