Daha bir hərəkət qabiliyyəti məhdud uşaq distant tədrisə cəlb olunub

Çap

Muxtar respublikada həyata keçirilən kompleks sosial müdafiə tədbirləri sağlamlıq imkanları məhdud uşaqları da əhatə edir. Onların hərtərəfli inkişafına göstərilən diqqət və qayğı, müvafiq kateqoriyadan olan uşaqların yaradılan şəraitdən səmərəli istifadə etməsi, cəmiyyətə inteqrasiyası üçün əlverişli mühit yaradıb. Bu sahədə hazırlanmış müfəssəl proqramlar onların həyatın bütün sahələrinə tam şəkildə inteqrasiya etməsinə, sağlamlıqlarının qorunmasına və təhsil imkanlarının artırılmasına əlverişli zəmin yaradıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin icrası istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə, sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant təhsil mühitinin yaradılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə məktəbəqədər, məktəb və məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər aparılır, hərəkət qabiliyyəti məhdud olan uşaqların distant tədrisə cəlbi davam etdirilir. Bu tədbirlərin davamı olaraq, bu günlərdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlliyi, Təhsil Nazirliyi, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə daha bir sağlamlıq imkanları məhdud uşaq – Elnar Həsənov distant tədrisə cəlb edilib. Elnar Həsənov, zəruri dərs ləvazimatları, tədris vəsaitləri, məktəbli geyimi ilə təmin olunub, ona tədris prosesinin gedişinə uyğun müvafiq təlimatlar verilib. Elnarın valideynləri yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.