Sədərək rayonunda vətəndaşlarla görüş keçirilib.

Çap

 

2024-cü il 05 fevral tarixində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Sədərək rayonunun Sədərək kənd İcra Nümayəndəliyinin inzibati binasında sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib. Görüş zamanı Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Pərviz Ağayev görüşün əhəmiyyətindən bəhs etmişdir.
Kənd sakinləri ilə görüşdə Komitə sədri Ramilə Seyidova ölkəmizdə həyata keçirilən dövlət ailə, qadın, uşaq siyasətindən bəhs edərək, bildirdi ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ailə, qadın və uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən bu gün də uğurla həyata keçirilməkdədir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə mühüm işlər görülür, əhalinin, o cümlədən ailə, qadın və uşaqların sosial müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir.
Komitə sədri bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən, ilk dəfə ölkəmizin suverenliyi tam bərpa olunmuş bir şəraitdə, hər bir bölgədə keçirilən Prezident seçkilərində vətəndaşların aktiv iştirak etməsi vacibdir. Eyni zamanda, qadınların ölkənin ictimai-siyasi həyatında daim aktiv olduğunu qeyd edən R.Seyidova bu fəallığın seçki prosesində də nümayiş etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Komitə sədri hər bir ölkə vətəndaşı kimi hüquqlardan və vəzifələrdən səmərəli istifadə ediləcəyinə inamını ifadə edib, hər kəsi fevral ayının 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində fəal iştirak etməyə çağırıb.
Görüşdə 26 nəfər kənd sakininin müraciətləri ayrı-ayrılıqda dinlənilib, protokollaşdırılıb. Müraciətlər əsasən ailə məsələsi, işlə təmin olunma, aliment məsələsi, qış geyimi və məktəbli formasının verilməsi, ünvanlı dövlət sosial yardımın təyin edilməsi, şəxsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün, özünüməşğulluq proqramına cəlb edilməsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub.
Vətəndaşlara müraciətlərlə bağlı hüquqi izahat verilmiş, Komitənin səlahiyyət dairəsinə aid müraciətlər yerindəcə həll olunmuş və digər məsələlərin isə aid orqanlar qarşısında vəsadət qaldırılması ilə əlaqədar qeydiyyatı aparılmışdır.