Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində bayram tədbiri keçirilmişdir

Çap

“31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibətin ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Səhiyyə Mədəniyyət nazirliklərinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilmişdir.

Tədbirdə Mərkəzin uşaqları ilə bərabər Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbində təhsil alan uşaqlar da iştirak etmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüqar Babayev muxtar respublikada uşaqlara göstərilən dövlət qayğısından ətraflı bəhs etmişlər. Bildirmişlər ki, muxtar respublikada bütün uşaqların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının qorunması, təhsil almaları, asudə vaxtlarının səmərəli təşkil edilməsi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə mühüm təbirlər həyata keçirilir, dövlət proqramları qəbul olunur. O da qeyd edilmişdir ki, uşaqların sağlamlıqlarının qorunması ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsi olaraq uşaq tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, müasir avadanlıqlarla təchiz edilməsi əhali arasında geniş maarifləndirmə işinin aparılması nəticəsində ildən ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların sayı azalır. Həmçinin ailələrimizin davamı, dövlətimizin gələcəyi olan uşaqlarla bağlı gerçəkləşdirilən uğurlu siyasətin nəticəsidir ki, muxtar respublikada dövlət uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilmiş, məktəbdən yayınan, hüquq pozan cinayət məsuliyyətinə cəlb olunmuş uşaq yoxdur.

Çıxış edənlər əlamətdar günlərdə uşaqlarla görüşlərin keçirilməsinin, mütamadi olaraq onların qayğılarıyla maraqlanılmasının əhəmiyyətinə toxunmuş, qarşıdan gələn bayramlar münasibəti ilə uşaqları təbrik etmiş, mərkəzin məktəbin kollektivinə uğurlar arzulamışlar.

Sonra Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin direktoru Rəsmiyyə Xasıyeva uşaqlara göstərilən qayğıya görə Mərkəzin kollektivi və valideynlər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirmişdir.

Daha sonra təşkilatçılar tərəfindən uşaqlara hədiyyələr verilmişdir.

Tədbirin bədii hissəsində uşaqlara M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklər nümayiş etdirilmişdir. Şaxta baba və Qar qızın gəlişi, onların gətirdiyi hədiyyələri uşaqlar sevinclə qarşılamışdır.