Muxtar respublikada uşaq hüquqları yüksək səviyyədə qorunur

Çap

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli 57-IV FR nömrəli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti” Qaydasının təsdiq edilməsi bu istiqamətdə aparılan işlərə həssalıqla yanaşıldığının bariz ifadəsidir. Həmin Qaydaya uyğun olaraq uşaq hüquqlarına dövlət nəzarəti sahəsində dövlət orqanlarının üzərinə müəyyən vəzifələr qoyulmuşdur. Onu da qeyd edək ki, dövlət nəzarətinin məqsədi uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınmasıdır.

Dövlət nəzarəti qaydasına uyğun olaraq 2018-ci ilin əvvəlində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın qərarı ilə dövri monitorinq keçiriləcək uşaq müəssisələrinin siyahısı və ekspert qrupunun tərkibi təsdiq olunmuş, 10-u məktəb, 7-si məktəbəqədər, 3-ü isə xüsusi tipli uşaq müəssisəsi olmaqla, 20 uşaq müəssisəsində dövri monitorinq keçirilməsi nəzərdə tutulmuşdur. Ötən dövr ərzində 6-sı məktəb, 2-si məktəbəqədər müəssisə, 2-si xüsusi tipli uşaq müəssisəsi olmaqla, 10 uşaq müəssisəsində dövri monitorinq keçirilmişdir.

Monitorinq keçirilən zaman müəssisələrdə uşaqların davamiyyəti, dərslərin vahid proqram əsasında dərs cədvəllərinə uyğun keçirilməsi, dərslərdən yayınan və təlim-tərbiyəyə ehtiyacı olan uşaqların aşkar olunması, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları ilə aparılan iş, məktəb rəhbərliyinin və psixoloqun həmin uşaqlarla apardığı söhbət, xüsusi istedada malik uşaqların aşkarlanması, uşaqların fərdi gigiyena qaydalarına riayət etməsi, tibbi müayinədən keçməsi vəziyyəti, elektron lövhə və komputerlərin istismarı, kitabxana  təmizliyi və kitablarla təminat, bufetçinin və pedaqoji heyətin dövri tibbi və laborator müayinələrə cəlb olunması, tibb bacısının və tibb otağının fəaliyyəti, müxtəlif təyinatlı laboratoriyalar, ərzaq məhsullarının sanitar və standartlaşdırma qaydalarına uyğun saxlanılması və bu kimi digər sahələr yoxlanılmışdır. Keçirilən monitorinqlərdə müəllim, dayə, tərbiyəçi, eyni zamanda valideyn və ya onları əvəz edən digər qanuni nümayəndələrin uşaqlarla kobud rəftarı halları aşkarlanmayıb, uşaq hüquqlarının pozulması ilə əlaqədar heç bir müraciət və şikayət olmayıb.

Bununla belə 5 ümumtəhsil, 1 məktəbəqədər təhsil müəssisəsində dərslərə davamiyyət, sanitar-gigiyenik vəziyyət, pedaqoji və yardımçı heyətin dövri tibbi və laborator müayinələrdən keçirilməsi, infrastrukturun saxlanılmasında nöqsan və çatışmazlıqlar üzə çıxarılıb. Həmin nöqsan və çatışmazlıqlar komissiyanın ekspert qrupunun üzvləri tərəfindən aktla rəsmiləşdirilib, surəti Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə,  müvafiq rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib və Komissiya tərəfindən nəzarətə götürülüb. Aidiyyəti orqanlar tərəfindən komissiyaya göndərilmiş məlumata əsasən 3 məktəbdə nöqsan və çatışmazlıqlar aradan qaldırılmış, digər 2 məktəb və 1 məktəbəqədər müəssisədə bu istiqamətdə müvafiq işlər aparılmaqdadır.

Muxtar respublikanın müvafiq dövlət orqanları fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb ola biləcək halların aradan qaldırılması və qarşısının alınması istiqamətində işləri bundan sonrada davam etdirəcəklər.