8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə əlaqədar Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir. İlk olaraq istedadlı qadınların rəsm və əl işlərindən, eləcə də qadınlar tərəfindən nəşr olunan kitablardan və ailə təsərrüfatı ilə məşğul olan qadınların istehsal etdiyi məhsullardan ibarət “Naxçıvan qadınları-95” adlı sərgiyə baxış olmuşdur. Sərgidə 47 istedadlı qadının 230 rəsm və əl işi, 63 müəllifin 122 kitabı və ailə təsərrüfatı ilə məşğul olan 23 qadının 78 ailə təsərrüfatı məhsulu nümayiş olunmuşdur.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışının əvvəlində tədbir iştirakçılarını və muxtar respublika qadınlarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun adından təbrik etmiş, onlara can sağlığı, işlərində uğurlar arzulamışdır. Komitə sədri bildirmişdir ki, Azərbaycanda dövlət qadın siyasəti  ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə rəhbərliyinin hər iki dövründə qadın hüquqlarının müdafiəsi, onların cəmiyyətdə layiqli yer tutması, dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunması və problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Bu sahədə möhkəm hüquqi baza yaradılmış, ölkəmiz beynəlxalq konvensiyalara qoşulmuşdur.

Hazırda ölkəmizin sosial-iqtisadi inkişafı Azərbaycan qadınlarının  ictimai həyatın bütün sahələrində aktiv iştirakı üçün geniş imkanlar açır. Dövlət idarəçiliyin və iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada qadınlar təmsil olunmasın və uğur qazanmasın. Bu isə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan dövlət qadın  siyasətinin  məntiqi nəticəsidir. Azərbaycan qadını həmişə olduğu kimi bu gün də cəmiyyətin inkişafına xüsusi töhfələr verir, milli-mənəvi dəyərlərimizin qorunmasında və yaşadılmasında, eləcə də ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında müstəsna  xidmət göstərirlər.

Ramilə Seyidova bildirmişdir ki, muxtar respublikada da qadınlar hərtərəfli qayğı ilə əhatə olunub. Onların işləməsi, sağlamlıqlarının qorunması və məşğulluqlarının təmin olunması sahəsində ardıcıl tədbirlər görülür. Qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılır, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanlar yaradılır. Artıq muxtar respublikamızda müxtəlif peşə sahələrində çalışan qadınların sayı ilbəil artmaqdadır. Təhsil, səhiyyə, mədəniyyət sahələri ilə yanaşı, qadınlarımız həm də hüquq-mühafizə, məhkəmə, ordu quruculuğu və digər orqanlarda ləyaqətlə xidmət edirlər. Naxçıvan qadınlarının 1-i Azərbaycan Respublikasının Milli Məclisinin, 7-si Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputat­ıdır. Həmçinin muxtar respublikada nazir, komitə sədri, icra başçılarının müavinləri, eyni zamanda hakim və vəkil vəzifələrində çalışan qadınlarımız da vardır. Hazırda muxtar respublikada bələdiyyə üzvlərinin 267-si qadındır. Onlarla qadın isə təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbəri vəzifəsində çalışır. Dövlət qulluğunda 500-dən artıq qadın işləyir. Yeni Azərbaycan Partiyasının muxtar respublika təşkilatında təmsil olunanların 43,6 faizi, təhsil sahəsində işləyənlərin 66,6 faizi, mədəniyyət sahəsində işləyənlərin 69 faizi, səhiyyə və sosial xidmət sahələrində işləyənlərin 77 faizi qadınlardır. Həmçinin muxtar respublikada 5500-dən artıq  qadın sahibkarlıq sahəsində çalışır. Ümumiyyətlə muxtar respublikada fəal əməklə məşğul olan əhalinin  33 faizindən  çoxunu qadınlar təşkil edir.

Həmçinin Komitə sədri vurğulamışdır ki, qadınların məşğulluğunun təmin olunması, müvafiq peşəyə yiyələnmələri üçün də bir sıra tədbirlər görülür.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”na uyğun olaraq qadınlar, xüsusən də sağlamlıq imkanları məhdud olan qadınlar peşə kurslarına cəlb olunur, onların məşğulluqları təmin edilir. Sağlamlıq imkanları məhdud qadınların cəmiyyətə inteqrasiyası üçün müvafiq tədbirlər görülür, sosial vəziyyətləri yaxşılaşdırılır, tənha, ahıl qadınlara sosial xidmətlər göstərilir, qaçqın və məcburi köçkün, şəhid ailələrinin üzvü olan qadınların problemləri həll edilir.

Qadınların istedad və bacarıqlarının aşkar edilməsi, eyni zamanda ailə dəyərlərimizi, milli dəyərlərimizi, adət-ənənələrimizi qorumaq və gənclərə aşılamaq məqsədilə istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışlar keçirilir. Bundan başqa ailələrin, xüsusilə də qadınların özünüməşğulluğunun təmin olunmasında böyük rolu olan ailə təsərrüfatlarının inkişafı da diqqət mərkəzindədir.

Muxtar respublikada qadınların sağlamlıqlarının qorunması, yeni nəslin sağlam doğulması və böyüməsi də daim diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhərində müasir Doğum Mərkəzinin, rayon mərkəzlərində və kəndlərdə xəstəxana və ambulatoriyaların istifadəyə verilməsi, qadınların sağlamlığına diqqətin artırılması bunu bir daha təsdiq edir. Həmçinin  rayonlarda və kəndlərdə maarifləndirici tədbirlərin keçirilməsi də bu işə öz töfhəsini verir.

Komitə sədri bildirmişdir ki, muxtar respublikada qadınların uğurları elm və təhsil sahəsində də müşahidə olunur. Belə ki, onlarla qadın fəlsəfə doktoru və elmlər doktoru elmi adı almışdır. 2017-2018-ci tədris ilində orta ixtisas təhsil müəssisələrinə qəbul olanların 56 faizi, ali təhsil müəssisələrinə qəbul olanların 42,11 faizi qızlar olmuşdur. Həmçinin 500-700 arası bal toplayan abituriyentlərin 57,4 faizini qızlar təşkil etmişdir.

Muxtar respublika qadınları həm də vətənə layiqli övlad böyüdən, onu düzgün tərbiyə edən, eyni zamanda ailənin möhkəmliyini və bütövlüyünü qoruyan qayğıkeş anadır. Ötən 95 il ərzində muxtar respublika qadınları bütün sahələrdə böyük uğurlar əldə etmişlər. Bunun müqabilində də qadınlarımızın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərinə layiq görülmüşlər. İkinci Dünya Müharibəsində Naxçıvandan iştirak etmiş 127 könüllü qadın, müharibə dövründə arxa cəbhədəki xidmətlərinə görə 1736 qadın, müharibədən sonrakı bərpa işlərində fərqləndiyinə görə isə 512 qadın yüksək orden və medallarla təltif olunmuş, qadınlarımızdan 11-i Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. Ölkəmiz müstəqillik qazandıqdan ötən müddət ərzində muxtar respublika qadınlarının 152-i Azərbaycan Respublikasının, 156-sı isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüş, 118 qadın orden, medal və nişanlarla təltif olunmuşdur.

Ramilə Seyidova çıxışının sonunda yaradılan şəraitə və göstərilən hərtərəfli qayğıya görə muxtar respublika qadınları adından Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirmişdir.

Sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək qeyd etmişdir ki, Azərbaycan qadını tarix boyu cəmiyyətin aparıcı qüvvəsi kimi xalqımızın ictimai-siyası həyatında fəal iştirak etmiş, milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşdur.

Bildirmişdir ki, bu gün Naxçıvan qadınlarının da cəmiyyətin inkişafında rolu getdikcə artır, onlar cəmiyyətin bütün sahələrində təmsil olunurlar.Ötən 95 ildə muxtar respublika qadınları kişilərlə bərabər çiyin-çiyinə qurub-yaratmış, Naxçıvanın inkişafına, çiçəklənməsinə layiqli töhfələr vermişlər. Ali Məclisin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərində və dövlət idarəçiliyində muxtar respublika qadınları da yaxından iştirak etmiş, ictimai-siyasi, sosial-iqtisadi və mədəni proseslərin fəal iştirakçısına çevrilmişlər.

Mirsənani Seyidov çıxışının sonunda muxtar respublika qadınlarını 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmiş, onlara can sağlığı arzulamışdır.

Həmçinin tədbirdə kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova və ailə təsərrüfatçısı Sürəyya Quliyeva da çıxış etmişlər.

Çıxışlardan sonra muxtar respublikada ictimai-siyasi fəaliyyəti ilə seçilən 38 qadına müxtəlif nominasiyalar üzrə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomlar təqdim olunmuşdur.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestrı, Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının və Naxçıvan şəhər 11 nömrəli Uşaq Bağçasının balaca fidanlarının hazırladığı kompozisiya, mahnı və rəqs nömrələri ifa olunmuşdur.

Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinın təşkilatçılığı ilə keçirilmişdir.

Həmçinin bütün tədbir iştirakçılarına hədiyyələr verilmişdir.

Joomla 1.5