Maarifləndirici tədbir keçirilib

Çap

 

2023-cü il 30 noyabr tarixdə Babək rayon  Nehrəm qəsəbə 1 nömrəli  tam orta məktəbdə “Milli dəyərlər və uşaqlar” mövzusunda tədbir keçirilib.

Tədbir  Ümummilli Lider Heydər Əliyevin, Akademik Zərifə Əliyevanın və  şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Babək rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şəfa Babayeva  mövzunun əhəmiyyətindən bəhs edərək bildirib ki, qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan xalqımız bu dəyərləri sədaqətlə qorumuş, əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması, dövlətimizin gələcəyi olan uşaqların milli dəyərlərə bağlılıq ruhunda tərbiyəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva  qeyd edib ki, belə tədbirlərin keçirilməsinin əhəmiyyəti vacib məsələlərdəndir. Vurğulanıb ki, məktəb dövrü insanın sonrakı həyat tərzinin, düşüncəsinin, xarakterinin formalaşmasında önəmli rol oynamaqla yanaşı, həm də onun kamil bir şəxsiyyət kimi yetişməsində körpü funksiyasını daşıyır. Bu mənada, milli dəyərlərə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi günümüzdə məktəbin qarşısında duran əsas vəzifələrdən biridir. Buna görə də məktəblərdə şagirdlərin geniş biliklərə sahib olması ilə bərabər, milli dəyərlərə bağlı, vətənpərvər kimi formalaşmasına da ciddi yanaşılmalıdır.

Babək rayon Təhsil şöbəsinin metodisti Nazlı Nəcəfova çıxış edərək milli dəyərlərimizin uşaqlara aşılanması, uşaqların zərərli vərdişlərdən uzaqlaşdırılması yollarından, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkilindən, erkən nikah hallarının fəsadlarından, informasiya-kommunikasiya texnologiyalarından düzgün istifadə qaydalarından ətraflı bəhs edib.

Sonda tədbir  iştirakçılarının sualları cavablandırılıb, onlara Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Milli dəyərlərimiz deyəndə nələri başa düşürük?” mövzusunda broşür paylanılıb.