“Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda III muxtar respublika yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Çap

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “İnformasiya cəmiyyətində ailə, qadın və uşaq məsələləri: reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, Naxçıvan Muxtar Respublikası Dövlət Tele­viziya və Radio Verilişləri Komitəsi sədrinin müavini Xaliq Babayev, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, AMEA Naxçıvan Bölməsinin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Asəf Orucov çıxış edərək muxtar respublikada ailə dəyərlərinə göstərilən diqqət və qayğıdan söhbət açıblar.

Qeyd olunub ki, ulu öndər ­Heydər Əliyevin əsasını qoyduğu ailə, qadın və uşaq siyasəti bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Muxtar respublikada ailə dəyərlərimizin qorunması və yaşadılmasına, qadınların ictimai fəallığının artırılmasına, uşaqların təlim-tərbiyəsinin təşkilinə qayğı göstərilir, ailə institutunun cəmiyyətdəki mövqeyinin daha da möhkəmləndirilməsi, ailələrin rifah halının yaxşılaşdırılması, möhkəm təməlli ailə ənənələrimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi diqqətdə saxlanılır.

 

Vurğulanıb ki, ailə dəyərləri, qadın hüquqları və sağlamlıqlarının qorunması, uşaqların sağlam formalaşması üçün müvafiq mövzularda konfrans və seminarlar, müsabiqələr təşkil edilir, kütləvi informasiya vasitələrində maarifləndirici çıxışlar edilir.

Gənc ailələrdə ailə dəyərlərinin qorunub saxlanılmasını təbliğ etmək, ailə dəyərlərimizi film və fotolara köçürməklə yaşatmaq, film və fotolar vasitəsilə ailə dəyərlərimizə bağlı olan ailələrin adət-ənənələrini ictimaiyyətə, yeniyetmə və gənclərə təqdim etmək, ailə səadətinin açarı kimi ailə dəyərlərini işıqlandırmaq, yeniyetmə və gənclərdə yaradıcılıq qabiliyyətini aşkara çıxarmaq və bədii zövqünü inkişaf etdirmək məqsədilə təşkil olunmuş “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda III muxtar respublika yaradıcılıq müsabiqəsi də məhz Azərbaycan ailəsinin ailə dəyərlərini təbliğ etmək üçün keçirilmişdir.

Tədbirdə müsabiqənin qalibləri elan olunmuş, ümumilikdə ən yaxşı film və ən yaxşı foto nominasiyası üzrə 2 nəfər I yerə, 2 nəfər II yerə, 2 nəfər III yerə, 8 nəfər isə həvəsləndirici yerlərə layiq görülmüşdür. Qaliblərə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom, hədiyyə və pul mükafatları verilmişdir.

Tədbirin sonunda müsabiqəyə təqdim edilmiş fotolardan ibarət hazırlanmış videoçarxa baxış olmuş, “Ən yaxşı film” nominasiyası üzrə I yerə layiq görülmüş film nümayiş etdirilmişdir. 
Məlumat üçün bildirək ki, müsabiqəyə həvəskar və peşəkarlar olmaqla, 48 nəfər 101 ədəd film və foto təqdim etmişdir.