Ailə, qadın və uşaq hüquqlarının qorunması I yarım ildə də diqqətdə saxlanılıb

Çap

 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2023-cü ilin I yarım ili ərzində ailə, qadın və uşaq hüquqlarının qorunması diqqətdə saxlanılıb, kollegiya iclası, konfrans, təlim, festival, seminar, tədbir, görüş, monitorinqlər, sərgi-satış keçirilib, beynəlxalq günlər qeyd olunub. Statistik təhlillərin aparılması məqsədilə ailə, qadın və uşaqlarla bağlı aid orqanlara müraciət olunub, alınan məlumatlar bazaya əlavə edilib. Hesabat dövrü ərzində komitənin 2 dəfə kollegiya iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hesabat dövrü ərzində Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyləri münasibətilə tədbirlər keçirilib.
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, 603 qadının iştirakı ilə Heydər Əliyev Sarayında keçirilən “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusundakı tədbirdə 2022-ci il ərzində muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən, müxtəlif nominasiyalar üzrə səmərəli fəaliyyətlərinə görə fərqlənən 35 qadına diplom təqdim olunub və təşkil edilən istedadlı qadınların rəsm və əl işlərindən, eləcə də qadınlar tərəfindən nəşr olunan kitablardan və ailə təsərrüfatı ilə məşğul olan qadınların istehsal etdiyi məhsullardan ibarət sərgi-satışda 9 istedadlı qadının 240 manat dəyərində 25 əl işi, 4 ailə təsərrüfatçısı olan qadının 212 manat dəyərində istehsal etdikləri məhsulları satılıb. Batabat yaylağında keçirilən “Xalq yaradıcılığı” festivalında istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışda 32 müəllifin 986 əl işi sərgilənib və 4 istedadlı qadının 835 manat dəyərində 66 əl işi satılıb. Ümumilikdə, hesabat dövrü ərzində özünüməşğulluğunu təmin etmiş sosial qayğıya ehtiyacı olan qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə 48 istedadlı qadının 6514 manat dəyərində 632 əl işi və istehsal etdikləri məhsullarının satışı həyata keçirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gənclər Fondu və Rəssamlar Birliyi ilə birlikdə muxtar respublika üzrə uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, gənclər və digər şəxslər arasında “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda X muxtar respublika yazı və rəsm müsabiqəsi elan olunub. Müsabiqəyə 150 şəxsin 163 işi (64 inşa, 81 rəsm, 18 dekorativ-tətbiqi sənət) təqdim olunub, müxtəlif nominasiyalar üzrə 23 nəfər müsabiqənin qalibi olub. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və 15 may – Beynəlxalq Ailə Gününün 30 illiyi münasibətilə “Azərbaycan ailə siyasətinin təminatçısı Ulu Öndər Heydər Əliyev” mövzusunda tədbir, 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Heydər Əliyev Sarayında “İstedadlı uşaqlar-2023” adlı festival keçirilib. Festival çərçivəsində 2022-2023-cü tədris ilində Naxçıvan şəhəri üzrə təhsil, incəsənət, idman sahələri üzrə fərqlənən 15 şagirdə komitə tərəfindən fəxri fərman, hədiyyə və Naxçıvan şəhərindən olan 6 şəhid uşağına hədiyyə təqdim olunub.
Həmçinin komitə əməkdaşları Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar müxtəlif təşkilatlar tərəfindən keçirilən tədbirlərdə iştirak və çıxışlar ediblər.
Akademik Zərifə Xanım Əliyevanın 100 illik yubileyi münasibətilə “Azərbaycan qadını, anası, həkimi – akademik Zərifə xanım Əliyeva” mövzusunda ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, gənclər və digər şəxslər arasında esse müsabiqəsi elan olunub. Müsabiqəyə 113 esse təqdim olunub, müxtəlif nominasiyalar üzrə 12 nəfər müsabiqənin qalibi olub. Naxçıvan Dövlət Milli Dram Teatrında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar “Elmdə qadınlar” adlı konfrans keçirilib.
Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Sədərək rayonunun Dəmirçi kənd və Culfa rayonunun Yaycı kənd sakinləri ilə görüş keçirib. Vətəndaşların qəbulu zamanı 36 nəfər işlə təminat, ünvanlı dövlət sosial yardımı təyin olunması, pensiya məsələsi, sərmayə kapitalı almasına köməklik və digər məsələlərlə bağlı müraciət edib. Müraciətlərə qanunamüvafiq baxılıb, hüquqi yardım göstərilib və müraciətlərə baxılıb, köməklik göstərilməsi üçün aidiyyəti üzrə təşkilatlara məktub göndərilib.
Həmçinin muxtar respublikada yaşayan gözdən əlil olan 20 qadınla, 1 çoxuşaqlı ana ilə və Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanova ilə görüşlər keçirilib, qadınlara hədiyyə və gül buketi, əlavə olaraq çoxuşaqlı ailəyə isə ərzaq payı təqdim olunub. Uzun­ömürlü, nümunəvi – evliliklərinin il dönümləri olan ailələrdə tədbirlər keçirilib. Aztəminatlı ailələrin sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılıb, aid təşkilatlarla birlikdə Şərur rayonunun İbadulla və Tumaslı kəndlərində 2 xüsusi qayğıya ehtiyacı olan ailəyə baş çəkilib, onların problemləri ilə maraqlanılıb, ailələrə ehtiyaclarına uyğun köməklik göstərilib. Ümumilikdə, hesabat dövrü ərzində 5 ailəyə müvafiq köməklik göstərilib. Həmçinin komitə və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşlarının iştirakı ilə Naxçıvan Respublika Xəstəxanasında muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib, aksiyada 6 litr qan ehtiyatı toplanılıb. Ailələrə Dəstək Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin uşaqları da olmaqla, 16 sağlamlıq imkanları məhdud uşağa komitə tərəfindən hədiyyə verilib.
Hesabat dövrü ərzində ailə, qadın və uşaq məsələləri ilə bağlı təbliğat işi də davam etdirilib. Bununla əlaqədar tədbirlər keçirilib, iştirakçılara komitə tərəfindən hazırlanan 394 ədəd maarifləndirici broşür paylanılıb. “Erkən nikah ailə institutunun məhvidir” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirici tədbirlər keçirilib. Həmin maarifləndirici tədbirlərdə iştirak edən 377 qadın arasında 5 müddəadan ibarət sorğu təşkil olunub.
Ümumilikdə, hesabat dövrü ərzində keçirilən maarifləndirici tədbirlərdən 37 ailə və 1860 nəfər yararlanıb, 1653 təbliğat materialı, o cümlədən broşürlər paylanılıb.
Komitə tərəfindən sərmayə kapitalı verilmiş 22 qadının yaşadığı ünvanda və təsərrüfat sahəsində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı 22 monitorinq keçirilib. Bir sıra rayon mərkəzlərində və kəndlərdə yaşayan aztəminatlı ailənin üzvü olan gənc qızlar və qadınlar üçün dekorativ-tətbiqi sənətin bədii tikmə sahəsinin öyrənilməsi ilə bağlı 6 təlim keçirilib. Təlimlərdən 10 sağlamlıq imkanları məhdud, 43 aztəminatlı ailədən olan qadın və 73 yuxarı sinif şagirdi olmaqla, 126 nəfər yararlanıb.
Gender bərabərliyi siyasətini səmərəli şəkildə həyata keçirmək üçün muxtar respublikanın nazirlik, komitə, agentlik, xidmət və digər dövlət müəssisə və təşkilatlarında gender məsələləri üzrə məsul şəxslərin təyin edilməsi məqsədilə tədbirlər görülübdür. Belə ki, qeyd olunan təşkilatlarda gender məsələləri üzrə məsul şəxslər təyin olunub.
Hesabat dövrü ərzində 11 uşaq müəssisəsində, 1 yetkinlik yaşına çatmayan uşağın evində, sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı Naxçıvan şəhərində yaşayan 21 sağlamlıq imkanları məhdud uşağın evində monitorinqlər keçirilib, 4 uşaq məktəbəqədər müəssisəyə cəlb edilibdir. Ümumilikdə, hesabat dövrü ərzində uşaq hüquqlarının qorunması ilə bağlı 54 monitorinq keçirilib.
Müxtəlif kateqoriyalardan olan 20 uşağın “Heydər Əliyev irsinin təbliğində maarifləndirmə işi” çərçivəsində muzeylərə ekskursiyaları təşkil olunub. Uşaqların asudə vaxtlarının və yay tətillərinin səmərəli təşkili, intellekt və bacarıqlarının inkişafı, həmçinin cəmiyyətin ictimai həyatında fəal iştirakı, onların istirahət və əyləncəsinin təşkili istiqamətində tədbirlərin davamı kimi şəhid, qazi övladlarının, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud, o cümlədən aztəminatlı ailələrdən olan 41 uşağın Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” təşkil olunub. Həmçinin müvafiq təşkilatlarla birgə “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun Uzunoba bazasında qazi, aztəminatlı ailələrdən olan 10-12 yaş arası, ümumilikdə, 40 uşaq üçün Futbol düşərgəsi təşkil edilib. Düşərgənin sonunda uşaqlar sertifikatla təltif olunublar.
Komitə əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədi ilə 2 əməkdaş beynəlxalq təlimlərdə iştirak edib. Komitənin 1 əməkdaşı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “ Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Ümumilikdə, hesabat dövrü ərzində 2 kollegiya, 2 konfrans, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissyanın 2 iclası, 3 festival, 6 təlim, 4 seminar, 119 tədbir, 1 ekskursiya, 4 görüş, 2 müsabiqə, 76 monitorinq, 4 sərgi-satış keçirilib.