Maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” adlı təlim keçirilmişdir.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Komitənin iclas zalında 04 mart 2020-ci il tarixdə  maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” adlı  təlimin birinci günü başa çatmışdır. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova açaraq bildirmişdir ki, muxtar respublikada yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır. Naxçıvan qadınları yaradılmış bütün imkanlardan istifadə edərək təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi, mədəni proseslərdə iştirak edir, dövlət qurumlarında fəaliyyət göstərir, sahibkarlıq sahəsində geniş təmsil olunurlar. Bugünkü təlimin də keçirilməsi qadınların gələcək fəaliyyətlərində öz müsbət təsirini göstərəcəkdir. Aytən Məmmədova çıxışının sonunda təlim iştirakçılarına uğurlar arzulamışdır.

 

Tədbirin mahiyyəti və aktuallığı barədə isə Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova geniş məlumat verərək bu təlimin iştirakçıları üçün mühüm əhəmiyyətdən   ətraflı bəhs  etmişdir.

 

Təlim gündəliyinə uyğun olaraq Pərvin Cümşüdova tərəfindən “Pulların hərəkəti, gəlir və xərclərin təhlili və mövsümülülüyün idarə edilməsi” və “Həyatda baş verən hadisələr, maliyyə hədəfləri və planlaşdırmanın faydası” mövzusunda slaytlar vasitəsilə məlumat vermiş və mövzuya uyğun olaraq iştirakçıların təqdimatları dinlənilmişdir.

Təlimdə 30 nəfər iştirak etmişdir.

Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılmışdır.

Joomla 1.5