Kənddə tibbi xidmətin səviyyəsi yüksəlmişdir

ÇapE-poçt

Yanvarın 13-də Vənənd kənd həkim ambulatoriyasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, ambulatoriyada səhiyyə xidmətinin təşkili ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, ambulatoriya 11 otaqdan - baş həkim, stomatoloq üçün kabinə, palata, tibb bacısı, fizioterapiya, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat, aptek və texniki otaqdan ibarətdir. Ambulatoriyaya stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar verilmişdir. Fizioterapiya kabinəsi isə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası ilə təmin olunmuşdur.

Həkim ambulatoriyasında qeydiyyat elektron formada aparılır. Burada quraşdırılan kompüter səhiyyə informasiya idarəetmə sisteminə qoşulmuşdur.

Ötən il Vənənd kəndində 26 uşaq doğulmuşdur. Hazırda hamilə qadınlara mütəmadi patronaj xidmət göstərilir. Eyni zamanda peyvənd işi də diqqətdə saxlanılır, uşaqlar vaxtlı-vaxtında peyvənd olunur.

Tibb bacısı Arifə Rzayeva yaradılan şəraitə görə minnətdarlıq etmişdir.

Ali Məclisin Sədri kənddə səhiyyə xidmətinin təşkilinin vacibliyini qeyd etmiş, tapşırıq və tövsiyyələrini vermişdir.

Joomla 1.5