Maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” adlı təlim yekunlaşmışdır.

Çap

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” adlı  təlim  04-05 mart 2020-ci il tarixlərində keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova açaraq bildirmişdir ki, muxtar respublikada yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır. Naxçıvan qadınları yaradılmış bütün imkanlardan istifadə edərək təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi, mədəni proseslərdə iştirak edir, dövlət qurumlarında fəaliyyət göstərir, sahibkarlıq sahəsində geniş təmsil olunurlar. Bugünkü təlimin də keçirilməsi qadınların bu gün və gələcəkdə sahibkarlıq fəaliyyətlərinə dəstək göstərilməsidir. Aytən Məmmədova çıxışının sonunda təlim iştirakçılarına uğurlar arzulamışdır.

Tədbirin mahiyyəti və aktuallığı barədə isə Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova geniş məlumat verərək bu təlimin iştirakçılar üçün mühüm əhəmiyyətindən ətraflı bəhs  etmişdir.

Təlim gündəliyinə uyğun olaraq Pərvin Cümşüdova tərəfindən “Pulların hərəkəti, gəlir və xərclərin təhlili və mövsümülülüyün idarə edilməsi” və “Həyatda baş verən hadisələr, maliyyə hədəfləri və planlaşdırmanın faydası” mövzusunda,  Zəhra İsmayılova tərəfindən “Yığım metodları və bacarıqları”, “Təcili hadisələr üçün xərclər və ehtiyat fondu”, “Əmanət alətləri” mövzusunda, Hüseyn Əliyev tərəfindən “Ağıllı borcalma” mövzusunda slaytlar vasitəsilə məlumat verilmiş və mövzuya uyğun olaraq iştirakçıların təqdimatları dinlənilmişdir.

Təlimdə 30 nəfər iştirak etmiş, təlimin sonunda sertifikatlar təqdim olunmuşdur.