Dövlət Proqramının icrası yeni-yeni nailiyyətlərə yol açır

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəzarətdə saxlanılıb, sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması, məsafədən (distant) təhsilin əhatə dairəsinin genişləndirilməsi, sosial reabilitasiyasında müasir üsulların tətbiq edilməsi, onların cəmiyyətə inteqrasiyası üçün əlverişli şəraitin yaradılması məqsədilə bir sıra işlər görülüb, müvafiq uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb ediliblər.

2019-2020-ci tədris ilində ümumtəhsil müəssisələrinin birinci siniflərinə 83, distant tədrisin birinci sinfinə 6, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin birinci sinfinə 2, məktəbdənkənar müəssisələrin dərnəklərinə 126, şahmat məktəblərinə 59, idman məktəblərinə 168, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə 111, məktəbəqədər təhsil müəssisələrinə, ümumtəhsil məktəblərində fəaliyyət göstərən hazırlıq qruplarına və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölmələrinə 193 sağlamlıq imkanları məhdud uşaq cəlb edilib. Defektoloji bölmənin və psixoloji dəstək xidmətinin mütəxəssisləri tərəfindən Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində uşaqlarla fərdi qaydada reabilitasiyayönümlü məşğələlər aparılıb, mərkəzin təlim-tərbiyə üzrə mütəxəssislərinə maarifləndirici təlimlər keçirilib.

 

Ümumtəhsil məktəblərində müvafiq kateqoriyadan olan 1048, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 10, Distant Tədris Mərkəzində 11 uşaq təhsil, 9 uşaq isə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində təlim-tərbiyə alır.

 

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində 12 uşağın təhsil aldığı art terapiya kursları təşkil edilib, müvafiq mərkəzdə kinect oyun otağında təşkil edilmiş məşğələlərə 46, musiqi terapiyasına 43, psixoloji dəstək xidmətinə 59 diqqət zəifliyi olan və hiperaktiv uşaqlar cəlb edilib. Həmçinin mərkəzdə audio və elektron kitabxanaların zənginləşdirilməsi məqsədilə il ərzində elektron kitabxana fonduna 100 yeni elektron kitab, audiokitabxana fonduna 39 əsər və 18 sənədli film əlavə edilib. Hazırda audiokitabxana fondunda 1455, elektron kitabxana fondunda 873, brayl kitabxana fondunda isə 1228 kitab mövcuddur. Görmə məhdudiyyətli uşaqlar üçün “Könül işığı” adlı brayl jurnalının, “Şəfəq” adlı xüsusi nəşrlərinin nömrələri də audiokitabxananın kataloquna daxil edilib. Həmçinin muxtar respublikanın uşaq kitabxanaları tərəfindən 158 sağlamlıq imkanları məhdud uşağa evlərində səyyari kitabxana xidməti göstərilib.

Joomla 1.5