Kollegiya iclası keçirilmişdir

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2019-cu ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir.
İclasda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, 2019-cu ildə Komitə tərəfindən muxtar respublikada ailə, qadın və uşaqların hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılmış, beynəlxalq günlər, yubileylər, iclas və tədbirlər, konfranslar, müsabiqələr, monitorinqlər, ekskursiyalar, sərgi-satışlar təşkil olunmuş, ailə, qadın və uşaqlar haqqında statistik məlumatlar toplanılmış, müqayisəli təhlili aparılmış, məlumat bazası yenilənmişdir. Belə ki, 2019-cu il 01 iyul tarixə olan məlumata əsasən muxtar respublikada 97358 ailə vardır ki, bu da keçən illə müqayisədə 699 və ya 0.72 % ailə çoxdur. Bunlardan 1384-ü qaçqın və məcburi köçkün ailə, 223-ü şəhid ailəsi, 430-u aztəminatlı ailədir ki, bu da keçən illə müqayisədə 95 və ya 18.10 % aztəminatlı ailə azdır.

Aztəminatlı ailələrin sosial problemlərinin öyrənilməsi və həlli ilə əlaqədar tədbirlər görülmüş, Komitə tərəfindən 10 aztəminatlı ailələyə baş çəkilmişdir. Görüşlər zamanı onların problemləri ilə maraqlanılmış, ailə üzvləri müvafiq olaraq tibbi müayinədən keçirilmiş, onlara müvafiq köməklik göstərilmişdir.
Ailə institutunun gənclər arasında möhkəmləndirilməsi, qadınların hüquqi biliklərinin artırılması, sağlamlığının qorunması, yeni nəslin sağlam doğulması və böyüməsi məqsədilə muxtar respublikanın kəndlərində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmiş, müvafiq mövzularda çıxışlar edilmiş, qadınların sağlamlıqlarının qorunması yolları, ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların doğulması səbəbləri, reproduktiv sağlamlıq barədə slayd vasitəsilə tədbir iştirakçılarına məlumat verilmiş, maarifləndirici broşürlər paylanılmışdır.
Sağlam ailənin bünövrəsinin qoyulması məqsədilə 7 aprel – Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Sağlam həyat tərzi sağlam ailələrin formalaşmasının təminatıdır” mövzusunda gənclərin iştirakı ilə tədbir keçirilmiş, sağlam həyat tərzinin aşılanması və zərərli vərdişlərin törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilmişdir.
Ailə institutunun möhkəmləndirilməsi diqqətdə saxlanılmış, bununla bağlı Beynəlxalq Ailə Günü ərəfəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, uzun ömürlü ailələrin keçdiyi həyat yolunu, ailələrin uzunömürlü olmalarının sirlərini gənc nəslə aşılamaq məqsədilə yeniyetmə və gənclərin uzunömürlü ailələr ilə görüşü keçirilmiş, evliliklərinin 70 ili tamam olan ailənin yubileyi qeyd olunmuşdur.
15 may - Beynəlxalq Ailə Günü münasibətilə orta ixtisas və ali təhsili müəssisələrinin tələbələri və istedadlı gənclər arasında “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VI muxtar respublika yazı dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi keçirilmiş, qaliblər mükafatlandırılmış, onlara diplom və hədiyyələr verilmiş, qaliblərin rəsm və əl işlərindən ibarət sərgisi təşkil olunmuşdur.
Ramilə Seyidova bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar aztəminatlı ailənin üzvü və sağlamlıq imkanları məhdud olan 1264 nəfər qadınla əlaqə saxlanılaraq müvafiq söhbətlər aparılmış, ümumilikdə, 61 qadının müvafiq məlumatları aidiyyatı təşkilatlara göndərilmişdir.
Həmçinin milli və xalq tətbiqi sənəti növləri üzrə qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində fəaliyyət göstərən qadınların əl işləri mağazasında, “Arıçılıq məhsulları-bal festivalı”nda, “Ailə təsərrüfatı məhsulları” festivalında, məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışda ümumilikdə, 378 istedadlı şəxsin 22133.50 manat dəyərində 2042 əl işi satılaraq dəyərləri iş sahiblərinə ödənilmişdir.
Komitənin təşkilatçılığı ilə BMT-nin İnkişaf Proqramının qismən maliyyə dəstəyi daxil olmaqla Avropa İttifaqının maliyyələşdirdiyi “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətlərinin Artırılması” layihəsinin ilkin mərhələsi olan “Gələcəyini Planlaşdır” adlı Maliyyə Savadlılığı üzrə 7 təlim keçirilmişdir. Həmçinin müvafiq layihə çərçivəsində “Öz biznesinə başla və onu inkişaf etdir” adlı 4 təlim keçirilmiş (hər təlim 3 gün olmaqla), iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Qrant layihənin sonunda 63 qadına, o cümlədən 42 nəfəri məşğul olduğu fəaliyyət növü üzrə iribuynuzlu və xırdabuynuzlu olmaqla, kənd təsərrüfatı sahəsi üzrə, 21 nəfər isə qeyri-aqrar sahə üzrə məşğul olduğu fəaliyyət növünə görə 43 min 700 manat məbləğində qadınlara sərmayə kapitalı verilmişdir.
8 Mart-Beynəlxalq Qadınlar Günü də geniş şəkildə qeyd olunmuş, müxtəlif nominasiyalar üzrə səmərəli fəaliyyətlərinə görə fərqlənən 39 qadına diplom, eləcə də tədbirdə iştirak edən qadınlara hədiyyələr verilmişdir.
Naxçıvan Muxtar Respublikasında 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması ilə əlaqədar Naxçıvan Biznes Mərkəzində “Naxçıvan qadınlarının sahibkarlıq fəaliyyəti: əzmkarlıqdan nailiyyətə” mövzusunda 145 qadının iştirakı ilə tədbir keçirilmişdir.
Qeyd etmişdir ki, uzunömürlülər diyarı kimi tanınan muxtar respublikada ahıl qadınların da yubileylərinin qeyd olunması artıq ənənə halını almışdır. Belə ki, uzunömürlü Qafarova Ceyran İsmayıl qızının anadan olmasının 110 illik yubileyi münasibətilə Şahbuz şəhərində tədbir keçirilmişdir. Tədbirdə yubilyara gül buketi təqdim olunmuşdur.
Komitə sədri bildirmişdir ki, muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsini təmin etmək, sağlamlıq imkanları məhdud uşaqların problemlərini öyrənmək və onların həlli məqsədilə müvafiq işləri həyata keçirmək də diqqətdə saxlanılmışdır. Belə ki, aidiyyəti orqandan sağlamlıq imkanları məhdud olan uşaqlar haqqında məlumatlar alınmış, məlumat bazasına əlavə edilmiş, illər və bölgələr üzrə təhlili aparılmışdır. Muxtar respublikada 1330 oğlan, 717 qız olmaqla 1847 nəfər 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq vardır. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqaisədə 90 nəfər azdır. Həmin uşaqlardan 1274 nəfərinin anadangəlmə, 573 nəfərinin isə sonradan qazanılma nəticəsində sağlamlıqlarını itirdikləri aparılan təhlil zamanı məlum olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-ci il 11 yanvar tarixli 13-05/S nömrəli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Мuxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar olaraq 74 uşaq məktəbəqədər, məktəb, məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə yönləndirilmişdir.
Bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti” Qaydasına uyğun olaraq Komitə tərəfindən monitorinq keçiriləcək uşaq müəssisələrinin siyahısı hazırlanmışdır. Tərtib olunmuş siyahıya uyğun olaraq 20 uşaq müəssisəsində və valideyn himayəsindən məhrum olan 12 uşağın yaşadığı evdə moitorinq keçirilmişdir.
2013-cü il 23 yanvar tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçrilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası” təsdiq olunmuşdur. Müvafiq Qaydaya uyğun olaraq aidiyyatı orqanlar tərəfindən cari ilin ötən dövrü ərzində 24489 nəfər uşaq haqqında məlumatların həmin bankda qeydiyyatları aparılmış, həmçinin proqram təminatında təkmilləşdirmələr aparılmışdır.
Əlamətdar və müəyyən təqvim günlərində uşaqlarla bağlı müsabiqələr, tədbirlər keçirilmişdir. Belə ki, Komitə aidiyyəti orqanlarla birgə Naxçıvan şəhərində fəaliyyət göstərən 11 uşaq bağçasında “Ağıllı Uşaq” İntellektual Oyunları keçirmiş, təşkilatçılar tərəfindən qalib olan komandalara, ümumilikdə 44 diplom, iştirak edən bütün uşaqlara isə 220 fəxri fərman təqdim olunmuşdur.
1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü ilə bağlı silsilə tədbirlər həyata keçirilmiş, muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar üçün keçirilən qanvermə aksiyasında toplanmış 10 lt qan Naxçıvan Muxtar Respublika Xəstəxanasının Qan Bankına verilmişdir. Həmçinin aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqların muxtar respubilkanın istirahət guşələrinə, muzeylərə və tarixi abidələrə ekskursiyası təşkil edilmişdir.
Uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə yay tətili günlərində xüsusi qayğıya ehtiyacı olan 45 uşağın Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” təşkil olunmuşdur. Bundan başqa 1014 uşağa M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən 7 tamaşa, 430 uşağa Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən 2 tamaşa, 540 uşağa isə Naxçıvan Dövlət Film Fondu tərəfindən 4 film nümayiş olunmuşdur ki, cəlb olunan uşaqların sayında, göstərilən tamaşa və filmlərin sayında artma olmuş, ötən illə müqayisədə 1856 uşaq, 8 tamaşa, 4 film çoxdur.
Ramilə Seyidova bildirmişdir ki, “15-sentyabr Bilik Günü” ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında yaşayan aztəminatlı ailələrdən olan 42 uşağa məktəb paltarı və dərs ləvazimatları, mövsümlə əlaqədar qış geyimi verilmişdir.
Həmçinin 20 noyabr-Ümumdünya Uşaq Günü ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında bayram tədbirləri keçirmiş, uşaqlara teatr, tamaşa və filmlər nümayiş olunmuş, muxtar respublikanın tarixi abidələrinə, muzeylərə ekskursiyası təşkil edilmişdir.
“31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il bayramı” münasibətilə 5-hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, 19-sağlamlıq imkanları məhdud, 11 şəhid ailələrindən olan uşaqlar üçün Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində, M.Füzuli adına Ordubad şəhər tam orta İnternat Məktəbində və şəhid ailələrinin yaşadğı ünvanda tədbirlər keçirilmiş və 158 uşağa hədiyyələr verilmişdir.
Bildirilmişdir ki, hesabat dövrü ərzində kütləvi informasiya vasitələrində ailə, qadın və uşaqlarla bağlı maarifləndirmə işi diqqətdə saxlanılmış, Komitə əməkdaşlarının Naxçıvan Dövlət Televiziyasında efirə verilən 29 televiziya verilişində çıxışları olmuş, 107 tədbiri “Xəbərlər” proqramında işıqlandırılmışdır. Həmçinin Komitənin 6 tədbiri İctimai Televiziyada, 3 tədbiri isə Lider Televiziyasında efirə getmişdir. Naxçıvan Dövlət Radiosunda və “Naxçıvanın səsi” radiosunda efirə verilən 54 radio verilişində çıxışları olmuş, “Şərq qapısı” qəzetində 55, rayon qəzetlərində isə 32 materialı dərc edilmişdir. 1598 material müxtəlif internet saytlarında yerləşdirilmişdir.
Həmçinin may ayından etibarən Komitənin rəsmi facebook və instagram səhifələri fəaliyyət göstərir. Komitənin saytında, facebook və instagram səhifələrində muxtar respublikada həyata keçirilən rəsmi tədbirlər, açılışlar, muxtar respublikanın təbliği ilə əlaqədar şəkillər və videolar, həmçinin Komitə tərəfindən keçirilən tədbirlər, görülən işlər, statistik təhlillər mütəmadi şəkildə işıqlandırılmışdır. Eyni zamanda bayram günlərində və əlamətdar tarixlərdə yazılar və şəkillər yerləşdirilmişdir.
Qeyd olunmuşdur ki, 2019-cu il ərzində vətəndaşlar tərəfindən 13 yazılı, 7 elektron müraciət Komitəyə daxil olmuşdur. Komitəyə 2019-cu il ərzində 327 şifahi müraciət daxil olmuşdur. Eyni zamanda Komitənin elektron ünvanına daxil olmuş 7 sorğu qanunamüvafiq qaydada cavablandırılmışdır.
Sonra şöbə müdiri Vüsalə Vəliyeva və baş məsləhətçi Zərnigar Orucəliyeva məruzə ətrafında çıxışlar etmişlər, kollegiya iclasının qərarı qəbul olunmuş və Komitənin 2020-ci il üçün İş planı təsdiq edilmişdir.
Kollegiyaya Komitə sədri yekun vuraraq bildirmişdir ki, Komitə 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış onbirinci sessiyasında qarşıya qoyulan vəzifələri icra edəcək, muxtar respublikanın davamlı inkişafına nail olmaq üçün komitənin səlahiyyətləri daxilində səmərəli və faydalı fəaliyyət göstərəcəkdir.

 

 

Joomla 1.5