Şərur rayonunda təlim keçirilib

Çap

 

2023-cü il iyul ayının 15-də dekorativ tətbiqi sənətin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şərur Rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan aztəminatlı ailələrin üzvü olan qadınlar və yuxarı sinif şagirdləri arasında dekorativ tətbiqi sənətin bədii tikmə növü üzrə təlim keçirilib.
Şərur Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Surəyya Bəşirova tədbiri giriş sözü ilə açaraq tədbirin mahiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva çıxış edərək bildirib ki, ölkənin ictimai, siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınlar hər zaman xüsusi rol oynayır. Muxtar respublikada bütün sahələrdə olduğu kimi qadınların məşğulluğu diqqətdə saxlanılır. Əhalinin, eləcə də qadınların məşğulluğunun artırılması ilə əlaqədar hal-hazırda müvafiq işlər həyata keçirilir. Həmçinin qadınlar arasında, xüsusən də evdar və sosial qayğıya ehtiyacı olan qadınlar, eləcə də yuxarı sinif şagirdləri arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də işlər və sosial layihələr həyata keçirilir. Bu gün Şərur rayonunda həyata keçirilən dekorativ tətbiqi sənət sahəsinin bədii tikmə növü üzrə təliminin də görülən işlərin davamı olduğu qeyd edilib.
Bildirilib ki, muxtar respublikada qadınların istedad və bacarıqlarının üzə çıxarılması, cəmiyyətin bütün sahələrində onların potensiallarından istifadə edilməsinə hər zaman xüsusi diqqət yetirilir.
Təlim istedadlı qadın Səkinə Qarayevanın əyani vəsaitlərdən istifadə edərək başlaması ilə davam edib. Təlimdə sənətkarlıq sahəsi ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırılıb, eyni zamanda maraqla qarşılanıb.