Muzeylər ziyarət olunur

Çap

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncama əsasən muxtar respublikanın bütün idarə, müəssisə və təşkilatlarının kollektivlərinin  muzeylərə gedişi təmin olunur. Avqustun 25-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən Xatirə Muzeyində olublar.

Muzeyin bələdçisi muzeyin eksponatları haqqında kollektivə ətraflı məlumat verib. Bildirib ki, 1997-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamı ilə Şəhidlər Muzeyi yaradılıb. Muzey 500 eksponatla fəaliyyətə başlayıb. 8 avqust 2000-ci il tarixdə muzeyin adı dəyişilərək Xatirə Muzeyi adlandırılıb.

Xatirə Muzeyi azərbaycanlılara qarşı 1905-1907-ci, 1918-1920-ci illərdə baş verən kütləvi soyqırımı aktlarını, həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyasını, 1990-cı il 20 Yanvar, 1992-ci il Xocalı faciələrini özündə əks etdirən eksponatlarla zəngindir. Muzeydə ermənilərin Bakıda, Şamaxıda, Qarabağda, Naxçıvanda və digər bölgələrimizdə törətdikləri vəhşilikləri əks etdirən sənədlər, şəkillər, hadisələri tarixi faktlarla oxuculara çatdıran qiymətli kitablar vardır.

Hazırda muzeydə həmin hadisələri əks etdirən çoxsaylı  eksponat sərgilənir. Muzeyin ekspozisiyası xronoloji ardıcıllıqla qurulub. Birinci və İkinci Dünya müharibələrində Azərbaycanda baş verən hadisələr haqqında məlumat və materiallar xalqımızın cəsarətini və dözümlülüyü eksponatlarda əks etdilir. İkinci Dünya müharibəsi illərində azərbaycanlıların həm ön cəbhədə, həm də arxa cəbhədə hünər və dözümü bütün dünyaya məlumdur. Bu müharibədə 700 mindən artıq azərbaycanlı döyüşüb. 300 min azərbaycanlı həlak olub, 2000 döyüşçü medal və ordenlərlə təltif edilib. 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Üç Sovet İttifaqı Qəhrəmanı Naxçıvan torpağının yetirməsidir.

 

Həmçinin bildirib ki, Azərbaycanda baş verən qırğınlara və törədilən etnik qarşıdurmalara ilk hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. 1918-ci il 31 mart, 1990-cı il 20 yanvar, 1992-ci il 26 fevral faciələri ilə bağlı dahi rəhbərin imzaladığı sərəncamların surəti muzeydə özünə yer alıb. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda, qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir. Muzeydə eksponatların xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilməsi bura gələnlərin qəhrəmanlıq tariximiz haqqında ətraflı məlumat almasına imkan verir.

Muzeyin guşələrində xalqımızın zəfər dastanının, Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin tarixini əks etdirən nümunələr də var. Bu doğma torpağın parçalanmasının şahidi olan Türkmənçay, Gülüstan müqavilələrinin surətləri muzeydə yer almaqdadır. Doğma elimiz Naxçıvanın taleyini həll edən 1921-ci il 16 mart tarixli Moskva, 1921-ci il 13 oktyabr tarixli Qars müqavilələrinin də surətləri muzeyin ekspozisiyasındadır.

Eyni zamanda ölkə Prezidenti İlham Əliyevin tarixi həqiqətlərin bütün dünyaya çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlər də nümayiş etdirilən eksponatlar sırasındadır.