“Ağıllı uşaq” əyləncəli intellektual oyunu keçirilib

Çap

Naxçıvan şəhər 12 №-li uşaq bağçasında məktəbəqədər hazırlıq qruplarında olan 5-6 yaşlı uşaqlar arasında “Ağıllı uşaq” əyləncəli intellektual oyunu keçirilib.
Oyun başlamazdan əvvəl Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli tədbirin mahiyyəti haqqında məlumat verərək bildirmişdir ki, tədbirin keçirilməsində məqsəd uşaqların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, intellektual oyunlara uşaqların marağının artırılması, kiçik yaşlarından başlayaraq uşaqların əqli qabiliyyətinin və məntiqi düşüncələrinin inkişaf etdirilməsi, intellektual oyunların kütləviliyinin artırılmasıdır. Həmçinin, qeyd edilmişdir ki, uşaq bağçalarında keçirilən intellektual oyunda qalib olmuş komandaların iştirakı ilə may ayında Naxçıvan şəhər birinciliyi keçiriləcəkdir. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Gülər Əhmədova və Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov çıxış edərək muxtar respublikada uşaqlara göstərilən dövlət qayğısı haqqında məlumat vermiş və iştirakçılara uğurlar arzulamışlar. İki mərhələdən ibarət olan oyunda 4 komanda iştirak etmişdir. Birinci mərhələdə uşaqlar butona basmaqla 30 sualı, ikinci mərhələdə isə onlara təqdim olunmuş 5 şəkilli sualı cavablandırmışlar.

Sonda daha çox suala düzgün cavab verərək “Nəqşicahan” komandası I yerə, “Nuh yurdu” komandası II yerə, “Odlar yurdu” və “Vətən” komandaları III yerlərə çıxmışlar. Qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və rəngli kitablar təqdim olunmuşdur. Sonda uşaqlarının iştirakı ilə “Azərbaycan” rəqsi nümayiş olunmuşdur. 20 nəfər uşağın iştirak etdiyi intellektual oyun Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxşıvan Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.