Sosial qayğıya ehtiyacı olan məktəblilərə qış geyimlərinin verilməsi ilə bağlı tədbir keçirilib

Çap

 

 

2023-cü il 01 dekabr tarixində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində sosial qayğıya ehtiyacı olan məktəblilərə qış geyiminin verilməsi ilə bağlı tədbir keçirilib. Bu münasibətlə təşkil olunan tədbirdə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası  Prezidentinin səlahiyyətli nümayəndəliyində media məsələləri üzrə məsul şəxs Günay Malikqızı, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Elxan Nəcəfov,  Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nicat Babayev və Həmkarlar İttifaqları Şurası sədrinin müavini  Ramiz Cəfərov  çıxış edərək muxtar respublikada həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələri haqqında məlumat vermişlər. Bildirilibdir ki, Bugün bütün kateqoriyalardan olan uşaqların hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür. Onların hüquqlarının və sağlamlıqlarının qorunması, sosial müdafiəsinin təşkili, asudə vaxtlarının səmərəli təşkili, istedadlarının üzə çıxarılması ilə bağlı tədbirlər, o cümlədən monitorinqlər, seminarlar keçirilir.

Çıxış edənlər bildiriblər ki, sağlamlıq imkankarı məhdud  uşaqların sosial müdafiəsi, reabilitasiyası, təhsili və cəmiyyətə inteqrasiyası daim diqqətdə saxlanılır, bu kateqoriyadan olan uşaqlar məktəbəqədər müəssisələrdə, ümumtəhsil məktəblərində təhsilə cəlb olunurlar. Qeyd olunub ki, muxtar respublikada həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini vermiş, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində yeni mərhələnin təməli qoyulmuşdur. Bu gün sosial qayğıya ehtiyacı olan uşaqların qış geyimləri ilə təmin olunması da bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısının bariz ifadəsidir.

Tədbirdə sosial qayğıya ehtiyacı olan şagirdlərin valideynləri adından çıxış edən Turanə Tağıyeva bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısına görə dövlət rəhbərliyinə öz minnətdarlığını bildirib. Tədbirin sonunda sosial qayğıya ehtiyacı olan uşaqlara qış geyimi verilmişdir.

Bildirilir ki, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olan, təkvalideynli, sağlamlıq imkanları məhdud, aztəminatlı, çoxuşaqlı, şəhid, qazi övladları olmaqla, 40 uşağa Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən, 264 uşağa Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurası tərəfindən, 150 uşağa isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qış geyimi verilmişdir. Ümumilikdə 454 xüsusi qayğıya ehtiyacı olan uşaq isti qış geyimi ilə təmin olunub.

Əlavə olaraq bildirilir ki, tədbir anoloji olaraq muxtar respublikanın bütün rayonlarında da təşkil olunmuşdur. Belə ki, Naxçıvan şəhəri üzrə 122, Şərur rayonu üzrə 69, Babək rayonu üzrə 99, Ordubad rayonu üzrə 28, Culfa rayonu üzrə 55, Kəngərli rayonu üzrə 40, Şahbuz rayonu üzrə 14 və Sədərək rayonu üzrə 27 uşaq qış geyimi ilə təmin edilmişdir.