Muxtar respublikada uşaq hüquqları qorunur

Çap

Bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də möhkəm qanunvericilik bazası yaradılmış, ardıcıl və məqsədyönlü işlər həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz fəaliyyət istiqamətinə uyğun olaraq bütün kateqoriyadan olan uşaqlar kimi hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların da, hüquqlarının və mənafelərinin qorunması istiqamətində müvafiq işlər həyata keçirir. Aparılan işlərin davamı olaraq ilin əvvəlində təsdiq edilmiş Komitənin və Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2020-ci il üçün İş Planına uyğun olaraq Komissiyanın ekspert qrupu tərəfindən 2020-ci il 27 fevral tarixdə Sədərək rayon Sədərək kəndində yaşayan valideyn himayəsindən məhrum olmuş Həsənli Aynur Abbas qızının yaşadığı evdə monitorinq keçirilmişdir. Monitorinqin məqsədi uşağın hüquq və mənafeyinin qorunması, hüquqlarının pozulmasına səbəb ola biləcək halların qarşısının alınmasından ibarətdir. Monitorinq zamanı uşağın sağlamlığı, eləcə də, mənzil və yaşayış, tərbiyə və təhsil şəraiti yoxlanılmış, qəyyum ilə geniş söhbətlər aparılmış, sosial vəziyyəti ilə bağlı hüquq pozulması hallarına rast gəlinməmişdir.

Bundan sonra da Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən müvafiq işlərin həyata keçirilməsi davam etdiriləcəkdir.