“İslam dini və ailə dəyərləri” mövzusunda konfrans keçirilmişdir

Çap

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və “Naxçıvan” Universiteti təşkilatçılığı ilə “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri çərçivəsində və Naxçıvan Muxtar Respublikasının multikulturalizm və Dini Məsələlər üzrə Komissiyanın 2018-ci il üçün İş Planının icrası ilə əlaqədar keçirilən konfransda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “İslam dini və ailə dəyərləri: dövlət siyasətinin tərkibi kontekstində” mövzusunda çıxış edərək bildirmişdir ki, müstəqil Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasətinin təşkil etməsi  Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Ailə dəyərlərinə və cəmiyyətin dini-mənəvi ehtiyaclarına son dərəcə qayğı ilə yanaşmış ümummilli lider ölkəmizə rəhbərliyinin bütün dövrlərində ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmiş, möhkəm qanunvericilik bazası yaradılmışdır. Görülən işlərin nəticəsində ölkəmizdə, ailə modelimiz qorunub saxlanılmışdır.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda  ailə siyasəti uğurla həyata keçirilir. Belə ki, sağlam ailələrin formalaşması üçün hüquqi baza daima yenilənir.

Muxtar respublikada  da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən ailə siyasəti uğurla həyata keçirilir. Belə ki, ailə institutunun cəmiyyətdəki mövqeyinin daha da möhkəmləndirilməsi, ailələrin rifah halının yaxşılaşdırılması, möhkəm təməlli ailə ənənələrimizin qorunub saxlanılması və ailə dəyərlərinin  qorunması ilə bağlı konkret işlər görülür. Ailələrlə bağlı görülən işlərin təməlində ailə dəyərlərimizə bağlılıq durur.

Ramilə Seyidova bildirmişdir ki, İslam dinində də ailə dəyərlərinə xüsusi önəm verilir, ailəyə, uşağa, qadına, böyüyə hörmət,  kiçiyə nəvaziş, təhsil və tərbiyənin insan həyatında əhəmiyyəti, adət ənənəyə  münasibət xüsusi qeyd olunur.

AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev “İslam dinində qadının statusu və uşaqların tərbiyəsində rolu” mövzusunda çıxış edərək qeyd etmişdir ki, bütün şəxsi, mənəvi, əxlaqi keyfiyyətlər öncə ailədə formalaşır. Ailənin şəxsiyyətin inkişafında, böyüyən insanın taleyində əhəmiyyəti çox böyükdür. Ailədə kişinin və qadının özünəməxsus rollarını və funksiyasını qeyd edən akademik eyni zamanda gələcək nəslin tərbiyəsinin və hansı dini imanı daşımasının daha çox qadından asılı olduğunu bildirmişdir. İslam dinində qadının statusunu və uşaqların tərbiyəsində rolunu ətraflı izah edərək bildirmişdir ki, təhsil və iş müsəlman qadınlar üçün mümkündür və buna qadağa yoxdur. Ancaq bu tip məsələlər hər bir ailədə fərdi şəkildə həll olunur. Müsəlman qanunları qadının namusunu və ləyaqətini müdafiə edir və ona hörmətlə yanaşmanın tərəfdarıdır.

“İslam dinində ailə dəyərləri: ailəyə baxış və ailənin təşəkkül tapması” mövzusunda isə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev çıxış edərək qeyd etmişdir ki, İslam dinində ailə institutuna böyük əhəmiyyət verilir. Nikahla yeni bir insan birliyinin ailənin əsası qoyulur. İslamda evlilik kişi ilə qadının başqalarının təyziqi olmadan öz iradələri ilə reallaşdırdıqları əqd sayılır. Ata-ana təcrübələrinə əsaslanaraq övladlarına bütün ömürləri boyu birgə yaşayacaqları həyat yoldaşını seçməkdə öz nəsihətlərini verə bilərlər. Qarşılıqlı razılıq əsasında qurulan ailə daha möhkəm olur.

Daha sonra isə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “İslam dinində valideynə hörmət məsələsi”, AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və  Ədəbiyyat İnstitutunda folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovun “İslam düşüncəsinə görə Azərbaycan atalar sözlərində ailə və onun günümüzdəki ailədə təzahürləri”, “Naxçıvan” Universitetinin dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Səbuhi İbrahimovun “Naxçıvanın görkəmli islam alimləri”, “Naxçıvan” Universitetinin müəllimi Bəhruz Gülmalıyevin “İslam dinində ailə məsələsi: gənclərin üzərinə düşən vəzifələr” mövzularında çıxışları dinlənilmişdir.

Qeyd edək ki, konfransda Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura, şəhər və rayon dini icma sədrləri, ali təhsil müəssisələrinin müəllimləri və “Naxçıvan” Universitetinin tələbələri iştirak ediblər.