Muxtar respublikada qadınlar hərtərəfli qayğı ilə əhatə olunub

Çap

Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Əvvəllər yalnız qadınlar günü kimi tanınan bu bayram Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1975-ci ildən Beynəlxalq Qadınlar Günü olaraq qeyd edilir.

Ümummilli lider Heydər Əliyev deyirdi: “Dövlət quruculuğumuzun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə içtimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, mənəviyyatımızın inkişaf etdirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər”.

Azərbaycan qadını əsrlər boyu xalqımızın ictimai-siyasi həyatında fəal iştirak etmiş, öz mərdliyi, saflığı və sədaqəti ilə seçilmiş, milli-mənəvi dəyərlərimizin formalaşmasında əhəmiyyətli rol oynamışdır. İllər boyu qazandığı nailiyyətlər nəticəsində Azərbaycan qadınının çox böyük potensiala malik olduğu dəfələrlə sübut olunmuşdur. Hər zaman öz müdrikliyi, ləyaqəti ilə seçilən qadınlarımız bu gün də müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının inkişafına öz töhfələrini verirlər.

Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə dövlət qadın siyasəti diqqət mərkəzində saxlanılmış, qadın hüquqlarının müdafiəsi, gender bərabərliyi, qadınların cəmiyyətin inkişafında, dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.  Bu sahədə möhkəm hüquqi baza yaradılmış, ölkəmiz beynəlxalq konvensiyalara qoşulmuşdur.

Belə ki, 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında qadın hüquqları da öz əksini tapmış, dövlət qurucu­luğu prosesində onların iştirakı təmin edilmişdir. Həmçinin 1992-ci il avqustun 4-də “Qadınların siyasi hüquqları haqqında”, 1995-ci il iyunun 30-da “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında”, “Nikaha daxil olmağa razılıq, minimal nikah yaşı və nikahların qeydə alınması haqqında” beynəlxalq konvensiyalara qoşulmuşdur. 1998-ci ildə isə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Sərəncam imzalanmışdır. Bütün bunlar qadınların hüquqlarının qorunmasına, ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasına, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsinə, lazımi dövlət pro­qramlarının hazırlanmasına geniş imkanlar yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyirdi: “1918-ci ildə seçib-seçilmək hüququ qazanan Azərbaycan qadını qısa müddət ərzində bir neçə əsrə bərabər inkişaf yolu keçmişdir. Ümidvaram ki, qadınlarımız gələcək nəsillərin milli-mədəni irsə, adət-ənənələrimizə  hörmət ruhunda tərbiyəsində var qüvvələrini sərf edəcək, daim yeniləşən ölkəmizin daha da çiçəklənməsinə layiqincə xidmət göstərəcəkdir”.

Bu gün dövlət qadın siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev ölkənin ictimai-siyasi həyatında qadınların təmsilçiliyinin genişlənməsinə çox böyük diqqət yetirir. Həmçinin ölkədə qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunur, qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılır, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanlar yaradılır, qadınların işdə irəliçəkilmə imkanları daha da genişləndirilir. Azərbaycan qadınları bütün sferalarda kişilərlə birlikdə çalışır, öz qabiliyyət və bacarıqları ilə ölkəmizin inkişafına böyük töhfələr verirlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov demişdir: “Hər bir cəmiyyətin mədəni inkişaf səviyyəsi və yüksəlişi, qabaqcıl dəyərlərə malik olması anaya, qadına olan münasibətilə sıx bağlıdır. Azərbaycan cəmiyyətində ana və qadın adının üca tutulması səbəbsiz deyil. Əsas səbəblərindən biri qədim türk adət-ənənələrinin yaşadılmasıdırsa, ikinci səbəb isə müqəddəs dinimiz olan İslam dinidir. Bu dinin ehkamları da qadına, qıza və anaya yüksək ehtiram ifadə etmiş, Qurani-Kərimdə qadın hüquqlarına hörmətlə yanaşılası mənəvi öhdəlik kimi qoyulmuşdur”.

Muxtar respublikada qadınlar hərtərəfli qayğı ilə əhatə olunub. Onların sağlamlıqlarının qorunması, məşğulluqlarının təmin olunması, dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılır. Göstərilən qayğının nəticəsində muxtar respublika qadınları yaradılmış bütün imkanlardan istifadə edərək ölkəmizin inkişafına öz layiqli töhfələrini verirlər. Belə ki, muxtar respublikada müxtəlif peşə sahələrində çalışan qadınların sayı ilbəil artmaqdadır. Təhsil, səhiyyə, mədəniyyət sahələri ilə yanaşı, qadınlarımız həm də hüquq-mühafizə, məhkəmə və digər orqanlarda ləyaqətlə xidmət edir, elm və texniki sahələrdə fəaliyyət göstərirlər. Muxtar respublikada 228 min 354 qadın yaşayır ki, bu da muxtar respublika əhalisinin 50,1 faizini təşkil edir. Təhsil sahəsində işləyənlərin 9841 nəfəri, yaxud 66 faizi, səhiyyə və sosial xidmət sahəsində işləyənlərin 4446 nəfəri, yaxud 76 faizi, mədəniyyət sahəsində işləyənlərin 2683 nəfəri, yaxud 69 faizi, dövlət qulluğunda işləyənlərin 515 nəfəri, yaxud 20,5 faizi qadınlardır. Naxçıvan qadınlarının 1-i Azərbaycan Respublikasının Milli Məclisinin, 7-si Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputat­ıdır. Muxtar respublikada bələdiyyə üzvlərinin 267-si, icra başçılarının müavinlərinin 6-sı qadındır. Hazırda muxtar respublikada 13 qadın bələdiyyə sədri, 76 qadın təhsil, 27 qadın mədəniyyət müəssisələrinin rəhbəri vəzifəsində çalışır. Həmçinin qadınlara göstərilən diqqət və qayğının nəticəsində nazir, komitə sədri, müavin, eyni zamanda hakim, vəkil vəzifələrində çalışan qadınlarımız vardır. Ümumilikdə, təhsil, mədəniyyət və səhiyyə sahəsində 17 minə yaxın qadın işləyir, 9 minə yaxın qadın idmanın müxtəlif növləri ilə məşğul olur. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatında 24096 qadın təmsil olunur. Həmçinin muxtar respublikada 5527 qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

Digər fəaliyyət sahələri ilə yanaşı qadınların məşğulluğunun təmin olunması, müvafiq peşəyə yiyələnmələri üçün də bir sıra tədbirlər görülür, istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün muxtar respublikada xalçaçı, keçəçi, dərzi, ağac üzərində oyma və sairə peşə kursları təşkil olunur.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”na uyğun olaraq sağlamlıq imkanları məhdud qadınlar, eləcə də aztəminatlı ailənin üzvü olan qadınlar peşə kurslarına cəlb olunur, məşğulluq problemləri aradan qaldırılır.

Ailələrin, xüsusilə də qadınların özünüməşğulluğunun təmin olunmasında, həm də kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində böyük rolu olan ailə təsərrüfatlarının qurulması da muxtar respublikada diqqət və qayğı ilə yanaşılan sahələrdən biridir. Bu sahəyə göstərilən qayğının sayəsində qadınlarımızın məşğulluğu, onların sahibkarlıq fəaliyyətləri təmin olunur, həmçinin ailələrinə maddi baxımdan da dəstək ola bilirlər. Həmçinin keçirilən festivallarda ailə təsərrüfatlarının, o cümlədən qadın əməyi ilə ərsəyə gətirilmiş təsərrüfat məhsullarının sərgisi və satışı təşkil olunur.

Qadınların istedad və bacarıqlarının aşkar edilməsi, ailə dəyərlərimizi, mili dəyərlərimizi, adət ənənələrimizi gənclərə aşılamaq məqsədilə istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışlar keçirilir, onların hazırladıqları əl işləri nümayiş olunur. 2018-ci il ərzində Komitənin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində fəaliyyət göstərən qadınların əl işləri mağazasında və festivallarda, eləcə də Heydər Əliyev Sarayında keçirilən “Məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış”da 236 istedadlı şəxsin 11250.50 manat dəyərində 881 əl işi satılaraq dəyəri iş sahiblərinə ödənilmişdir.

Muxtar respublikada yaşayan bütün kateqoriyadan olan qadınlar dövlətin diqqət mərkəzindədir. Sağlamlıq imkanları məhdud qadınların cəmiyyətə inteqrasiyası üçün müvafiq tədbirlər görülür, sosial vəziyyətləri yaxşılaşdırılır, tənha, ahıl qadınlara sosial xidmətlər göstərilir, qaçqın və məcburi köçkün, şəhid ailələrinin üzvü olan qadınlara həssaslıqla yanaşılır, onların problemləri həll edilir, sahibkarlıqla məşğul olan qadınlara dəstək göstərilir, bir sözlə bütün qadınlar qayğı ilə əhatə olunurlar.

Muxtar respublikamızda qadınların sağlamlıqlarının qorunması, yeni nəslin sağlam doğulması və böyüməsi də daim diqqət mərkəzində saxlanılır, Naxçıvan şəhərində müasir Doğum Mərkəzinin, rayon mərkəzlərində və kəndlərdə xəstəxana və ambulatoriyaların istifadəyə verilməsi, qadınların sağlamlığına diqqətin artırılması bunu bir daha təsdiq edir. Həmçinin  rayonlarda və kəndlərdə maarifləndirici tədbirlərin keçirilməsi də bu işə öz töhfəsini verir.

Muxtar respublikada qadınların uğurları elm və təhsil sahəsində də müşahidə olunur. Belə ki, onlarla qadın fəlsəfə doktoru və elmlər doktoru elmi adı almışdır. 2017-2018-ci tədris ilində orta ixtisas təhsil müəssisələrinə qəbul olanların 56 faizi, ali təhsil müəssisələrinə qəbul olanların 42,11 faizi qızlar olmuşdur. Həmçinin 500-700 arası bal toplayan abituriyentlərin 57,4 faizini qızlar təşkil etmişdir.

Həmçinin qürurla qeyd edə bilərik ki, Azərbaycan qadını bütün bu qeyd edilənlərlə yanaşı, həm də vətənə layiqli övlad böyüdən, onu düzgün tərbiyə edən, eyni zamanda ailənin möhkəmliyini və bütövlüyünü qoruyan məsuliyyətli xanım, qayğıkeş anadır.

Həmçinin ötən 95 il ərzində respublika qadınları bütün sahələrdə uğurlar əldə etmiş, səmərəli fəaliyyət göstərən qadınların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərinə layiq görülmüşlər. İkinci Dünya Müharibəsində Naxçıvandan 127 könüllü qadın iştirak etmiş, onların hamısı döyüş orden və medalları ilə təltif olunmuşlar. Müharibə dövründə arxa cəbhədəki xidmətlərinə görə 1736 qadın, müharibədən sonrakı bərpa işlərində fərqləndiyinə görə isə 512 qadın yüksək orden və medallarla təltif olunmuş, qadınlarımızdan 11 nəfəri Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. Ölkəmiz müstəqillik qazandıqdan ötən müddət ərzində qadınların 152-i Azərbaycan Respublikasının, 156-sı isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüş, 118 qadın orden, medal və nişanlarla təltif olunmuşdur.

Bundan sonra da qadınlarımız öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, muxtar respublikamızın inkişafına öz töhfələrini verəcəklər.