Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında ƏSASNAMƏ

Çap

Naxçıvan  Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il

25 oktyabr tarixli 90-III FR nömrəli fərmanı ilə təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət

Komitəsi haqqında

ƏSASNAMƏ

I. Ümumi müddəalar

1. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) ailə, qadın və uşaq problemləri ilə iş sahəsində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3. Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Komitə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamda olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Komitənin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Komitə Naxçıvan şəhərində yerləşir.

II. Komitənin fəaliyyət istiqamətləri

 

7. Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

7.2.  müvafiq sahənin inkişafını təmin edir;

7.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. Komitənin vəzifələri

8. Komitə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. fəaliyyət istiqamətlərinə uyğun olaraq insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

8.1-1. uşaq hüquqlarını müdafiə etmək;

8.2. müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimləməni həyata keçirmək;

8.3.  müvafiq sahə üzrə dövlət proqramları layihələrinin işlənib hazırlanmasında iştirak etmək;

8.4. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin etmək;

8.5. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;

8.6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsini fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin etmək;

8.7. dövlətin ailə siyasətini həyata keçirmək;

8.8. qaçqın və məcburi köçkün qadınların, uşaqların, aztəminatlı ailələrin sosial problemlərini öyrənmək və onların həlli üçün əlaqədar dövlət orqanları qarşısında məsələlər qaldırmaq;

8.8-1. fəaliyyət istiqamətlərinə uyğun olaraq bədən tərbiyəsi və idmanın təbliği forma və metodlarını müəyyən etmək, mediada bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin, əhalinin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafında sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun təşviqini təmin etmək;

8.9. müasir idarəetmənin və bazar iqtisadiyyatının əsaslarının öyrənilməsi istiqamətində, qadınlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, ailə kəndli təsərrüfatlarının yaradılmasında müvafiq dövlət orqanları ilə birlikdə məsləhətlərin verilməsini təmin etmək;

8.10. məşğulluq strategiyasının həyata keçirilməsi istiqamətində dövlət siyasətinə uyğun müxtəlif yeni peşələrə yiyələnməsi və ixtisaslarının artırılması məqsədilə layihələr hazırlamaq və əlaqədar təşkilatlarla birgə tədbirlərin görülməsini təmin etmək;

8.11. ailə başçısını itirmiş şəhid ailələri, tək analar, xüsusilə əlilliyi olan qadınların və 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların problemlərinin dövlət orqanları tərəfindən həlli məqsədilə müvafiq vəsatətlər qaldırmaq;

8.11-1. Komitənin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin olunmasına dövlət nəzarətini həyata keçirmək;

8.11-2. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair aidiyyəti dövlət orqanlarının illik hesabatları əsasında həmin vəziyyətə dair muxtar respublika üzrə illik hesabat hazırlamaq;

8.11-3. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair monitorinqlər aparılmasında iştirak etmək;

8.11-4. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə fiziki şəxslərə (ekspretlərə) ixtisas attestatı vermək, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda attestatın qüvvədəolma müddətini dayandırmaq və ya ona xitam vermək;

8.11-5. informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərin və onların işlədikləri hüquqi şəxslərin (ekspert təşkilatlarının) reyestrinin aparılmasını təmin etmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

8.11-6. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci və 14.2-ci maddələrinə uyğun olaraq mətbu nəşrlərin və digər informasiya məhsullarının işarələnmədiyi və yaxud həmin qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, müstəqil şəkildə bu informasiya məhsullarının ekspertizasını təşkil etmək;

8.11-7. informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspert şurası yaratmaq;

8.11-8. gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirmək;

8.12.

8.13.


8.14. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;

8.15. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə müasir elmi nailiyyətləri tətbiq etmək, habelə elmi-tədqiqat işlərinin aparılması və tətbiqini təmin etmək;

8.16. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

8.17. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görmək;

8.18. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

8.19. Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

8.20. Komitənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.21. Komitənin əməkdaşlarının sosial müdafiəsi, əmək və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirləri həyata keçirmək;

8.22. mühasibat uçotunun qanunvericiliyə uyğun aparılmasını təmin etmək;

8.23. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. Komitənin hüquqları

9. Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. müvafiq sahədə dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər vermək;

9.2. fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq sahə üzrə vahid informasiya sistemini yaratmaq;

9.3. gender prinsiplərini həyata keçirmək istiqamətində kişilər və qadınlarla sistemli iş aparmaq;

9.4. minilliyin inkişaf istiqamətləri sahəsində, yoxsulluğun azaldılması, məşğulluq strategiyası üzrə dövlət proqramlarının həyata keçirilməsində fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak etmək;

9.5. sağlam ana, sağlam uşaq prinsiplərini həyata keçirmək, uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması istiqamətində hüquqi biliklərin öyrənilməsini təmin etmək;

9.6. dövlət qadın siyasətinin həyata keçirilməsi, uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi, onların hüquqlarının və qanuni mənafelərinin qorunması, sosial müdafiəsi istiqamətində normativ hüquqi aktlarla müəyyən olunmuş vəzifələrin strukturuna daxil olan bölmələr tərəfindən yerinə yetirilməsinə nəzarət etmək, aidiyyəti dövlət orqanlarından həmin istiqamətdə olan vəzifələrin icra vəziyyəti ilə bağlı məlumatlar almaq;

9.7. istehsalatda işləyən qadınların hüquqlarının qorunması uçun fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq orqanlarla birlikdə tədbirlər görmək, zərurət yarandıqda, onların hüquqlarını pozan vəzifəli şəxslər haqqında müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq;

9.8. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsinin hazırlanmasında iştirak etmək;


9.9. müvafiq sahəyə dair dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;


9.10. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

9.11. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

9.12.

9.13. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.14. müvafiq sahədə müxtəlif treninq, kurs, seminar və digər tədbirləri təşkil etmək;

9.15. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

9.16. fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq sahəyə investisiyaların cəlb olunmasına dair təkliflər vermək;

9.17. müvafiq sahə üzrə beynəlxalq miqyaslı tədbirlərin keçirilməsinə dair təkliflər vermək;

9.18. müvafiq sahəni işıqlandıran televiziya və radio verilişlərinin layihələrini hazırlayıb həyata keçirmək;

9.19. qanunvericiliklə müəyyən edilmiş qaydada sərancamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;

9.20.Komitənin xüsusi fərqlənmiş işçilərini müəyyən edilmiş qaydada fəxri adlara və dövlət mükafatlarına təqdim etmək;

9.21. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Komitənin fəaliyyətinin təşkili

10. Komitənin aparatı və tabeliyində olan qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.) Komi­tənin vahid sistemini təşkil edir. Komitə öz fəaliyyətini aparatı və tabe­li­yində olan qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.) vasitəsilə həyata keçirir.


11. Komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həyata keçirilir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi səxslərin, təşkilatların və s.) siyahısını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.


12. Komitənin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Komitənin sədri rəhbərlik edir. Komitənin sədri Komitəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

13. Komitə sədrinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Komitə sədrinin müavini ona sədr tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

14. Komitənin sədri:

14.1.  Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

14.2. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla Komitənin aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini təsdiq etmək üçün təqdim edir;

14.3. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komitənin aparatının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

14.4. Komitənin aparatının işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

14.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

14.6. Komitənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

14.7. Komitəni təmsil edir.

15. Komitədə Komitə sədrindən (kollegiyanın sədri), onun müavinindən və Komitənin rəhbər işçilərindən ibarət kollegiya yaradılır.

16. Komitənin kollegiyasının üzvlərinin sayı və tərkibi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

17. Komitənin kollegiyası öz iclaslarında Komitənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

18. Komitənin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komitənin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komitənin kollegiyasının qərarları qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

19. Kollegiyanın qərarları protokolla rəsmiləşdirilir və Komitənin sədri tərəfindən təsdiq edilir.

20. Komitənin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda Komitənin sədri bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Komitənin kollegiyasının üzvləri şəxsi fikirlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

21. Komitənin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatlarının, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.