Naxçıvanda yaradılan çoxsaylı ailə təsərrüfatları əhalinin rifah səviyyəsinin yüksəlməsinə öz töhfəsini verir

ÇapE-poçt

Bu gün muxtar respublikada yaradılan çoxsaylı ailə təsərrüfatları əhalinin rifah səviyyəsinin yüksəlməsinə öz töhfəsini verən kiçik təsərrüfat birlikləri kimi diqqəti cəlb edir. Adından da göründüyü kimi, bu birlik ailəni təşkil edən fərdlərin ayrı-ayrılıqda əməyinin birgə hədəfə yönləndirildiyi bir təsərrüfat formasıdır. Ailə təsərrüfatlarının formalaşmasında əməksevərlik, ailə birliyi əsas şərtlərdəndir. Ailə təsərrüfatlarının üstün xüsusiyyətləri ondan ibarətdir ki, kənd yerlərində məskunlaşan ailələrin istehsal etdiyi məhsullarla həmin ailələrin həm öz istehlak tələbatlarının müəyyən bir qismi ödənilir, həm də artırılan təsərrüfat məhsullarını satmaq və ya dəyişdirmək yolu ilə gəlir əldə edilir. Bu da ailələrin sosial rifah halının yaxşılaşması ilə yanaşı, muxtar respublikada kənd təsərrüfatının inkişafına öz təsirini göstərir.


Muxtar respublikada ailə təsərrüfatlarına hərtərəfli dövlət dəstəyi göstərilir, onlara lazımi şərait yaradılır

Muxtar respublikada ailə təsərrüfatlarına göstərilən dövlət dəstəyi, onlara yaradılan şərait, ayrılan güzəştli kreditlər, lizinq yolu ilə təqdim edilən texnikalar belə təsərrüfatların inkişafını təmin edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən ötən ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunması, bununla əlaqədar Tədbirlər Planının təsdiq edilməsi, hər il “Ailə təsərrüfatı məhsulları” və “Arıçılıq məhsulları-bal” festivallarının keçirilməsi ailə təsərrüfatçılarına göstərilən ardıcıl və dayanıqlı dövlət dəstəyinin bariz nümunəsidir. Bundan başqa, təkcə 2019-cu il ərzində muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondu tərəfindən 87 ailə təsərrüfatına 820 min manata yaxın dövlət maliyyə dəstəyi göstərilib, 315 ailə təsərrüfatı 12 min 800-dən çox tara ilə təmin olunub. Məhz bunun nəticəsidir ki, həmin ailə təsərrüfatlarının yüksələn xətlə inkişafına nail olunub və onlardan bəziləri artıq kiçik təsərrüfatyönümlü sahibkarlıq subyektlərinə çevriliblər.

Naxçıvanda özünüməşğulluğun təmin edilməsi nəticəsində aztəminatlı ailələrin sayında 18,1 faiz azalma qeydə alınıb

Ailə təsərrüfatlarının yaranması əhalinin məşğulluğunun, xüsusən də özünüməşğulluğun təmin edilməsində xüsusi rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq ailələrin, o cümlədən aztəminatlı ailələrin özünüməşğulluqlarının təmin edilməsi üçün müxtəlif sosial layihələr həyata keçirilir. Belə ki, dövlət proqramına uyğun olaraq ailələrə müxtəlif növdə aktivlər verilir ki, bu da muxtar respublikada ailə təsərrüfatlarının yaranmasına gətirib çıxarır. Uzun müddət ünvanlı dövlət sosial yardımı alan, lakin fərdi təsərrüfatlarını qurmaq istəyən ailələrə köməklik göstərilməsi məqsədilə iribuynuzlu və xırdabuynuzlu mal-qara, həmçinin ailə üzvlərinin peşələrinə uyğun avadanlıqlar verilib. Xüsusi qayğıya ehtiyacı olan ailələr bundan əldə olunan gəlirlərlə öz yaşayış səviyyələrini yüksəldiblər. Cari il ərzində 140 ailə özünüməşğulluq proqramına cəlb edilib. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada 2018-ci ilin II yarımilində aztəminatlı ailələrin sayı 525 nəfər olubsa, cari ilin müvafiq dövründə aztəminatlı ailələrin sayı 430 nəfərədək azalıb ki, bu da aztəminatlı ailələrin sayında 95 nəfər və ya 18,1 faiz azalma deməkdir.

Üç ildə ailə təsərrüfatları alıcılara təqdim etdikləri məhsulların sayını 249 növdən 556-dək artırıblar

Göstərilən dövlət qayğısının nəticəsidir ki, ildən-ilə ailə təsərrüfatlarının sayı ilə yanaşı, ailə təsərrüfatlarında istehsal olunan məhsulların sayında da nəzərəçarpacaq dərəcədə artım olub. “Ailə təsərrüfatı məhsulları” festivalına çıxarılan məhsulların sayında son üç ilə nəzər salsaq aydın olur ki, bu sahəyə göstərilən dövlət qayğısı nəticəsində kənd təsərrüfatı məhsullarının istehsal həcmi ildən-ilə artır. Belə ki, 2017-ci ildə 201 ailə təsərrüfatı tərəfindən 249 növdə, 2018-ci ildə 319 ailə təsərrüfatı tərəfindən 418 növdə, 2019-cu ildə isə 408 ailə təsərrüfatı tərəfindən 556 növdə qablaşdırılmış məhsul festivala çıxarılıb.

Ailə təsərrüfatlarının yaranması və inkişafında qadınlar
aparıcı rol oynayırlar

Hazırda muxtar respublikada öz təsərrüfatlarını idarə edənlər təsərrüfat başçılarının 67-si qadındır. Ailə təsərrüfatlarının yaradılmasında və inkişafında xüsusi rol oynayan qadınlar bu fəaliyyətlə məşğul olmaqla, həm ailə büdcələrinə dəstək verir, həm də ailə üzvləri ilə birlikdə faydalı işlə məşğul olmaqla, gəncləri zəhmətə alışdırıb onlarda əməksevərliyi formalaşdırırlar. Muxtar respublikada nümunəvi ailə təsərrüfatçısı olan qadınlardan Çiçək Bayramova, Fatma Əliyeva, Şəfəq Ağayeva, Gülarə Əliyeva, Sürəyya Quliyeva, Aygün Bayramova, Bahar Seyidova, Mehparə Hüseynova, Fərqanə Muxtarova və başqalarını göstərmək olar. Onların hazırladıqları müxtəlif növ məhsullar, eləcə də əl işlərinin satışı alıcılar tərəfindən böyük rəğbətlə qarşılanır.

Qadın sahibkarların sayı təkcə bir il ərzində 1884 nəfər artıb

Ailə təsərrüfatlarının yaradılması qadınların məşğulluqlarının təmin olunması ilə yanaşı, onların mikro və makro sahibkarlara çevrilməsində də əsas amildir. Bu baxımdan muxtar respublikada qadınların ilkin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Bu tədbirlərin məntiqi nəticəsidir ki, qadınların sahibkarlıq fəaliyyətinə marağı artır və onlar ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalında əhəmiyyətli dərəcədə iştirak edirlər. Belə ki, 2018-ci il 1 iyul tarixə olan statistik məlumata görə, muxtar respublikada 4 min 349 qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olurdusa, ötən ilin müvafiq dövründə bu rəqəm 6 min 233 nəfərə çatıb. Sahibkar qadınlar əsasən istehsal, əczaçılıq, ictimai iaşə sahələri, sənaye materiallarının satışı və lavaş istehsalı, digər ticarət və xidmət sahələrində fəaliyyət göstərirlər. Hazırda Naxçıvan qadınları işaxtarandan iş təklif edənə çevriliblər. Bu da muxtar respublikada müvafiq dövlət siyasətinin uğurlu nəticəsidir.

Məhsulların satışına dövlət dəstəyi göstərilir

Ailə təsərrüfatlarının sayının artmasının əsas səbəblərindən biri də təsərrüfatlarda istehsal olunan məhsulların satışına dövlət dəstəyinin göstərilməsidir. Muxtar respublikanın kəndlərində yaradılan müasir infrastruktur, istehsal edilən kənd təsərrüfatı məhsullarının sərbəst bazara çıxarılması imkanlarının mövcudluğu insanların bu sahəyə marağını daha da artırıb. Qeyd etmək yerinə düşər ki, muxtar respublikada müxtəlif festivallar, bayram yarmarkaları, həftənin şənbə və bazar günləri Naxçıvan Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən Mərkəzi bazarda təşkil edilən kənd təsərrüfatı məhsulları yarmarkaları keçirilir. Həmçinin mağaza və marketlərdə ailə təsərrüfatı məhsulları üçün yaradılmış xüsusi bölmələr, ictimai iaşə obyektləri, restoranlar, kafelər, otel və mehmanxanalarda ailə təsərrüfatı məhsullarının satışının təşkili, eyni zamanda qapalı tipli müəssisələrdə, uşaq bağçalarında bu məhsullardan istifadə, həmçinin muxtar respublikanın rayon və kənd mərkəzlərində yaradılan müasir tipli infrastrukturlar ailə təsərrüfatlarının inkişaf etdirilməsi sahəsində atılan əhəmiyyətli addımlardandır. Muxtar respublikanın rayon və kəndlərində yaradılan xidmət mərkəzləri vasitəsilə burada ailə təsərrüfatçıları tərəfindən istehsal olunan məhsulların satışı təmin edilir. Bundan başqa, “Naxçıvan Məhsulları” publik hüquqi şəxs tərəfindən sözügedən məhsullar xarici ölkələrə də ixrac olunur. Təkcə 2019-cu il ərzində muxtar respublikada keçirilən festivallarda 765 min manatdan çox ailə təsərrüfatı məhsulları satılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə təsərrüfatlarının inkişafına dəstək məqsədilə silsilə tədbirlər həyata keçirilir

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də ailə təsərrüfatının inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Belə ki, komitənin təşkilatçılığı ilə Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən BMT-nin İnkişaf Proqramının “Dayanıqlı inkişaf məqsədlərinin gender aspektini nəzərə almaqla icrasında vətəndaş cəmiyyətinin rolunun təşviqi” adlı sənədində müəyyən olunan layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında “Dayanıqlı inkişaf üçün qadınların səlahiyyətləndirilməsi” layihəsi reallaşdırılıb. Həmin layihə çərçivəsində qadınların, xüsusən də xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud qadınların ailə təsərrüfatı və ya sahibkarlıq sahəsində fəaliyyət göstərməsi üçün maliyyə savadlılığının artırılması, eyni zamanda ailə büdcəsinin idarə olunması məqsədilə müxtəlif təlimlər keçirilib. Bu da idarəetmə vərdişlərinin yüksəldilməsinə, eyni zamanda gəlir mənbələri qismən məhdud olan qadınların sahibkarlıq fəaliyyətinə təşviq edilməsinə xidmət edir.

Layihə çərçivəsində yaradıcılığa və ya istehsala meyilli 319 nəfərdən çox qadın “Gələcəyini planlaşdır” və “Öz biznesinə başla və onu inkişaf etdir” adı altında keçirilən 12 təlimə cəlb olunub. Təlimlərdə iştirak edən qadınlara sertifikatlar təqdim edilib. Layihəyə əsasən hər bir qadın son təlimlərdə biznes planı işləyib, gələcək planlarını qurub, öz fikir və ideyalarını bildirib. Qrant layihənin sonunda 63 qadına, ümumilikdə, 43 min 700 manat məbləğində sərmayə kapitalı verilib. Bu layihənin icrası muxtar respublikada qadınların ailə və bizneslərində maliyyə idarə etməsi üzrə bilik və bacarıqlarının inkişafına təkan verməklə yanaşı, həm yeni ailə təsərrüfatçısı olan qadınların, sahibkar qadınların formalaşmasına şərait yaradacaq.

370 qadının 22 min 82 manat dəyərində 2 min 28 əl işi satılaraq dəyəri onlara ödənilib

Qadınların əl işlərinin sərgi-satışının təşkili, xüsusi qayğıya ehtiyacı olan ailələrə müvafiq köməkliyin göstərilməsi, aztəminatlı ailənin üzvü və sağlamlıq imkanları məhdud olan qadınların peşə kurslarına cəlb edilməsi özünüməşğulluğun təmini istiqamətində həyata keçirilən tədbirlərdəndir. 2019-cu il ərzində Naxçıvan şəhərində fəaliyyət göstərən qadınların əl işləri mağazasında, məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışda və eyni zamanda keçirilən festivallarda, ümumilikdə, 370 qadının 22 min 82 manat dəyərində 2 min 28 əl işi satılaraq dəyəri həmin şəxslərə ödənilib.

Məhsulların onlayn satışının təşkili nəzərdə tutulur

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən gələcəkdə bu məhsulların onlayn satışının həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, komitədə onlayn Ailələrə Dəstək Xidməti (ADX) yaradılması istiqamətində işlər həyata keçirilməkdədir. Xidmət istifadəyə verildikdən sonra ailə təsərrüfatçıları tərəfindən istehsal olunan ailə təsərrüfatı məhsullarının onlayn satışı təmin olunacaq.

Görülən bu işlər muxtar respublikada yeni-yeni ailə təsərrüfatlarının yaranmasına yol açır. Bu da muxtar respublikada ailələrin həm maddi, həm də sosial rifahını gücləndirməklə yanaşı, milli mətbəximizin, ailə dəyərlərimizin qorunmasına öz töhfəsini verir. Ailə təsərrüfatçıları və eyni zamanda qadınlarımız da yaradılan bu şəraitdən istifadə edərək, muxtar respublikanın iqtisadi inkişafına öz töhfələrini verirlər.

Joomla 1.5