Naxçıvanda “Qadınlar və güllər” adlı rəsm sərgisi açılıb.

ÇapE-poçt

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin ərazisində, açıq səma altında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qadınlar və güllər” adlı rəsm sərgisi açılıb.

Tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, qadın adı ülviyyətin, zərifliyin və gözəlliyin rəmzi kimi ölkəmizdə həmişə uca tutulub. Tariximizin hər bir səhifəsi Azərbaycan qadınının müdrikliyi, fədakarlıq və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Milli varlığımızın ifadəsi olan çoxəsrlik milli mənəvi dəyərlərimizin yaranmasında və təşəkkül tapmasında, bu günlərədək yaşadılmasında qadınlarımızın misilsiz xidməti olub. Bu ülvi varlıq hər bir rəssamın yaradıcılığında ilham mənbəyi olub.

Naxçıvan Muxtar Respublikasında qadınların dövlət aparatlarında, seçkili və seçkisiz orqanlarda irəliyə çəkilməsi, onların potensialından istifadə olunması, cəmiyyətimizin aparıcı hissəsi olan qadınların imkanlarından bəhrələnməsi dövlət qadın siyasətinin əsasıdır. Bu gün müasirləşən və inkişaf edən muxtar respublikamızda bütün sahələrdə yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır.

 

Ülviyyə Həmzəyeva çıxışının sonunda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzu edib.

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Yazgül Rzayeva, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Qızlar liseyinin direktoru Aidə Allahverdiyeva, Əməkdar rəssam Məhəmmədəli Ələkbərova çıxış edərək qadınların cəmiyyətdəki rolundan, onlara göstərilən diqqət, qayğıdan danışıb və onlara təbriklərini çatdırıblar.

Sonra sərgiyə baxış olub. Açıq səma altında sərgilənən rəsm əsərləri maraqla qarşılanıb.

Qeyd edək ki, ekspozisiyada 23 rəssamın 50-ə yaxın əsəri nümayiş etdirilib.

Joomla 1.5