2019-cu ildə muxtar respublikada uşaqlar dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar

Çap

Muxtar respublikada yaşayan uşaqlar hər il olduğu kimi 2019-cu ildə də dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Onların qanunla müəyyən olunmuş hüquq və mənafelərinin müdafiəsi il ərzində diqqət mərkəzində saxlanılmış və bu sahədə ardıcıl tədbirlər görülmüşdür.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasının təmin olunması məqsədilə 2019-cu il ərzində 9 uşaq qəyyumluq və  himayəyə verilmiş, həmin uşaqların evlərində monitorinqlər təşkil olunmuş, yaşayış şəraitləri öyrənilmiş, zəruri ehtiyacları üçün lazımi köməklik göstərilmişdir. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlətin göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hesabat ili ərzində ümumtəhsil məktəblərini bitirmiş uşaqlardan 4-ü ali məktəbə qəbul olmuşdur. Bundan əlavə, bayram günlərində və tədbirlərdə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanı məhdud, şəhid və aztəminatlı ailələrdən olan 1006 uşağa hədiyyə və sovqatlar verilmişdir ki, bu da ötən illə müqayisədə 286 uşaq çoxdur. 15 sentyabr-Bilik Günü ilə əlaqədar xüsusi  qayğıya ehtiyacı olan 379 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunmuşlar. Həmçinin ötən il ərzində 6 uşaq övladlığa verilmişdir ki, bu da əvvəlki illə müqayisədə 5 uşaq azdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəzarətdə saxlanılmış, sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması, məsafədən (distant) təhsilin əhatə dairəsinin genişləndirilməsi, sosial reabilitasiyasında müasir üsulların tətbiq edilməsi, onların cəmiyyətə inteqrasiyası üçün əlverişli şəraitin yaradılması məqsədilə bir sıra işlər görülmüş, müvafiq uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilmişdir.

 

 

Belə ki, 2019-2020-ci tədris ilində ümumtəhsil müəssisələrinin birinci siniflərinə 83, distant tədrisin birinci sinfinə 6, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin birinci sinfinə 2, məktəbdənkənar müəssisələrin dərnəklərinə 126, şahmat məktəblərinə 59, idman məktəblərinə 168, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə 111, məktəbəqədər təhsil müəssisələrinə, ümumtəhsil məktəblərində fəaliyyət göstərən hazırlıq qruplarına və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölmələrinə 193 sağlamlıq imkanları məhdud uşaq cəlb edilmişdir. Defektoloji bölmənin və psixoloji dəstək xidmətinin mütəxəssisləri tərəfindən Naxçıvan Şəhər Körpə­lər Evi və Ailələrə Dəstək Mərkəzində uşaqlarla fərdi qaydada reabilitasiyayönümlü məşğələlər aparılmış, mərkəzin təlim-tərbiyə üzrə mütəxəssislərinə maarifləndirici təlimlər keçirilmişdir.

 

 

Həmçinin ümumtəhsil məktəblərində müvafiq kateqoriyadan olan 1048, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 10, Distant Tədris Mərkəzində 11 uşaq təhsil, 9 uşaq isə Naxçıvan Şəhər Körpə­lər Evi və Ailələrə Dəstək Mərkəzində təlim-tərbiyə alır.

 

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində 12 uşağın təhsil aldığı art terapiya kursları təşkil edilmiş, müvafiq Mərkəzdə kinect oyun otağında təşkil edilmiş məşğələlərə 46, musiqi terapiyasına 43, psixoloji dəstək xidmətinə 59 diqqət zəifliyi olan və hiperaktiv uşaqlar cəlb edilmiş, həmçinin Mərkəzdə audio və elektron kitabxanaların zənginləşdirilməsi məqsədilə il ərzində elektron kitabxana fonduna 100 yeni elektron kitab, audiokitabxana fonduna 39 əsər və 18 sənədli film əlavə edilmişdir. Hazırda audiokitabxana fondunda 1455, elektron kitabxana fondunda 873, brayl kitabxana fondunda isə 1228 kitab mövcuddur. Görmə məhdudiyyətli uşaqlar üçün “Könül işığı” adlı brayl jurnalının, “Şəfəq” adlı xüsusi nəşrlərinin nömrələri də audiokitabxananın kataloquna daxil edilmişdir. Həmçinin muxtar respublikanın uşaq kitabxanları tərəfindən 158 sağlamlıq imkan­­­ları məhdud uşağa evlərində səyyari kitabxana xidməti göstərilmişdir.

 

Sağlamlıq imkan­­­ları məhdud uşaqlar peşə təhsilindən də kənarda qalmamışdır. Ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan şagirdlərə peşəyönümlü məşğələlər keçirilmiş, əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilmişdir. Ümumtəhsil məktəblərini bitirən sağlamlıq imkan­­­ları məhdud uşaqlardan 12 nəfəri orta ixtisas təhsili müəssisəsinə, 14 nəfəri isə ali təhsil müəssisələrinə qəbul olmuşdur.

Sağlamlıq imkanları məhdud uşaqların tibbi reabilitasiyası da diqqətdə saxlanılmışdır. Belə ki, 2019-cu il ərzində Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 435 uşaq müalicə almış, 73 uşağa protez-ortopediya xidmətləri göstərilmiş, 58 uşağa texniki reabilitasiya vasitələri verilmişdir.

 

Eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə aidiyyəti dövlət orqanları tərəfindən məktəbəqədər, məktəb və məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər aparılmış, 4 məktəbdə maarifləndirici görüş keçirilmişdir.

Sağlamlıq imkanları məhdud uşaqların istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, eləcə də cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə onlar arasında əyləncəli idman oyunları, yarışlar və müsabiqələr keçirilmiş, rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil edilmiş, film, konsert proqramı və tamaşalar nümayiş olunmuş, müvafiq kateqoriyadan olan uşaqların tarixi abidələrə, muzeylərə, istehsal və emal müəssisələrinə ekskursiyaları təşkil edilmişdir.

 

Məktəblilər arasında keçirilən fənn olimpiadasında 1 nəfər sağlamlıq imkanları məhdud uşaq III yerə layiq görülmüş, həmçinin 250-dən çox sağlamlıq imkanları məhdud uşaq idman oyunlarında iştirak etmiş, iştirakçılara diplom və hədiyyə verilmişdir. Bundan əlavə Xırdalan və Naxçıvan şəhərində keçirilən  idman yarışlarında  isə  2 nəfər I yerin, 2 nəfər isə III yerin qalibi olmuşdur.

 

Uşaqların, eləcə də xüsusi qayğıya eytiyacı olan uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə aid dövlət orqanları tərəfindən Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilmişdir. Belə ki, 30 sağlamlıq imkanı məhdud, 21 aztəminatlı, 18 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, 1 şəhid, 5 qaçqın və məcburi köçkün  ailələrdən olan uşaqlar olmaqla, ümumilikdə 422 uşağın istirahəti təmin olunmuşdur.

2019-cu il ərzində muxtar respublikanın aid dövlət orqanları tərəfindən əlamətdar günlərdə uşaqlar üçün bayram tədbirləri və yaradıcılıq müsabiqələri, o cümlədən şeir, inşa yazı, rəsm, əl işləri müsabiqələri, bilik və idman yarışları keçirilmişdir. Müsabiqə və yarışlarda 20085 uşaq iştirak etmiş, bu da ötən illə müqayisədə  16417 uşaq çoxdur. Qaliblərə və iştirakçılara diplom və hədiyyə verilmişdir. Həmçinin bayram tədbirlərində və “1 İyun-Uşaqları Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar keçirilən tədbirlərdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanı məhdud, şəhid və aztəminatlı ailələrdən olan uşaqlar olmaqla, ümumilikdə 1681 uşağa hədiyyələr təqdim olunmuşdur.

 

Yetkinlik yaşına çatmayanlar arasında nəzarətsizliyin və hüquqpozmaların profilaktikası ilə əlaqədar bir sıra tədbirlər görülmüşdür. Belə ki, yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, hüquqlarının və qanuni mənafelərinin qorunması, maarifləndirmə və təbliğat işinin aparılması məqsədilə 998 reyd yoxlaması keçirilmiş, müxtəlif mövzularda  keçirilən görüşlərdə 556 dəfə məruzə və çıxışlar olmuşdur.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən 20 uşaq müəssisəsində dövri monitorinq keçirilmişdir. Məqsəd həmin müəssisələrdə uşaqların qanun­veri­ciliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması və uşaq hüquqlarının pozulması hallarının qarşısının alınmasıdır. Monitorinqlərin nəticələri, o cümlədən aşkar edilmiş nöqsanlar ekspert qrupunun üzvləri tərəfindən aktlaşdırılmış, nöqsanların aradan qaldırılması ilə bağlı aidiyyəti təşkilatlara aktın surəti göndərilmiş və lazımi tədbirlər görülmüşdür.

 

2019-cu il ərzində Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının proqram təminatı yenilənmiş, uşaqlar haqqında fərdi məlumatlar daxil olunmuş, bankdakı uşaqların sayı 24489 nəfərə çatmışdır.

Uşaq əhalisinin sağlamlığının qorunması, sağlamlıq tədbirlərinin yaxşılaşdırılması və uşaqlara müasir tələblərə uyğun tibbi xidmətin göstərilməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanmışdır. Belə ki, 2019-cu ildə də ixtisaslı həkim briqadaları tərəfindən pediatr olmayan və yaxud sərhəd zonalarında yerləşən ucqar dağ kəndlərində 1795 uşaq müayinə olunmuş, ehtiyacı olanlara tibbi yardım göstərilmişdir. Bununla yanaşı uşaqların icbari dispanserizasiyası  ilə əlaqədar  tədbirlər  görülmüş, uşaqlar arasında qurd invaziyalarının qarşısının alınması üçün    şəhər  və rayon  Gigiyena və Epidemiologiya Mərkəzləri tərəfindən profilaktik müayinələr aparılmışdır.

Son illər əhali artımında müsbət miqrasiya ilə yanaşı, yeni doğulanların sayı da əsas rol oynamışdır. Belə ki, ötən il ərzində 5415 uşaq doğulmuş və  muxtar respublikada uşaqların sayı 164546 olmuşdur. Bu da ötən illə müqayisədə 1265 uşaq çoxdur. Hesabat ili ərzində doğulan 4918 uşağa 12 saat ərzində Hepatit B, 7 gün müddətində BSJ peyvəndləri vurulmuş, poliomielit peyvəndi damcı şəklində verilmişdir. İki aylığından sonra uşaqlara pentavaksin (Hib) peyvəndi və digər peyvəndlər vurulmuşdur. Bütün bunların nəticəsidir ki, idarəolunan yoluxucu xəstəliklərin bir çoxu artıq ləğv olunmuş və ya bu il ərzində rast gəlinməmişdir.

Bununla yanaşı elektron sağlamlıq kartlarına keçid işi də yaxşılaşdırılmış və 3729 elektron kart alınıb valideynlərə paylanmışdır.

 

2019-cu il ərzində muxtar respublikada şagird və tələbələrin bilik və bacarıqlarının artırılmasına, intellektual səviyyəsinin yüksəldilməsinə, təhsil alaraq layiqli vətəndaş kimi formalaşmasına çalışılmışdır.

2019-2020-ci tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində 50590 şagird təhsil alır ki, bunlardan 24357-si qızlardır. Tədris ilində ümumtəhsil məktəblərinin I sinfinə 2549 qız olmaqla, 5030 şagird tədrisə cəlb olunmuşdur. Ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1720-si ali təhsil müəssisələrinə, 366-sı ümumi, 244-ü tam orta təhsil bazası olmaqla 580-i orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş və ali məktəblərə qəbul olunan 281 nəfəri 500-700 arası bal toplamışdır ki, bunlardan da 172 nəfəri qızlardır. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 180 nəfəri isə müxtəlif ali hərbi məktəblərə daxil olmuşdur.

2018-2019-cu tədris ilində məktəbi bitirən tam orta təhsil bazası üzrə məzunlardan 13-ü “Qızıl”, 16-sı “Gümüş” medala, 45 nəfər isə fərqlənmə attestatına layiq görülmüşdür. Medallara və fərqlənmə attestatına layiq görülmüş məzunlar onlara göstərilən etimadı doğrultmuş, qəbul imtahanlarında 35 nəfər 500-600,  39 nəfər isə 600-700 arası bal toplamış, 4 məzun isə Prezident təqaüdünə layiq görülmüşdür.

İstedadlı uşaqlar və gənclərin təhsilinin davam etdirilməsi məqsədilə muxtar respublika məktəblərinin fənn olimpiadaları keçirilmişdir. Keçirilən fənn olimpiadalarında 2-si qızıl, 6-sı gümüş, 17-si isə bürünc medal olmaqla, 25 şagird qalib olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 iyun tarixli Sərəncamı ilə 2019-cu ildə muxtar respublikada xüsusi istedadı olan 3 məktəblinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 mart tarixli “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Sərəncamına uyğun olaraq elmi dərəcəli müəllimlər tərəfindən 2019-cu il ərzində muxtar respublikanın ümumtəhsil məktəblərində 1465 saat nümunəvi dərs tədris olunmuşdur.

 

Bundan əlavə il ərzində ümümtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə 326 açıq dərs keçirilmişdir.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq uşaqların yüksək təhsilə və informasiya-kommunikasiya texnologiyalarına yiyələnmələri istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Belə ki, muxtar respublikanın ümumtəhsil məktəblərində 49 interaktiv dərs keçirilmiş, 670-dən çox elektron lövhədən şagirdlərə müxtəlif fənnlər tədris edilmiş, 90 faizdən yuxarı internetə qoşulmaqla, 9 şagird 1 kompyuter dəstindən yararlanmışdır. Bu da uşaqların müasir təhsil sistemi əsasında biliklərə yiyələnməsinə şərait yaradır.

Muxtar respublikada uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təkşili istiqamətində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər fəaliyyətə başlamışdır.

Muxtar respublikada uşaq-gənclər idmanının təşkili, inkişafı, bədən tərbiyəsi və idman vasitəsilə uşaqların sağlamlığının qorunması, möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, uşaqlar arasında birincilik, turnir, yoldaşlıq görüşü, çempionat, idman yarışı, festival, olimpiada keçirilmişdir. Keçirilən idman oyunlarında 7200-dən artıq uşaq, 1042 uşaq isə intellektual olimpiada və intellektual oyunlarda iştirak etmişdir.

Bu gün muxtar respublikada 26000-dən artıq uşaq idmanla məşğul olur ki, bunlardan da 8000-ə yaxını qızlardır. İdmanla məşğul olan uşaqlar istər muxtar respublikada, istərsə də muxtar respublikadan kənarda keçirilən idman yarışlarında yüksək nailiyyətlər əldə etmiş, Azərbaycan birinciliyində, Azərbaycan, Avropa və Dünya çempionatlarında, beynəlxalq turnirlərdə və beynəlxalq şahmat festivallarında 56-sı I yer, 52-si II yer, 83-ü III yer olmaqla, 191 yer qazanmışlar.

 

2019-2020-ci tədris ilində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müxtəlif ixtisaslar üzrə 935 şagird qəbul olunmuşdur. Muxtar respublikanın ixtisaslı müəllimləri tərəfindən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində müəllim və şagirdlərin hazırlıq səviyyəsinin artırılması məqsədilə müxtəlif ixtisaslar üzrə 85 ustad dərsi keçirilmişdir.

 

Muxtar respublikanın mədəni kütləvi tədbirlərində uşaq və gənclərdən ibarət yaradıcılıq qrupları musiqi nömrələri ilə çıxış etmiş, uşaqların ifasında 31 konsert proqramı təşkil olunmuşdur.

 

Naxçıvan şəhərində fəaliyyət göstərən bağçalarda və tam orta məktəblərin ibtidai siniflərində kitaba marağın artırılması məqsədilə 285 “Nağıl günü” keçirilmişdir. Bundan əlavə bütün kateqoriyadan olan uşaqlara 167 tamaşa, 17 bədii film göstərilmiş, həmin uşaqların tətil günlərində muzeylərə ekskursiyaları təşkil edilmişdir.

 

Həmçinin uşaq hüquqlarının qorunması ilə bağlı maarifləndirmə və təbliğat işinin aparılması ilə əlaqədar tədbirlər görülmüş və uşaqların hüquqi biliklərə yiyələnməsi məqsədilə televiziya, radio verilişi efirə verilmiş, qəzetdə məqalələr dərc edilmiş, keçirilən tədbirlər muxtar respublika­nın mətbuat orqanlarında işıqlandırılmışdır.

 

Eyni zamanda 2019-cu il ərzində aid dövlət orqanlarına Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində müəyyən edilən yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanların ictimai təhlükəli əməllər törətməsi barədə, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynlər və ya digər qanuni nümayəndələr barəsində ərizə və müraciətlər daxil olmamışdır.

2020-ci ildə də uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması istiqamətində fəaliyyət gücləndiriləcəkdir.