Babək rayonunun Nehrəm kəndində tədbir keçirilmişdir

ÇapE-poçt

Babək rayonunun Nehrəm kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Məmmədova açaraq belə tədbirlərin əhəmiyyətindən danışmışdır.

Nehrəm Kənd Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, milli dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və gələcək nəslə ötürülməsində ailənin böyük rolu vardır. Ailələrin möhkəm olması üçün ailədə hər iki tərəf ailənin bütövlüyünün qorunması, o ailədə böyüyəcək övladların hərtərəfli və sağlam böyüməsi üçün çalışmalıdır. Həmçinin qadınların sağlamlığının qorunması, yeni nəslin sağlam doğulması üçün nikahdan əvvəl tibbi müayinənin vacibliyi haqqında tədbir iştirakçılarına məlumat verilmişdir. Komitə sədri qeyd etmişdir ki, nikaha daxil olarkən tərəflər lazımi tibbi müayinədən keçmədikdə bu nikahlardan çox zaman sağlamlıq imkanları məhdud uşaqlar dünyaya gəlir.

Ramilə Seyidova qeyd edib ki, aparılan təhlillərə görə Babək rayonu üzrə 26939 uşaq vardır ki, bu uşaqlardan da 371-i sağlamlıq imkanları məhdud uşaqlardır.  Bu da ümumi uşaqların 1,38 faizini  təşkil edir. Muxtar respublika üzrə 1937 sağlamlıq imkanları məhdud uşaqlar vardır ki, bu uşaqların da 19,1 faizi Babək rayonunun payına düşür. 371 sağlamlıq imkanları məhdud uşaqdan 215-i (117 oğlan, 98 qız) anadangəlmə, 156-sı (99 oğlan, 57 qız) isə sonradan qazanılma sağlamlıq imkanları məhdud uşaqlardır.

Babək rayonunun Nehrəm kəndi üzrə 88 sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu uşaqlardan 45-i anadangəlmə, 43-ü isə sonradan qazanılma sağlamlıq imkanları məhdud uşaqlardır. Anadangəlmə uşaqların 14-də anomaliyalar, (inkişaf qüsurları), deformasiyalar və xromoson pozğunluqları, 10-da sinir sisteminin xəstəlikləri, 6-da qan dövranı sistemi xəstəlikləri, 6-da qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri, 5-də gözün və gözün əlavə aparatının xəstəlikləri, 2-də psixi pozğunluqlar və davranış pozğunluqları, 1-də sidik-cinsiyyət sisteminin xəstəlikləri, 1-də sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri aşkar edilmişdir.

“Qadınlarda virus hepatitlərinin fəsadları, bətndaxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda isə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edərək qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Babək rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin – sinir sistemi xəstəliklərinin, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları, sinir sistemi xəstəlikləri, qan dövranı sistemi xəstəliklərinin yaranması səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.

Joomla 1.5