Sərgi-satış təşkil olunmuşdur

Çap

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun İş Planına əsasən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və  Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil olunmuşdur.

Heydər Əliyev sarayında təşkil olunan sərgi-satışda Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi müdirinin müavini Sahir Rüstəmov bildirmişdir ki, sağlamlıq imkanları məhdud şəxslərin və qadınların ictimai-mədəni həyatda iştirakı, onların istedadlarının üzə çıxarılması, məşğulluqlarının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Qadınlar və məhdud fiziki imkanlı şəxslər peşə məktəblərinə cəlb olunur, xalçaçı, dərzi, toxuculuq kimi peşə kurslarında onlara el sənəti nümunələrini hazırlamaq öyrədilir. Bu da onların özünüməşğulluğunu təmin etməklə yanaşı, həm də xalqımızın milli dəyərlərinin və adət ənənələrinin qorunub yaşadılmasında mühüm əhəmiyyət daşıyır. Qeyd etmişdir ki, sərgi-satışı muxtar respublikada milli və xalq tətbiqi sənətinin təbliğinə və yaşadılmasına töhfə kimi dəyərləndirir, sərgi-satışın bütün iştirakçılarına yeni yardıcılıq nümunələri yaratmaqda uğurlar arzulayırıq.

Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri cənab Vasif Talıbovun 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması muxtar respublikada qadınlara göstərilən diqqət və qayğının əyani təzahürüdür. Qadınlar da  mövcud şəraitdən istifadə edərək öz potensiallarını sərbəst və səmərəli şəkildə reallaşdırırlar, səhiyyə, təhsil, mədəniyyət eləcə də, dövlət idarəetmə strukturlarında, seçkili orqanlarda, yerli özünüidarəetmə qurumlarında layiqincə təmsil olunurlar. Qadınlarımızın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, ictimai-siyasi fəaliyyəti ilə dövlətimizə xidmət etmiş qadınların yubileyləri qeyd olunur, dövlət təltiflərinə layiq görülürlər.

Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada bütün sahələrdə olduğu kimi, qadınların məşğulluğunun təmin olunması da diqqətdə saxlanılır, onların fəaliyyəti üçün hər cür şərait yaradılır.

Bildirilmişdir ki, artıq 3 ildir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun İş Planına əsasən sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil olunur. Belə sərgi-satışların təşkil edilməsində məqsəd qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, ailə dəyərlərimizi, adət ənənələrimizi gənclərə aşılamaq, min illərdir qoruyub saxladığımız, nəsildən-nəsilə ötürdüyümüz milli dəyərlərimizi əl işlərimizə köçürüb yaşatmaqdır.

Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarından toplanılan əl işlərindən ibarət keçirilən sərgi-satışda istedadlı, sağlamlıq imkanları məhdud qadınlarla yanaşı Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri və üzvlərinin, məktəb və məktəbəqədər müəssisələrin, orta ixtisas və ali təhsil müəssisələrinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınlar və rəssamların, evdar qadınların, məhkum qadınların da əl işləri sərgilənir. Bugünki sərgi-satışa 188 müəllifin 2427 əl işi, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 165 qadının 2127 sayda əl işi cəlb olunmuşdur. Toplanılan əl işləri arasında 784 dekorativ iş, 761 toxuma, 369 tikmə, , 50 dekortiv tablo, 59 tikmə tablo, 2 vitraj, 35 yağlı boya və 32 sulu boya ilə işlənmiş tablo, 35 ağac üzərində oyma və yandırma vardır.

Komitə sədri muxtar respublikada qadınlara, o cümlədən istedadlı qadınlara göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov da muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud şəxslərə göstərilən dövlət qayğısından danışmışdır. Bildirmişdir ki, milli və xalq tətbiqi sənət növlərinin yaşadılması və onların təbliği sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi, qadınların evdə xalça toxunuşu ilə bağlı sosialyönümlü layihələrə cəlbi, müvafiq peşə kurslarının təşkili göstərilən dövlət qayğısının əyani ifadəsidir. Həmçinin qeyd etmişdir ki, sərgidə qadınların əl işləri ilə yanaşı məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində fəaliyyət göstərən art terapiya məşğələlərinə cəlb edilmiş uşaqların da tullantılardan hazırladıqları əl işləridə nümayiş olunur.

Sonra sərgi-satışa baxış olmuşdur. Qadınlar tərəfindən hazırlanmış rəngarəng toxuma və tikmə əl işləri, yağlı boya, sulu boya ilə çəkilmiş tablolar, muncuqdan və üzərlikdən hazırlanmış dekorativ işlər, gipsdən düzəldilmiş heykəllər, vitraj sərgiyə gələnlər tərəfindən maraqla qarşılanmışdır. Həmçinin Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin paytaxtı seçilməsi ilə əlaqədar olaraq da qadınlarımız hazırladıqları əl işləri ilə bu əlamətdar hadisəyə öz töhvələrini vermiş və sərgiyə rəngarənglik qatmışlar.

Qeyd edək ki, sərgi-satış 10 gün davam edəcəkdir.