Ali Məclisin Sədri Sərəncam imzaladı

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 17-də “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafının təmin edilməsi məqsədi ilə qərara alıram:

1. “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2.  Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin və hər ilin yekununda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin".

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

 

2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq

edilmişdir

2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında

baytarlıq təbabətinin inkişafı üzrə

DÖVLƏT PROQRAMI

1. Giriş

Muxtar respublikada əhalinin keyfiyyətli ət və süd məhsullarına olan tələbatının ödənilməsi məqsədilə heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Qəbul olunmuş dövlət proqramlarının icrası, maliyyə dəstəyinin gücləndirilməsi, süni mayalandırmanın tətbiqi və cins tərkibinin yaxşılaşdırılması, qüvvəli yem istehsalı müəssisələrinin fəaliyyətə başlaması heyvandarlığın inkişafına səbəb olmuş, bu sahə üzrə fermer və ailə təsərrüfatları yaranmış, məhsul istehsalı artmışdır. Hazırda muxtar respublikada iribuynuzlu heyvanların sayı 115 min 620 başa, xırdabuynuzlu heyvanların sayı 704 min 57 başa, quşların sayı 1 milyon 307 min başa, arı ailələrinin sayı isə 99 min 798-ə çatdırılmışdır.

Keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları istehsalında baytarlıq xidmətinin təşkili əsas vəzifələrdəndir. Bu amil nəzərə alınaraq muxtar respublikada baytarlıq xidməti müasir tələblərə uyğun qurulmuş, maddi-texniki baza möhkəmləndirilmiş, ixtisaslı kadr hazırlığına başlanmış, kəndlərdə baytarlıq məntəqələrinin fəaliyyəti təmin olunmuşdur. Lakin heyvanların, quşların və arı ailələrinin sayının artması, həmçinin muxtar respublikanın yerləşdiyi coğrafi mövqe baytarlıq xidmətinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsini və bu sahə üzrə dövlət proqramının qəbul olunmasını zərurətə çevirmişdir.

2. Dövlət Proqramının məqsəd və vəzifələri

Dövlət Proqramının məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:

-baytarlıq sahəsində dövlət tənzimləməsi, dövlət nəzarəti və əlaqələndirmənin həyata keçirilməsi;

-muxtar respublikada heyvandarlıq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi baxımından qeydiyyata alınması və dövlət reyestrinin aparılması;

-heyvandarlıq təsərrüfatlarında elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi nail olunması;

-muxtar respublikada yoluxucu və parazitar xəstəliklərin baş verməsinin qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi;

-heyvan mənşəli qida məhsullarının ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanılması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində məhsulların təhlükəsizliyinin təmin edilməsi;

-məhsuldar heyvan, quş, arı və balıq cinslərinin yetişdirilməsi, onlardan yüksək keyfiyyətli məhsul götürülməsi üçün zoobaytar qaydalarına əməl edilməsi;

3. Dövlət Proqramının maliyyə təminatı

Dövlət Proqramının icrası ilə bağlı tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunvericilikdə müəyyən olunmuş digər mənbələr hesabına həyata keçirilir.

4. Dövlət Proqramının icrasından gözlənilən nəticələr

Dövlət Proqramının icrası sayəsində aşağıdakı nəticələrin əldə olunması gözlənilir:

-profilaktiki, epizootiya əleyhinə, sanitariya və digər baytarlıq tədbirləri həyata keçirməklə kənd təsərrüfatı heyvanlarının və digər heyvanların xəstəliklərdən qorunması;

-heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması;

-yoluxucu xəstəliklərə qarşı qabaqlayıcı tədbirlər;

-daxili bazarın keyfiyyətli ekoloji-təmiz heyvandarlıq məhsulları ilə təmin olunması;

-heyvandarlıqda baytarlıq-sanitariya işinin müasir dövrün tələblərinə uyğunlaşdırılması;

-cins tərkibinin yaxşılaşdırılması hesabına intensiv yolla məhsul istehsalının artırılması;

-baytarlıq sahəsində mütəxəssislərin hazırlanması.

5. Dövlət Proqramının həyata keçirilməsi üzrə

TƏDBİRLƏR PLANI

S/s

Tədbirin adı

İcraçılar

İcra müddəti

5.1.

Xəstəliklər zamanı ənənəvi müalicələrə üstünlük verilməsi

Dövlət Baytarlıq Xidməti

Mütəmadi

5.2.

Heyvanların baş sayı, keçirdiyi xəstəliklər, aparılmış peyvəndləmə tədbirləri, birkalanmış heyvanlar və aid olduğu sahibkar haqqında məlumat bankının yaradılması

Kənd Təsərrüfatı Nazirliyi,  Dövlət Baytarlıq Xidməti

2020-2025

5.3.

Tələf olmuş heyvan cəsədlərinin ətraf mühitə atılmasının qarşısının  alınması

Dövlət Baytarlıq Xidməti, rayon icra hakimiyyətləri

2020-2025

5.4.

Muxtar respublikada özəl baytarlıq klinikalarının yaradılmasının dəstəklən­məsi

Dövlət Baytarlıq Xidməti

2020-2025

5.5.

Naxçıvan şəhərində və rayonlarda  heyvandarlıq-arıçılıq sahələri üzrə əczaxanaların yaradılmasının davam etdirilməsi

Dövlət Baytarlıq Xidməti

2020-2025

5.6.

Müayinə və analizlərin beynəlxalq stan­dartlara uyğun şəkildə aparılması məqsədilə mövcud baytarlıq laborato­riyalarından səmərəli istifadə etməklə onların maddi-texniki bazasının gücləndirilməsi

Dövlət Baytarlıq Xidməti, Maliyyə Nazirliyi

2020-2025

5.7.

Heyvanların cins tərkibinin yaxşılaşdırıl­ması, məhsuldarlığın yüksəldilməsi, təbii yolla keçən xəstəliklərin qarşısının alınması məqsədilə süni mayalanma tədbirlərinin əhatə dairəsinin genişləndi­rilməsi və əhali arasında maarifləndirmə işlərinin aparılması

Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti

Mütəmadi

5.8.

Süni mayalanma işinin səmərəliyinin artırılması məqsədilə keyfiyyətli toxum bankının yaradılması, bu sahə üzrə mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi

Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti

Mütəmadi

5.9.

Səyyari suni mayalanma xidmətinin göstərilməsi

Dövlət Baytarlıq Xidməti

Mütəmadi

5.10.

Məhsuldarlığı daha da artırmaq məqsədilə müasir standartlara uyğun özəl iri damazlıq təsərrüfatlarının yaradıl­masının dəstəklənməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Baytarlıq Xidməti

2020-2025

5.11.

Heyvandarlıqla məşğul olan sahibkarların bu sahəyə olan marağının artırılması məqsədilə heyvandarlıq məhsullarının tədarükü məntəqələrinin yaradılması

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti

2020-2025

5.12.

Muxtar respublikanın şəhər və rayon­larında özəl ət kəsimi məntəqələrinin yaradılması

Dövlət Baytarlıq Xidməti, İqtisadiyyat Nazirliyi

2020-2025

5.13.

Baytarlıq təbabəti kafedrasının maddi-texniki bazasının gücləndirilməsi, baytarlıq ixtisası üzrə təhsil alan tələbələr üçün təcrübə dərslərin keçirilməsinin davam etdirilməsi

Naxçıvan Dövlət Universiteti, Naxçıvan Dövlət Texniki Kolleci, Dövlət Baytarlıq Xidməti

2020-2025

5.14.

Heyvandarlıq məhsullarının emalı və qablaşdırılmasını həyata keçirən müəssisələrin reyestrinin aparılması

Antiinhisar və İstehlak  Bazarına Nəzarət Dövlət Xidməti

2020-2025

5.15.

Heyvandarlıqda sığorta işinin  təşkili ilə bağlı sahibkarlarla maarifləndirmə tədbirlərinin keçirilməsi

Dövlət Baş Sığorta Agentliyi, Aqrar Sığorta Fondu, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti

2020-2025

5.16.

Dövlət büdcəsi vəsaiti hesabına subsidiyaların verilməsi məqsədilə arı ailələrinin (pətəklərinin) identikləşdirilməsinin davam etdirilməsi

Dövlət Baytarlıq Xidməti

İldə bir dəfə

5.17.

Yerli arı genefondunun mühafizəsi, arı xəstəliklərinin qarşısının alınması üçün qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı sahibkarlar arasında maarifləndirmə tədbirlərinin aparılması

Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti, AMEA-nın Naxçıvan Bölməsi, Arıçılar Birliyi

Mütəmadi

5.18.

Heyvan mənşəli xəstəliklərin qarşısının alınması ilə bağlı profilaktik tədbirlərin görülməsi, vaksinasiya və laborator analizlərin vaxtında aparılması

Səhiyyə Nazirliyi,  Dövlət Baytarlıq Xidməti

Mütəmadi

5.19.

Baytarlıq təbabətinin müxtəlif sahələri üzrə konfransların keçirilməsi, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin heyvandarlıq təsərrüfatlarında, istehsal və emal sexlərində tətbiqi

Naxçıvan Dövlət Universiteti, Dövlət Baytarlıq Xidməti

2020-2025

5.20.

Gömrük keçid məntəqələrində baytar karantin nəzarəti tədbirlərinin aparılması üçün aid dövlət orqanları ilə işlərin təşkili

Dövlət Gömrük Komitəsi, Gigiyena və Epidemiologiya Mərkəzi

Mütəmadi

5.21.

Baytarlıq preparatlarının, yemlərin və yem əlavələrinin, biostimulyatorların və hormonların təhlükəsizliyinə və keyfiyyətinə nəzarətin təşkili

Dövlət Baytarlıq Xidməti, Dövlət Gömrük Komitəsi

Mütəmadi

5.22.

Heyvandarlıq binalarının yerləşdiyi ərazilərdə, yaylaqlarda zoobaytarlıq və zoogigiyenik tədbirlərin vaxtında və düzgün həyata keçirilməsinə, yaylaq mövsümünün bitməsi ilə əlaqədar oba yerlərinin ekoloji təmizliyinə nəzarətin təşkili

Dövlət Baytarlıq Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Mütəmadi

5.23.

Heyvanların yaylaq şəraitində  profilaktiki peyvəndləmə tədbirlərinə cəlb edilməsi, müşahidə olunan xəstəliklərə qarşı operativ tədbirlərin həyata keçirilməsi, sərhəd yaşayış məntəqələrində, yataq yerlərində dezinfeksiya tədbirlərinin aparılmasının nəzarətdə saxlanılması

Dövlət Baytarlıq Xidməti

Mütəmadi

5.24.

Müxtəlif növ heyvanların və quşların, eləcə də ayrı-ayrı yaş qrupuna malik heyvanların saxlanılma şəraiti və yeni qəbul edilən heyvanların təsərrüfatlarda   1 ay müddətində təcrid edilmiş halda saxlanılmasının vacibliyi haqqında maarifləndirmə tədbirlərinin aparılması

Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti

Mütəmadi

5.25.

Xüsusi təhlükəli heyvan xəstəlikləri baş verdikdə karantin qoyulan ərazidə qoruyucu karantin, xüsusi baytarlıq və digər tədbirlərin aparılması qaydalarının müəyyən edilməsi

Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti

Mütəmadi


Joomla 1.5