Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın açılış tədbiri olub

Çap

29 sentyabr 2023-cü il tarixdə Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın açılış tədbiri olub.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi Aparatının media məsələləri üzrə məsul şəxsi Günay Malikqızı bildirib ki, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır.  Əsası ümümmilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət  qadın siyasəti bu gün də uğurla davam edir. Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur. Dövlət proqramları çərçivəsində görüləcək işlər Naxçıvan Muxtar Respublikasının qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar yaradacaqdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasın "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi muxtar respublikada iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi üçün daha güclü zəmin yaradacaqdır. G.Malikqızı bugünkü sərgi-satışda nümayiş olunan əl işlərini yüksək qiymətləndirərək belə sərgi-satışların regionlarda da keçirilməsinin ənənə halını almasının vacibliyini bildirdi.

 

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov bildirib ki, keçirilən uğurlu sоsial siyasət muxtar respublika sakinlərinin həyat səviyyəsinin yaxşılaşmasına, sоsial müdafiəyə ehtiyacı оlan vətəndaşlara, о cümlədən əlilliyi olan şəxslərə və ahıllara göstərilən dövlət qayğısının günbəgün artmasına səbəb оlub. Bildirilib ki, rəsm və əl işlərinin ictimai nümayişi üçün nəzərdə tutulan bugünkü layihənin həyata keçirilməsi istedadlı məhdud fiziki imkanlıların və ahılların cəmiyyətə inteqrasiyası üçün böyük perspektivlər açmaqla bərabər onların yaradıcılıq əzmini də artırır. Bu günkü  sərgidə iştitrak edən müəlliflər sırasında sağlamlıq imkanları məhdud şəxslərlə yanaşı, ahıl vətəndaşlar, özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər də yer alır. Sərgidə 93 müəllifin 1876 adda əl işi nümayiş etdirilib.

 

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qeyd edib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla həyata keçirilən dövlət qadın siyasəti ictimai-siyasi həyatda qadınların  rolunu daha da artırıb. Muxtar respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün qadınlar müxtəlif dövlət orqanlarında çalışır, bölgənin ictimai həyatında fəallıq göstərir və onların əməyi dövlət tərəfindən yüksək qiymətləndirilir. Muxtar respublikada qadınların məşğulluqlarının təmin olunması istiqamətində tədbirlərin görüldüyünü, Dövlət Proqramlarının qəbul olunduğunu bildirən R.Seyidova  qadınların xüsusən də aztəminatlı ailənin üzvü olan, sağlamlıq imkanları məhdud olan qadınların, eləcə də tək qadınların və ailə başçısı olan qadınların peşəyönümlü fəaliyyətə yönləndirilməsi bu istiqamətdə atılan addımlardandır. Qadınlar müvafiq peşə kurslarına cəlb olunur və istedadlı qadınların əl işlərinin sərgi-satışları təşkil edilir, həmçinin onların özünüməşğulluqlarının və sosial vəziyyətlərinin yaxşılaşmasına dəstək  göstərilir, sosialyönümlü layihələr icra olunur. R.Seyidova qeyd edib ki, 12 ildən artıqdır ki, istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışlar təşkil olunur. Belə sərgi-satışların təşkil edilməsində məqsəd qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, ailə dəyərlərini, çoxəsrlik adət-ənənələri gənclərə aşılamaqla, ailələrdə yaşadılan milli dəyərləri əl işlərinə köçürüb yaşatmaq və həmçinin onlara maddi dəstək göstərməkdir. Bu gün muxtar respublikada yaradılan mədəni mühit və şərait qadınların zəngin potensialının üzə çıxarılmasında və dəyərləndirilməsində əlverişli zəmin yaradır. Bu da öz növbəsində qadınların cəmiyyətdə layiqli yer tutmalarına imkan yaratmış olur. Bugünkü sərgidə ümumilikdə, 431 müəllifin 10787 adda əl işi çıxardığını bildirən R.Seyidova  bundan sonra da istedadlı qadınların yaradılan şəraitdən bəhrələnərək öz əsərlərində muxtar respublikanın inkişafını, tərəqqisini əks etdirməklə milli dəyərləri qoruyub saxlayacağını və gələcək nəsillərə ötürəcəklərini əminliyini vurğulayıb.

Sonda Komitə sədri qadınlara göstərilən diqqət, qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.

İstedadlı qadın Qumru Vəlizadə çıxış edərək yaradıcı insanlara göstərilən diqqət və qayğıdan danışıb, dövlətimizə minnətdarlığını bildirib.

Sonra sərgi-satışa baxış olub.

Sərgi-satış 10 gün davam edəcək.