Aztəminatlı ailəyə baş çəkilmişdir

Çap

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sədərək rayon Sədərək kəndində yaşayan aztəminatlı Abbasovlar ailəsinə baş çəkilib.

Ailə ilə görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları bildirmişlər ki, dövlətimiz tərəfindən aztəminatlı ailələrə daim diqqət və qayğı göstərilir. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluqlarının təmin olunması muxtar respublikada həyata keçirilən sosial siyasətin aparıcı  istiqamətlərindən biridir. Eləcə də əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, çoxuşaqlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində  ardıcıl və məqsədyönlü layihələr öz reallığına qovuşur, onlar özünüməşğulluq proqramına cəlb olunurlar. Həmçinin onların həyat və məişət şəraitlərinin yüksəldilməsi üçün aztəminatlı ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, maddi və mənəvi cəhətdən dəstək göstərilir.

Sonra aztəminatlı ailənin yaşayış şəraiti ilə maraqlanılıb, ailə üzvlərinə səyyari tibbi xidmət göstərilib, onlara ərzaq payı, uşaqlara geyim dəsti verilib.

Sonda ailənin üzvü Günel Abbaszadə dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirdi, bu diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.