Uşaqlara məktəbli ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilmişdir

Çap

Muxtar respublikamızda yaşayan uşaqlar, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrdən olan uşaqlar daim diqqət mərkəzində saxlanılır, onların sosial vəziyyətlərinin yaxşılaşması üçün tədbirlər görülür. Belə ki, uşaqların sağlam böyümələri, biliklərə yiyələnmələri, milli və mənəvi dəyərlərə sadiq vətəndaş kimi yetişmələri istiqamətində həyata keçirilən tədbirlər bu qəbildən olan uşaqlara göstərilən dövlət qayğısının bariz ifadəsidir.

Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq bir sıra tədbirlər həyata keçirilir. Həmin tədbirlərin davamı olaraq 15 – sentyabr Bilik Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə yuxarıda adıçəkilən kateqoriyadan olan məktəblilərə geyim forması, məktəbli çantası və dərs ləvazimatları təqdim olunub.

 

Bu münasibətlə sentyabrın 5-də  Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təşkil olunan tədbiri giriş sözü ilə təhsil naziri Rəhman Məmmədov açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışıb. Muxtar respublika əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək şagirdləri qarşıdan gələn 15 sentyabr – ölkəmizdə bütün təhsil ocaqlarında təhsil ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar.

Sonra aztəminatlı, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlara məktəbli geyim forması, məktəbli çantası və dərs ləvazimatları verilib.

Tədbirdə iştirak edən aztəminatlı ailədən olan uşağın valideyni Fatma Məmmədova göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Təhsil Nazirliyi hər iki valideynini itirmiş 44, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 278 sağlamlıq imkanları məhdud, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə aztəminatlı ailələrdən olan 70 uşaq olmaqla, ümumilikdə, 392 uşağı təhsil sovqatı ilə sevindirib.

Həmin gün muxtar respublikanın rayonlarında da analoji tədbirlər keçirilib.