“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda tədbir keçirilib

Çap


2023-cü il 19 iyul tarixində Naxçıvan Muxtar Respublkasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda Naxçıvan şəhərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələriin iştirakı ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə  “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın  5.1.12 və 5.3.11-ci  bəndlərinin icrası ilə bağlı şəhər və rayonlar üzrə uşaq əməyinin istismarı hallarının aradan qaldırılması və bu halların mənfi nəticələri barədə maarifləndirmənin gücləndirilməsi istiqamətində tədbirlərin təşkili nəzərdə tutulub. Qeyd edilib ki, ölkəmizin əmək qanunvericiliyində yaşı 18-dən aşağı olan işçilərə bir sıra güzəşt və imtiyazlar nəzərdə tutulub. Bu təminatlar həmin şəxslərin əmək vərdişləri, əmək stajının az olması, fizioloji vəziyyəti ilə bağlı amillərin olması ilə əlaqədardır. 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrindən, valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birindən və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır. Vurğulanıb ki, ölkəmizdə sosial və hüquqi sahədə aparılan işlər nəticəsində uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı minimum səviyyəyə endirilib. Uşaq əməyinin istismarı hallarına qarşı inzibati tədbirlər görülməklə yanaşı, bu istiqamətdə maarifləndirici tədbirlər də xüsusilə əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən biri kimi, ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək  layiqli vətəndaş kimi yetişmələri üçün kompleks tədbirlər həyata keçirilir.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva “Uşaq əməyinin ən pis formalarının  qadağan edilməsi və onların aradan qaldırılması” mövzusunda çıxış edərək bildirib ki, uşaqların məcburi əməyə cəlb edilməsi, onların istismar olunması müasir dünyanı narahat edən aktual problemlemlərdəndir. Ötən dövrdə ölkəmiz uşaq hüquqları ilə bağlı müxtəlif beynəlxalq sənədlərə qoşulub. Milli qanunvericilik həmin sənədlərdən irəli gələn beynəlxalq normalar əsasında təkmilləşdirilib. T.Mustafayeva qeyd edib ki, ümummilli lider Heydər Əliyev uşaqlara həmişə diqqət və qayğı göstərir, həssas yanaşırdı. Uşaq hüquqları ilə bağlı məsələləri tənzimləmək məqsədilə Ulu Öndər tərəfindən 19 may 1998-ci ildə “Uşaq hüquqları haqqında” Qanun qəbul edilmişdir. Bundan əlavə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları barədə iştirakçılara geniş məlumatlar verib. Əmək münasibətlərinin qeyri-leqal şəkildə həyata keçirilməsinin işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olduğu da sahibkarların diqqətinə çatdırılıb.

Daha sonra Naxçıvan Muxtar Respublkasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri  şöbəsinin məsləhətçisi Elsun Cahangirli tədbir iştirakçılarına slayd vasitəsilə uşaq əməyindən istifadə hallarının qarşısının alınması, uşaq əməyinin istismarının dünya üzrə regional vəziyyəti, bu istiqamətdə qəbul edilən normativ hüquqi aktlar, Azərbaycan Respublikasının qoşulduğu konvensiyalar və ratifikasiya etdiyi beynəlxalq hüquqi sənədlər, milli qanunvericilikdə uşaqlar üçün əmək hüquqlarının xüsusiyyətləri, yaşı 18-dən az olan işçi tərəfindən ağırlığın qaldırılmasında məhdudiyyət qoyulan işlər, uşaq əməyinin qadağan olunması halları, əməyin ödənilməsi və əmək müqaviləsinin ləğv edilməsində yaşı 18-dən az olan işçilərin təminatı, uşaq əməyindən istifadə hallarında işəgötürənin hüquqi məsuliyyəti və qanunvericilikdə nəzərdə tutulan cərimələr və Azərbaycan Respublikasında uşaq əməyindən istifadənin qarşısının alınması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.

Tədbir Komitə sədrinin uşaq əməyinin qarşısının alınması ilə bağlı sahibkarlıq subyektlərinin nümayəndələrinə qanunvericiliyin tələblərinə riayət etmələri və bu sahədə vətəndaş cəmiyyətinin həssaslığının lazımi olduğu diqqətə çatdırılaraq müvafiq sahəyə aid tövsiyyələrlə yekunlaşıb.