Komissiyanın iclası keçirilmişdir

Çap

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın  və  ekspert qrupunun üzvləri, rayon (şəhər) İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədrləri və məsul katibləri iştirak etdiyi iclasda giriş sözü ilə komissiyanın sədri Ramilə Seyidova açaraq gündəlikdə duran məsələlərlə bağlı məlumat vermişdir.

Sonra Ramilə Seyidova Naxçıvan Muxtar Respublikasında 2019-cu il ərzində uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair hesabatla çıxış edərək bildirmişdir ki, hesabat dövrü ərzində muxtar respublikada olan bütün uşaqların, o cümlədən hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, təhsilə cəlb olunması, sosial müdafiələrinin təşkili, xüsusi istedadlarının üzə çıxarılması, asudə vaxtlarının təşkili, sağlamlıqlarının qorunması ilə əlaqədar tədbirlər görülmüş, monitorinqlər təşkil edilmiş, müvafiq uşaqlar haqqında məlumat bazası yaradıl­mışdır. Belə ki, hesabat ili ərzində 9 uşaq qəyyumluq və himayəyə verilmiş, həmin uşaqların evlərində monitorinqlər təşkil olunmuş, yaşayış şəraitləri öyrənilmiş, zəruri ehtiyacları üçün lazımi köməklik göstərilmişdir. Bundan əlavə, bayram günlərində və tədbirlərdə xüsusi  qayğıya ehtiyacı ilan 1006 uşağa hədiyyə və sovqatlar verilmişdır. 15 sentyabr-Bilik Günü ilə əlaqədar xüsusi kateqoriyadan olan 379 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunmuşlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəzarətdə saxlanmış, müvafiq uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilmişdir. Belə ki, 2019-2020-ci tədris ilində ümumtəhsil müəssisələrinin birinci siniflərinə 83, distant tədrisin birinci sinfinə 6, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin birinci sinfinə 2, məktəbdənkənar müəssisələrin dərnəklərinə 126, şahmat məktəblərinə 59, idman məktəblərinə 168, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə 111, məktəbəqədər təhsil müəssisələrinə, ümumtəhsil məktəblərində fəaliyyət göstərən hazırlıq qruplarına və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölmələrinə 193 sağlamlıq imkanları məhdud uşaq cəlb edilmişdir.

Həmçinin hesabat ili  ərzində Naxçıvan Uşaq Bərpa Mərkəzində 435 uşaq müalicə almış, 73 uşağa protez-ortopediya xidmətləri göstərilmiş, 58 uşağa texniki reabilitasiya vasitələri verilmişdir.

Bildirmişdir ki, 2019-cu il ərzində muxtar respublikanın aid dövlət orqanları tərəfindən əlamətdar günlərdə uşaqlar üçün bayram tədbirləri və yaradıcılıq müsabiqələri, o cümlədən şeir, inşa yazı, rəsm, əl işləri müsabiqələri, bilik və idman yarışları keçirilmişdir. Müsabiqə və yarışlarda 20085 uşaq iştirak etmiş, qaliblərə və iştirakçılara diplom və hədiyyə verilmişdir. Həmçinin bayram tədbirlərində və “1 İyun-Uşaqları Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında keçirilən tədbirlərdə  1681 uşağa hədiyyə təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən 20 uşaq müəssisəsində dövri monitorinq keçirilmiş, monitorinqin nəticələri, o cümlədən aşkar edilmiş nöqsanlar ekspert qrupunun üzvləri tərəfindən aktlaşdırılmış və nöqsanların aradan qaldırılması ilə tədbirlər  görülmüşdür.

Komissiya sədri bildirmişdir ki, 2019-cu il ərzində Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının proqram təminatı yenilənmiş, uşaqlar  haqqında  fərdi məlumatlar daxil olunmuş, bankdakı uşaqların sayı 24489 nəfərə çatmışdır.

Uşaq əhalisinin sağlamlığının qorunması, sağlamlıq tədbirlərinin yaxşılaşdırılması və uşaqlara müasir tələblərə uyğun tibbi xidmətin göstərilməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanmış, 2019-cu ildə ixtisaslı həkim briqadaları tərəfindən pediatr olmayan və yaxud sərhəd zonalarında yerləşən ucqar dağ kəndlərində 1795 uşaq müayinə olunmuş, ehtiyacı olanlara tibbi yardım göstərilmişdir. Bununla yanaşı uşaqların icbari dispanserizasiyası zamanı uşaqlar müayinə olunmuş, 1163 nəfər müxtəlif xəstəliklərə görə dispanser qeydiyyatına alınmışdır. Hesabat ili ərzində doğulan 4918 uşağa 12 saat ərzində Hepatit B, 7 gün müddətində BSJ peyvəndləri vurulmuş, poliomielit peyvəndi damcı şəklində verilmişdir. İki aylığından sonra uşaqlara pentavaksin (Hib) peyvəndi və digər peyvəndlər vurulmuşdur. Bütün bunların nəticəsidir ki, idarəolunan yoluxucu xəstəliklərin bir çoxu artıq ləğv olunmuş və ya bu il ərzində rast gəlinməmişdir. Bununla yanaşı elektron sağlamlıq kartlarına keçid işi də yaxşılaşdırılmış və 3729 elektron kart alınıb valideynlərə paylanmışdır.

Muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı və yaradılan müasir təhsil şəraiti uğurlu nəticələrin əldə olunmasına yol açmışdır.Belə ki, ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1720-si ali təhsil müəssisələrinə, 366-sı ümumi, 244-ü tam orta təhsil bazası olmaqla 580-i orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş və ali məktəblərə qəbul olunan 281 nəfəri 500-700 arası bal toplamışdır ki, bunlardan da 172 nəfəri qızlardır. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 180 nəfəri isə müxtəlif ali hərbi məktəblərə daxil olmuşdur.

Həmçinin 2018-2019-cu tədris ilində məktəbi bitirən tam orta təhsil bazası üzrə məzunlardan 13-ü “Qızıl”, 16-sı “Gümüş” medala, 45 nəfər isə fərqlənmə attestatına layiq görülmüşdür. Medallara və fərqlənmə attestatına layiq görülmüş məzunlar onlara göstərilən etimadı doğrultmuş, qəbul imtahanlarında 35 nəfər 500-600,  39 nəfər isə 600-700 arası bal toplamış, 4 məzun isə Prezident təqaüdünə layiq görülmüşdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 iyun tarixli Sərəncamı ilə 2019-cu ildə muxtar respublikada xüsusi istedadı olan 3 məktəblinin adı  Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.

Ramilə Seyidova bildirmişdir ki, muxtar respublikada uşaq-gənclər idmanının təşkili, inkişafı, bədən tərbiyəsi və idman vasitəsilə uşaqların sağlamlığının qorunması, möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, uşaqlar arasında birincilik, turnir, yoldaşlıq görüşü, çempionat, idman yarışı, festival, olimpiada keçirilmişdir. Keçirilən idman oyunlarında 7200-dən artıq uşaq, 1042 uşaq isə intellektual olimpiyada və intellektual oyunlarda iştirak etmişdir. Həmçinin qeyd edib ki, bu gün muxtar respublikada 26000-dən artıq uşaq idmanla məşğul olur ki, bunlardan da 8000-ə yaxını qızlardır.

2019-2020-ci tədris ilində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müxtəlif ixtisaslar üzrə 935 şagird qəbul olunmuşdur. Muxtar respublikanın ixtisaslı müəllimləri tərəfindən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 85 ustad dərsi keçirilmişdir. Muxtar respublikanın mədəni kütləvi tədbirlərində uşaq və gənclərdən ibarət yaradıcılıq qrupları musiqi nömrələri ilə çıxış etmiş, uşaqların ifasında 31 konsert proqramı təşkil olunmuş, Naxçıvan şəhərində fəaliyyət göstərən bağçalarda və tam orta məktəblərin ibtidai siniflərində 285 “Nağıl günü” keçirilmişdir. Bundan əlavə bütün kateqoriyadan olan uşaqlara 167 tamaşa, 17 bədii film göstərilmiş, həmin uşaqların tətil günlərində muzeylərə ekskursiyaları təşkil edilmişdir.

Həmçinin yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, hüquqlarının və qanuni mənafelərinin qorunması, maarifləndirmə və təbliğat işinin aparılması məqsədilə 998 reyd yoxlaması keçirilmiş, müxtəlif mövzularda 556 dəfə görüşlər təşkil edilmiş, məruzə və çıxışlar olmuşdur.

Sonra məruzə ətrafında Ordubad Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Fərqanə Hüseynli, Şahbuz Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Tural Quliyev, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında  Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvləri  Səyyub Kərimov və Süleyman Cəfərov, Naxçıvan Muxtar Respublikasının  Ailə , Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova     çıxışlar etmişdir.

Sonda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2020-ci il üçün “İş Planı” müzakirə olunmuşdur. Komissiyanın sədri tərəfindən monitorinqlər keçiriləcək uşaq müəssisələri və monitorinqin keçirilməsi üzrə yaradılan ekspert qrupunun tərkibi ilə bağlı iclas iştirakçılarına məlumat verilmiş və iclasın qərarı təsdiq olunmuşdur.

İclasa Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Ramilə Seyidova yekun vuraraq bildirmişdir ki, 2020-ci ildə də Komissiya tərəfindən qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar tədbirlər görüləcəkdir.