Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində Əsədovlar ailəsi ilə görüş

Çap

 


Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə 2023-cü il 15 noyabr tarixdə Ordubad rayon Üstüpü kəndində yaşayan uzunömürlü nümunəvi – evliliklərinin 68 illiyi tamam olan Əsədovlar ailəsində görüş keçirilib. Görüşdə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Mübariz Hüseynov, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva, eləcə də fəal gənclər iştirak ediblər.
68 il bərabər ömür sürən Əsədovların 8 övlad (1-i vəfat edib), 19 nəvə və 32 nəticələri var. Nümunəvi uzunömürlülüyün sirri zəngin ailə dəyərlərinə bağlılıq qarşılıqlı hörmət və sevgidir deyən Məhəmməd Əsədov hər zaman həyat yoldaşına və övladlarına hörmət və qayğı ilə yanaşdığını qeyd edib. Heç bir zaman bir-birlərinə yalan demədiklərini bildirən Məhəmməd Əsədovun ömür-gün yoldaşı Ziyadə xanım sağlam ailənin təməli sevgi, səmimi münasibət, doğruluq üzərində qurulduğunu vurğulayıb.
Sonda Məhəmməd və Ziyadə Əsədovlar bütün ailələrə öz ailələri kimi uzunömürlü olmağı arzulayıblar.