“Ağıllı uşaq” əyləncəli intellektual oyunu keçirilib

ÇapE-poçt

Naxçıvan şəhər 10 №-li uşaq bağçasında məktəbəqədər hazırlıq qruplarında olan 5-6 yaşlı uşaqlar arasında “Ağıllı uşaq” əyləncəli intellektual oyunu keçirilib.
Oyun başlamazdan əvvəl uşaqlarının iştirakı ilə "Naxçıvanım" rəqsi nümayiş olunmuşdur. Daha sonra Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva tədbirin mahiyyəti haqqında məlumat verərək bildirmişdir ki, tədbirin keçirilməsində məqsəd uşaqların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, intellektual oyunlara uşaqların marağının artırılması, kiçik yaşlarından başlayaraq uşaqların əqli qabiliyyətinin və məntiqi düşüncələrinin inkişaf etdirilməsi, intellektual oyunların kütləviliyinin artırılmasıdır.

Həmçinin, qeyd edilmişdir ki, uşaq bağçalarında keçirilən intellektual oyunda qalib olmuş komandaların iştirakı ilə may ayında Naxçıvan şəhər birinciliyi keçiriləcəkdir. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Gülər Əhmədova və Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov çıxış edərək muxtar respublikada uşaqlara göstərilən dövlət qayğısı haqqında məlumat vermiş və iştirakçılara uğurlar arzulamışlar. İki mərhələdən ibarət olan oyunda 4 komanda iştirak etmişdir. Birinci mərhələdə uşaqlar butona basmaqla 35 sualı, ikinci mərhələdə isə onlara təqdim olunmuş 5 şəkilli sualı cavablandırmışlar. Sonda daha çox suala düzgün cavab verərək “Əlincə qalası” komandası I yerə, “Gülüstan” komandası II yerə, “Möminə Xatın” və “Nuh yurdu” komandaları III yerlərə çıxmışlar. Qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və rəngli kitablar təqdim olunmuşdur. Sonda uşaqlarının iştirakı ilə yallı rəqsi nümayiş olunmuşdur.

20 nəfər uşağın iştirak etdiyi intellektual oyun Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxşıvan Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Joomla 1.5