Rəna Hüseynovanın 70 illik yubileyi qeyd olundu

Çap

Rəna Yusif qızı Hüseynovanın anadan olmasının 70 illik yubileyi münasibətilə “Təbriz” restoranının tədbirlər zalında tədbir keçirilmişdir.

Çay süfrəsi ətrafında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Rəna Hüseynovanı 70 illik yubileyi münasibətilə təbrik etmişdir. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada qadınlarımızın əməyi yüksək qiymətləndirilir, ictimai-siyasi fəaliyyəti ilə dövlətimizə xidmət etmiş qadınların yubileyləri qeyd olunur.Bu məqamlar qadınlara göstərilən yüksək qayğının əyani təzahürüdür. Vurğulanmışdır ki,  yaşadığı mənalı insan ömrü ilə həyatın bütün xoşbəxtliklərinə çatmış, həmişə öz işindən zövq almışdır. 1948-ci il sentyabrın 25-də Şahbuz rayonunda anadan olmuşdur. 1967-ci ildə Bakıda M.F.Axundov adına Xarici Dillər İnstitutunun rus dili və ədəbiyyatı ixtisasını bitirmişdir. Əmək fəaliyyətinə 1972-ci ildə Ə.Ağayev adına İnternat Məktəbində rus dili müəllimi işləyərək başlamışdır. Həmin ildə Naxçıvan şəhər 9 nömrəli məktəbdə, 1974-cü ildə yenidən Ə.Ağayev adına İnternat Məktəbində, 1979-cu ildə Maarif şöbəsində rus dili üzrə metodist işləmişdir.

Qeyd olunmuşdur ki, Rəna Hüseynova 1984-cü ildə Maarif, ali məktəb, elm işçiləri Həmkarlar İttifaqı Naxçıvan şəhər Komitəsinin sədri vəzifəsinə seçilmişdir. 1992-ci ildə 705 №-li hərbi hissənin uşaq bağçasında müdir, 2011-ci ildə Naxçıvan şəhər Qarnizonu Zabitlər Evində Mədəni-bədii iş üzrə bölmənin müdiri vəzifəsində çalışmışdır. Müəllimlik peşəsinə, uşaqlara ömrünü həsr edən Rəna xanım 2012-ci ildən təqaüddədir. 40 il əmək fəaliyyətində məşğul olan Rəna Hüseynovanın eyni zamanda bir qızı və bir nəvəsi var.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli də yubilyarı təbrik etmiş və Həmkarlar İttifaqları Şurası tərəfindən hazırlanmış fəxri fərman təqdim etmişdir.

İş yoldaşları Vahidə Qasımova və Ülkər Abbasova  yubilyarı təbrik etmiş, onunla bağlı xatirələrindən bəhs etmişlər.

Rəna Hüseynova və qızı Ayşən İmanlı göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova öz minnətdarlıqlarını bildirmişlər.

Sonda yubilyara gül buketi və qiymətli hədiyyə təqdim olunmuşdur.