Babək şəhərində təlim keçirilib

Çap

 

2023-cü il 07 oktyabr tarixində dekorativ tətbiqi sənətin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Babək Rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan aztəminatlı ailələrin üzvü olan qadınlar və yuxarı sinif şagirdləri arasında dekorativ tətbiqi sənətin bədii tikmə növü üzrə təlim keçirilib.
Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova tədbiri giriş sözü ilə açaraq tədbirin mahiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova çıxış edərək bildirib ki, ölkənin ictimai, siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınlar hər zaman xüsusi rol oynayır. Muxtar respublikada bütün sahələrdə olduğu kimi qadınların məşğulluğu diqqətdə saxlanılır. Bildirilib ki, muxtar respublikada qadınların istedad və bacarıqlarının üzə çıxarılması, cəmiyyətin bütün sahələrində onların potensiallarından istifadə edilməsinə xüsusi diqqət yetirilir.
Həmçinin qadınlar arasında, xüsusən də evdar və sosial qayğıya ehtiyacı olan qadınlar, eləcə də yuxarı sinif şagirdləri arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də işlər və sosial layihələr həyata keçirilir. Bu gün Babək şəhərində həyata keçirilən dekorativ tətbiqi sənət sahəsinin bədii tikmə növü üzrə təliminin də görülən işlərin davamı olduğu qeyd edilib.
Təlim istedadlı qadın Səkinə Qarayeva tərəfindən 30 nəfər arasında əyani vəsaitlərdən istifadə edilərək həyata keçirilib. Təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.